Professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub
18:41 SosialAMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış alim, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub.
Olaylar.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli alimin Azərbaycan dilçiliyinin inkişafında xidmətlərindən danışıb. O bildirib ki, İsmayıl Məmmədlinin elmi yaradıcılığında xalqın məişətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini və Azərbaycan dilinin zənginliyini əks etdirən araşdırmalar xüsusi yer tutur.
Akademik alimin leksikologiya, etnolinqvistika və onomologiya sahələrində apardığı tədqiqatları, çoxsaylı kitab, monoqrafiya, lüğət və elmi məqalələrin müəllifi olmasını diqqətə çatdırıb. Onun Azərbaycan dilinin etnoqrafik leksikasına həsr olunmuş doktorluq dissertasiyasını dilçilik elminin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib. İsa Həbibbəyli, həmçinin alimin elmi-pedaqoji fəaliyyətini, yetirmələrini və şəxsi keyfiyyətlərini yüksək dəyərləndirib. Sonda yubilyara AMEA-nın Fəxri Fərmanı təqdim olunub.
Tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli isə İsmayıl Məmmədlinin Azərbaycan lüğətçiliyinin inkişafındakı xüsusi xidmətlərindən bəhs edib. Onun "Azərbaycan dilinin orfoqrafiya lüğəti", "Yeni sözlər və yeni mənalar lüğəti", "Azərbaycan dilinin məcazlar lüğəti" kimi nəşrlərin hazırlanmasında, eləcə də dördcildlik "Azərbaycan dilinin izahlı lüğəti"nin ərsəyə gəlməsində mühüm rol oynadığını vurğulayıb.
Nadir Məmmədli professor İsmayıl Məmmədlinin zəngin elmi irsi ilə yanaşı, Azərbaycan dilçiliyində özünəməxsus lüğətçilik məktəbi yaratdığını qeyd edib.
Yubiley tədbirində, həmçinin filologiya elmləri doktorları və digər alimlər çıxış edərək İsmayıl Məmmədlinin elmi yaradıcılığı, tədqiqat istiqamətləri, lüğətçilik fəaliyyəti və şəxsiyyətindən bəhs edən məruzələr təqdim ediblər.