YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
18:09 SiyasətHər bir xalqın taleyində bəzən elə məqamlar yetişir ki, zaman sanki öz axarını dayandırır və cəmiyyətin bütün təbəqələri sabahın nə gətirəcəyini dərin təşviş və narahatlıqla gözləyir. 1990-cı illərin əvvəllərində Azərbaycan məhz belə bir taleyüklü sınaq və ağır böhran dövrünü yaşadı. Xalqımızın uzun illər boyu həsrətində olduğu və yenidən bərpa etdiyi dövlət müstəqilliyinin sevinci hələ tam yaşanmamış, ölkə dərin ictimai-siyasi böhran, kəskin iqtisadi tənəzzül, xaos və torpaqlarımızın işğalı kimi real təhlükələrlə üz-üzə qaldı. Müstəqilliyimizin bərpasının ilk illərində hakimiyyəti silah gücünə ələ keçirmiş AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəyinin, idarəçilik qabiliyyətinin yoxluğunun hansı problemlərə, təhlükələrə səbəb olduğu tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında hər zaman diqqəti həmin dövrün reallıqlarına yönəldir və bu çağırışı edir ki, o dövrü bilməyən gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
O illərdə idarəetmədə mövcud olan boşluq, səriştəsizlik, cəmiyyətdəki dərin parçalanma və vətəndaş qarşıdurması təhlükəsi insanların sabaha olan inamını sarsıtmış, ölkədə ümidsizlik mühiti yaratmışdı. Dövlətçiliyin varlığı və gələcəyi ciddi sual altında idi. Xalq bu ağır vəziyyətdən çıxış yolu, ölkəni fəlakətdən xilas edəcək güclü siyasi iradə və lider axtarışında idi. Məhz belə bir mürəkkəb və məsuliyyətli tarixi şəraitdə cəmiyyətin ən həssas təbəqəsi olan ziyalılar ölkənin uçuruma doğru getdiyini aydın görürdülər. Susmaq və baş verənləri kənardan izləmək artıq mümkün deyildi. 1992-ci ilin oktyabrında ölkənin tanınmış elm, mədəniyyət və ictimai xadimlərindən ibarət 91 nəfər ziyalı tarixi məsuliyyəti öz üzərinə götürərək Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladılar. Tarixə "91-lər"in müraciəti kimi yazılan bu məktub əslində milyonlarla sadə azərbaycanlının ürəyindən keçən arzuların ifadəsi idi. Ziyalılar Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi və Azərbaycanı bu ağır sınaqdan çıxarmağı xahiş edirdilər. Bu müraciət həm də cəmiyyətdə böyük bir cəsarət nümunəsi və milli birliyə çağırış idi. Cənab İlham Əliyev çıxışlarında, o cümlədən Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı proqram xarakterli nitqində bu müraciətin əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, o vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar - məşhur "91-lər" Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi.
Reallıq budur ki, 1992-ci ilin noyabr ayında ölkəmizin ictimai-siyasi həyatında yeni bir mərhələyə yol açıldı. Həmin dövrdə Azərbaycanın üzləşdiyi dərin siyasi, iqtisadi və hərbi böhran şəraitində ölkənin 91 nəfər tanınmış ziyalısının müraciətinə Ümummilli Lider Heydər Əliyevin müsbət cavabı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, bugünkü və gələcək inkişafının möhkəm təməli oldu. Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev bu siyasi təşkilatın xalqın iradəsini ifadə edən, ölkəni xaos və parçalanma təhlükəsindən xilas etməyə qadir olan aparıcı qüvvəyə çevriləcəyini uzaqgörənliklə müəyyənləşdirmişdi. 1992-ci ilin noyabrında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası zamanın çağırışına cavab verən tarixi zərurət kimi meydana çıxdı. YAP ən çətin gündə xalqın axtardığı nicat yolunun, milli birliyin, dövlətçilik təfəkkürünün və gələcəyə yönəlmiş ümid işığının təcəssümünə çevrildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrilərək, dövlətçilik ənənələrinin bərpasında, milli həmrəyliyin möhkəmləndirilməsində və ölkəmizin dayanıqlı tərəqqi yoluna çıxmasında həlledici rol oynadı. Müxalifət partiyası kimi fəaliyyətə başlayan YAP çox qısa müddətdə cəmiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirə bildi. Çünki insanlar bu partiyanın proqramında öz sabahlarını, sabitliyi və güclü dövləti görürdülər.
