"Leksik kasıblıq": Niyə hamımız eyni 100 sözlə danışırıq? - MÜSAHİBƏ
9 Yanvar 18:25 SosialBir vaxtlar sevincin, kədərin, heyrətin, qəzəbin onlarla çaları vardı. İndi isə hər şey "superdir", "şokdur", "pisdir", "normaldır". Sevinirik - "əladı". Kədərlənirik - "pis oldum". Hirslənirik - "əsəbləşdim". Sosial mediada duyğular bir cümləyə, cümlələr isə bir neçə sözdən ibarət statuslara çevrilib. Getdikcə hamımız eyni sözlərlə danışır, eyni reaksiyaları veririk. Sual yaranır: dil niyə bu qədər sadələşdi və bu sadələşmə nəyi itirir?
Müasir insan tələskəndir. Oxumağa yox, baxmağa; düşünməyə yox, reaksiya verməyə köklənib. Sosial şəbəkələr mətnləri qısaltdı, cümlələri ixtisar etdi, sözləri isə emojilərlə əvəzlədi. Bir vaxtlar hissləri təsvir etmək üçün cümlələr qurulurdu, indi isə bir ürək işarəsi, bir alov emojisi kifayət edir.
Dil isə zamanla sürətə tab gətirmək üçün "yorulur". Uzun izahlar, sinonimlər, bənzətmələr artıq "vaxt itkisi" kimi görünür. Nəticədə, zəngin söz ehtiyatı gündəlik danışıqdan çəkilir, yerini təkrarlanan, universal, emosional baxımdan səthi sözlərə verir.
Sosial media təkcə ünsiyyət vasitəsi deyil, həm də emosiya ölçən platformadır. Hisslərin dəyəri "like" sayı ilə ölçülür. Bu isə insanları daha çox başa düşülən, hamı tərəfindən eyni cür qəbul edilən sözlərdən istifadə etməyə vadar edir. Çünki mürəkkəb cümlə düşüncə tələb edir, düşüncə isə sürətli istehlak mədəniyyətinə uyğun deyil. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də düşüncənin evidir. İnsan nə qədər az söz bilirsə, düşüncəsini bir o qədər dar çərçivədə ifadə edir. Mürəkkəb hissləri sadə sözlərlə anlatmaq mümkün deyil. Bu zaman insan ya susur, ya da hisslərini yanlış, səthi formada çatdırır. Psixoloqlar qeyd edirlər ki, emosional söz ehtiyatı zəngin olan insanlar öz hisslərini daha yaxşı anlayır və idarə edir. Əks halda, "pisəm", "yaxşıyam" kimi ümumi ifadələr insanın öz daxili vəziyyətini dəqiqləşdirməsinə imkan vermir. Dil kitablarla nəfəs alır. Oxu mədəniyyəti zəiflədikcə, dil də kasadlaşır. Sosial media istifadəçisi gündə yüzlərlə cümlə görür, amma onların əksəriyyəti eyni strukturdadır, eyni sözlərdən ibarətdir. Klassik ədəbiyyatın, publisistikanın, esse janrının yerini status dili tutur. Bir zamanlar mətndə işlənən "təəssüf", "heyrətamiz", "mübhəm", "incə", "təlatümlü", "ruhsuz", "dərin" kimi sözlər indi yalnız rəsmi mətnlərdə və ya ədəbiyyat dərsliklərində qalıb. Sosial şəbəkələrin algoritmləri sadə, tez reaksiya doğuran mətnləri önə çıxarır. Uzun, analitik yazılar daha az görünür, daha az paylaşılır. Bu isə kontent istehsalçılarını da sadələşməyə məcbur edir. Nəticədə, dil təkcə istifadəçilərin deyil, platformaların diktəsi ilə dəyişir. Hamının eyni sözlərlə danışması təkcə dil problemi deyil, həm də fikir müxtəlifliyinin azalmasıdır. Söz müxtəlifliyi düşüncə müxtəlifliyini yaradır. Əgər hamı eyni 100 sözlə danışırsa, fərqli baxış bucaqları da yoxa çıxır. Bu, cəmiyyətin tənqidi düşünmə qabiliyyətinə də təsir edir. Çünki mürəkkəb problemlər sadə sözlərlə izah ediləndə, həll yolları da primitivləşir.
Dil öz-özünə kasadlaşmır, biz onu kasadlaşdırırıq. Çıxış yolu isə yenə də bizim seçimlərimizdədir: Daha çox oxumaq; status yox, mətn yazmaq; uşaqlarla "uşaq dili" yox, zəngin dil ilə danışmaq; emojilərlə yox, sözlərlə hissləri ifadə etmək; eyni sözü yox, sinonimini axtarmaq.
