Almaniya ilə iqtisadi əməkdaşlıqda yeni mərhələ: İnvestisiya və texnologiya- ÖZƏL
17:38 SiyasətAzərbaycan-Almaniya münasibətlərində siyasi dialoqun iqtisadi əməkdaşlıqla möhkəmləndirilməsi yeni perspektivlər yaradır. Xüsusilə investisiya və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər. Bu məsələ bu gün Bakıda xarici işlər naziri Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında keçirilən görüşdə və media üçün brifinqdə də diqqət mərkəzində olub.
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından hansı sahələr daha böyük potensiala malikdir? Almaniya şirkətlərinin Azərbaycana investisiya marağının artması üçün hansı imkanlar mövcuddur? Bu əməkdaşlığın Azərbaycanın qeyri-neft sektorunun inkişafına, ixrac potensialına və Avropa bazarına inteqrasiyasına təsiri necə ola bilər? Azərbaycanın Almaniya ilə iqtisadi əlaqələrini daha da dərinləşdirmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:
" Almaniya ilə iqtisadi münasibətlərdən danışarkən mən həmişə daha çox texnologiya və sənaye sahələrinə yatırılan investisiyaların Azərbaycan iqtisadiyyatına daxil olmasını düşünmüşəm. Çünki ölkə iqtisadiyyatının şaxələndirilməsi və Almaniya texnologiyalarının ölkəmizə gətirilməsi böyük dəyişikliklər yarada bilər. Almaniya Avropanın aparıcı sənaye və texnologiya mərkəzlərindən biridir. Azərbaycanın isə enerji ehtiyatları, iqtisadi potensialı və inkişaf etməkdə olan qeyri-neft sektoru vardır.
Ölkələr arasında ticarət dövriyyəsi 1,4 milyard dollardır və Azərbaycana 937,5 milyon dollarlıq investisiya yatırılıb. Ölkəmizdə 250-dən artıq şirkət fəaliyyət göstərir. Almaniya investisiyalı müəssisələrin fəaliyyəti və onların iqtisadiyyata töhfəsi də ayrıca araşdırılmalı məsələlərdir. Amma bütün hallarda bu rəqəmlər ciddi iqtisadi bazanın mövcud olduğunu göstərir. 2025-ci ildə qeyd etdiyim 1,4 milyard dollarlıq ticarət dövriyyəsi əvvəlki dövrlə müqayisədə 14,15 faiz azalıb. Yəni əməkdaşlıqda dayanıqlılıq yoxdur. Buna görə də bir çox istiqamətlərə ciddi önəm verilməlidir. Onlardan bir neçəsini xüsusi vurğulamaq istəyirəm: enerji, sənaye və texnologiya, nəqliyyat-logistika və kənd təsərrüfatı. Bu dörd sahə Almaniya texnologiyalarının ölkəmizə gətirilməsi və inkişafı üçün çox ciddi perspektivlər yaradır.
Ümumiyyətlə, investorların marağını cəlb etmək üçün əlverişli şərait yaradılmalıdır. Onlarda əminlik olmalıdır ki, mülkiyyət toxunulmazlığı təmin edilir və heç kim onların fəaliyyətinə mane olmayacaq. Ölkədə sabitliyin və təhlükəsizliyin mövcudluğuna əmin olduqdan sonra maliyyə təhlili gəlir: nə qədər qazanc əldə edəcəklər, xərcləri və gəlirləri necə olacaq, gəlirləri xərclərini qarşılayacaqmı və s.
Bir daha vurğulamaq istəyirəm ki, burada əsas məsələ texnologiyanın və istehsal mədəniyyətinin ölkəmizə transferidir. Bu, sonradan digər istiqamətlərə də ciddi töhfələr verə bilər. Buna görə də Almaniya investisiyalarının Azərbaycan iqtisadiyyatına daxil olması yeni imkanlarla yanaşı, digər müəssisələrin inkişafına da təsir göstərə bilər.
İkinci məsələ isə ixracımızın keyfiyyəti baxımından əhəmiyyətlidir. Alman müəssisələrinin ölkəmizdə qurulması Azərbaycanın ixrac etdiyi məhsulların keyfiyyətinin artması deməkdir".
Zeynəb Mustafazadə