Yeni Azərbaycan Partiyasının yaradılmasından heç yeddi ay keçməmiş Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla da həm müstəqil Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni və həlledici mərhələnin əsası qoyuldu. Ölkənin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Ulu Öndərin zəngin dövlətçilik və idarəçilik təcrübəsi, xalqına və Vətəninə olan sonsuz sevgisi ölkəni dərin böhrandan xilas etdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğu istiqamətində köklü islahatlar aparıldı, "Əsrin müqaviləsi"nin imzalanması ilə enerji diplomatiyamızın davamlı uğurlarına yol açıldı. İşğalçı Ermənistanla atəşkəs rejiminin əldə olunmasından sonra nizami ordunun formalaşdırılmasına başlanıldı və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri gücləndi. Bu gün artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ulu Öndərin qarşıya qoyduğu əsas hədəflərdən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması idi. Onun hər bir xarici ölkəyə səfəri Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılması ilə tarixə yazıldı. Ümummilli Lider Heydər Əliyev Qarabağ məsələsini dünyanın nüfuzlu təşkilatlarının gündəminə gətirdi, bununla bağlı qərar və qətnamələrin qəbuluna nail oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin, həmrəyliyinin təmin edilməsinə yönələn diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ulu Öndərin Azərbaycanı daim zirvələrdə görmək istəyi və qətiyyəti bugünkü qüdrətli, qalib, suveren Azərbaycanın möhkəm təməlinin formalaşdırılmasını şərtləndirdi. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs və dövlətçilik ideologiyası ətrafında birləşən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin ən böyük və aparıcı siyasi qüvvəsinə çevrildi. Ümummilli Lider ilk gündən partiyanın gələcəyinə inamını "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" çağırışı ilə ifadə etdi. Partiyanın qət etdiyi 34 illik yol bu inamın doğrulduğunun parlaq təcəssümüdür. Azərbaycanın uğurlarında payı olan, müstəqillik tariximizdə keçilən yolun bələdçisinə çevrilən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında yüz minlərlə üzvü birləşdirməsi bu partiyaya xalqın böyük inamını və etimadını ehtiva edir. YAP ümumxalq partiyası kimi qazandığı nüfuzu real addımları ilə təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılmış möhkəm dövlətçilik təməli və müəyyənləşdirilmiş hərtərəfli inkişaf strategiyası müasir Azərbaycanın uğurlarının əsasını təşkil edir. Bu siyasi kursun son 23 ildə Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun, ardıcıl və uğurla davam etdirilməsi ölkəmizi keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarmışdır. Məhz bu məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün tarixi Zəfərinə imza atmış, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycan yaranmış yeni geosiyasi reallıqlar fonunda təkcə Cənubi Qafqaz regionunda deyil, həm də qlobal miqyasda yeni gündəlik formalaşdıran və mühüm təşəbbüslərlə çıxış edən aparıcı aktor kimi çıxış edir. Regionda uzunmüddətli, dayanıqlı sülhün və təhlükəsizlik arxitekturasının qurulması istiqamətində atılan addımlar yeni regional və beynəlxalq əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Nəqliyyat-logistika dəhlizlərinin genişləndirilməsi, enerji təhlükəsizliyinə verilən töhfələr və iqtisadi inteqrasiya layihələri Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini daha da gücləndirir. Bütün bu amillər Azərbaycanın beynəlxalq arenada söz sahibliyini möhkəmləndirir, ölkəmizi etibarlı tərəfdaşa çevirir və müasir dövrün qlobal çağırışlarının, o cümlədən iqlim dəyişiklikləri, enerji keçidi və humanitar məsələlərin həllində fəal və mühüm rol oynamasını təmin edir. Bu gün paytaxt Bakının, həmçinin işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindəndir. Bütün bu mühüm nailiyyətlər Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərini müəyyənləşdirən və strateji hədəflərini açıqlayan Proqramında öz dolğun əksini tapır.
Partiyanın yarandığı ilk dövrlərdə qəbul edilmiş Proqramında həmin tarixi mərhələnin çağırışlarına və tələblərinə uyğun strateji məqsədlər müəyyən olunmuşdu. Zamanın sınağından uğurla çıxan həmin hədəflər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə tam şəkildə reallaşdırıldı və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Məhz bu tarixi Qələbənin yaratdığı yeni reallıqlar və qarşıda duran müasir vəzifələr fonunda 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirildi. Qurultayda çıxış edən ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev postmüharibə dövrünün reallıqlarını və yeni çağırışları özündə ehtiva edəcək yeni Proqramın hazırlanması ilə bağlı müvafiq tapşırıqlarını verdi. YAP-ın VII Qurultayında qəbul edilən tarixi qərarlara əsasən, partiyanın fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq məqsədilə yeni Nizamnaməsi təsdiq olundu. Bununla yanaşı, partiyanın 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və yeni təsisat olaraq 35 nəfərlik tərkibdə YAP-ın Veteranlar Şurası formalaşdırıldı. Həmçinin Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin 2021-ci il 5 mart tarixli müvafiq Sərəncamı ilə Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. İctimai-siyasi dairələr tərəfindən böyük rəğbətlə qarşılanan bu mühüm təyinat həm yüksək etimadın, həm də müasir Azərbaycanın dövlət siyasətində qadınların roluna və fəallığına göstərilən xüsusi diqqətin bariz təcəssümü kimi dəyərləndirildi.
Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. YAP-ın yeni Proqramı "Partiyanın inkişafı və uğurları", "Siyasi dəyərlər və prinsiplər", "Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları", "Partiyanın əsas hədəfləri" və "Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya" adlanan 5 fəsildən ibarətdir. Partiyanın strateji hədəflərinə gəldikdə bunlar "Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi", "Güclü iqtisadiyyat və davamlı inkişaf", "İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı", "Şəffaflığın artırılması", "Vətəndaş cəmiyyətinin inkişafı", "Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi", "Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması", "Vətəndaş həmrəyliyinin təminatı", "Milli maraqlar və xarici siyasət", "Ordu quruculuğu" və "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış"dır. "Biz birlikdə güclüyük!" devizi əsasında yeni Proqramını cəmiyyətə təqdim edən Yeni Azərbaycan Partiyasının son beş ildə, yəni VIII Qurultayın keçirilməsinə qədərki dövrdə fəaliyyətinin xronologiyasına diqqət yetirdikdə YAP-ın ölkənin ictimai-siyasi həyatında oynadığı aparıcı rolun cəmiyyətimizə qazandırdığı uğurların miqyasını açıq-aydın görmək olur. Tarixə Zəfər Qurultayı kimi yazılan Yeni Azərbaycan Partiyasının VII Qurultayından, başqa sözlə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra bu ilin 2 oktyabr tarixində keçirilən VIII Qurultayadək uzanan dövr Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ kimi səciyyələnir. Bu mərhələ 2023-cü ilin sentyabrında ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpası, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramının, genişmiqyaslı quruculuq işlərinin icrası, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi əsasında regionda dayanıqlı sülh və təhlükəsizlik mühitinin formalaşdırılması ilə yadda qaldı. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş çərçivəsində "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" layihəsinin paraflanması və Birgə Bəyannamənin imzalanması normallaşma prosesində mühüm diplomatik addım oldu. Bu razılaşmalar çərçivəsində tərəflər qarşılıqlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını tanıdıqlarını, güc tətbiq etməkdən çəkindiklərini təsdiqlədilər, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına dair müraciət və nəqliyyat kommunikasiyalarının, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının açılması istiqamətində addımlar razılaşdırıldı.
Bu mühüm məqamı da qeyd edək ki, Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Bu qürurverici hadisəni də xüsusi vurğulamaq lazımdır ki, ərazi bütövlüyünmüzün və suverenliyimizin tam bərpasından sonra müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazində prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Seçkilərin nəticələri xalqın YAP-a olan yüksək etimadının bir daha göstəricisi oldu. Belə ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Prezident seçildi. 2024-cü il sentyabrın 1-də keçirilən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazandı. 2025-ci il yanvarın 29-da isə keçirilən bələdiyyə seçkilərində partiyadan 5855 nəfər bələdiyyə üzvü seçildi. Sözlə əməl birliyi, tutduğu yola sadiqlik YAP-a olan inamı və etimadı şərtləndirən əsas amillərdən biridir.
YAP-ın bu ilin oktyabr ayının 2-də keçirilən VIII Qurultayı ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra partiyanın ilk qurultayı kimi yeni tarixi mərhələnin və qarşıdakı strateji hədəflərin ümumiləşdirilmiş ifadəsi oldu. VIII Qurultayı, həmçinin qeyd etdiklərimizin məntiqi yekunu və ümumiləşdirilmiş ifadəsi adlandırmaq olar. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ilk dəfə Qurultayını keçirən Yeni Azərbaycan Partiyası bu mühüm addımı ilə ölkənin ictimai-siyasi həyatında yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident, YAP Sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışında vurğuladığı kimi, əvvəlki dövrün əsas məqsədi işğala son qoymaq və suverenliyi tam bərpa etmək idisə, artıq əsas vəzifə qazanılan Zəfəri möhkəmləndirmək, təhlükəsizliyi və müdafiə qabiliyyətini artırmaqdır. Yeni dövrün prioritetləri sırasına Böyük Qayıdışın davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması və dayanıqlı yaşayış mühitinin yaradılması, müdafiə qabiliyyətinin və hərbi gücün artırılması, dövlət müstəqilliyinin etibarlı qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gəlirlərin artırılması və iqtisadi imkanların genişləndirilməsi və sair daxildir. Həmçinin Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, YAP İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirildi və üzvləri seçildi.
Şübhəsiz, Yeni Azərbaycan Partiyasının qət etdiyi 34 illik şərəfli yolu bir yazıda əhatə etmək mümkün deyil. Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının illər ərzində qazandığı uğurları sadalamaqla bitməz. Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında söylədiyi "Qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi" fikirləri Yeni Azərbaycan Partiyasının 34 illik inkişaf yolunun ümumiləşdirilmiş ifadəsidir.
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı, "91-lər"in üzvü