Sözlər yalnız səs deyil. Onlar yaddaşdır, kimlikdir, mədəniyyətdir. Dil kasadlaşdıqca, insan da özünü izah etməkdə çətinlik çəkir. Özünü izah edə bilməyən insan isə zamanla özünü anlamaqda da aciz qalır. Bəlkə də problem ondadır ki, biz artıq danışmırıq - reaksiya veririk. Amma dil reaksiya yox, düşüncə tələb edir. Düşüncəni qorumaq üçün isə sözlərimizi geri qaytarmalıyıq. Çünki dili itirən cəmiyyət, öz dərinliyini də itirir.
Mövzu ilə bağlı tərcüməçi və redaktor Aygün Əziz suallarımızı cavablandırıb:
-Sosial şəbəkələrin sürət və qısa format tələbi (post, status, şərh) dilimizin lüğət tərkibini necə dəyişir və bu proses təbii dil inkişafıdır, yoxsa təhlükəli sadələşmə?
Haqlı narahatlıqdır. Sosial şəbəkələrin bu tələbləri dildə dəyişikliklərə səbəb olur və nəticədə rəsmi olaraq dilin lüğət tərkibinə daxil olmayan, edilməsi də - ən azından bizdə - nəzərdə tutulmayan, dilçilər və ədəbiyyatçıların qınadığı yeni növ akronimlər, abreviaturlar, lüzumsuz qısaltmalar ortaya çıxır. Emoji və stikerlər də çox populyardır. İstəsək də, istəməsək də bu, bütün dünyada qarşısıalınmaz təbii prosesdir, rəqəmsal dünyada sadə, sürətli və səmərəli ünsiyyət ehtiyacını təmin edir. Lakin şəxsən mənim düşüncəmə görə, bunlar istifadəçilərin yazılı və şifahi nitqinə xələl gətirən təhlükəli sadələşmələrdir. Əlbəttə, dil mahiyyət etibarilə daim inkişaf edir, elm-texniki tərəqqi özü ilə yeni söz, ifadə və qısaltmalar gətirir. Bunlara qarşı getmək olmaz. Bu cür dəyişikliklər qloballaşan dünyada geniş əhatə imkanları yaradır. Lakin mütəmadi olaraq hamımızın rast gəldiyi, tanış-bilişlərimizin müxtəlif platformlarda yazışarkən və ya social şəbəkələrdə rəy yazarkən istifadə etdiyi "slm" (salam), "tşk" (təşəkkür), "z.o" (zəhmət olmasa), "1-1inə" (bir-birinə) kimi qısaltmalar heç də xoş deyil.
-Emosiyaları ifadə etmək üçün getdikcə eyni 3-5 sözə və emojilərə müraciət etməyimiz dilin semantik zənginliyinə hansı uzunmüddətli təsirləri göstərə bilər?
Emojilər rəqəmsal mühitdə artıq hər birimizin emosiyalarını maraqlı və bizim üçün rahat formada ifadə etmək üçün həvəslə işlətdiyi qeyri-verbal ünsiyyət alətləridir. İstifadə tezliyini, ötürülən fikirdə yerinə yetirdiyi funksiyaları araşdırmağa dəyər. Lakin bunlarla da qısaltmalarda olduğu kimi ehtiyatla davranmaq lazımdır. Əks təqdirdə bu, mürəkkəb hisslərin, yaxud emosiyaların fərqli qatlarını ifadə etmək üçün lazım olan sözlərin unudulmasına, ümumişləklikdən çıxmasına, nitqdə vacib olan sözlərin ixtisar edilməsinə gətirib çıxaracaq.
-Bu gün gənclərin aktiv söz ehtiyatının azalması məktəb, ailə və oxu mədəniyyəti ilə bağlı problemdir, yoxsa rəqəmsal mühit artıq dili yenidən formalaşdıran əsas gücə çevrilib?
Bəli, birmənalı olaraq oxu vərdişlərinin azalması, hətta aradan qalxması, test sisteminə köklənmək, virtual dünyaya aludəçilik, tələskənlik, hövsələsizlik əsas səbəblərdəndir. Gənclərimizin, əsasən, mütaliə edənlərin şifahi və yazılı nitqinin korlanmasına təsir edən amillərdən biri də öz dilində ədəbiyyat oxumamasıdır. Məsələn, tanıdığım çox gənclər var ki, türk dilində kitablar qiraət edirlər, nəticədə öz dillərinin orfoqrafiya və qrammatika qaydalarını unudurlar. Bu, yaxşı hal deyil. Lakin bu mənada ən çox zərər rəqəmsal mühitdən gəlir. Araşdırmalar göstərir ki, sadələşdirilmiş forma və işarələrdən istifadə edən gənclər mürəkkəb fikirləri, dərin emosiyaları dolğun ifadə etməkdə çətinlik çəkirlər. Bu, gənclərdə formal yazı və nitq bacarıqlarının zəifləməsinə gətirib çıxarır. Bu tək bizim üçün problem deyil. Bütün dünyada həyəcan təbili çalınır.
-Əgər bu tendensiya davam edərsə, gələcəkdə dilimizdə düşüncənin dərinliyi və nüanslı ifadə imkanları itə bilərmi, yoxsa dil yeni reallığa uyğunlaşaraq başqa yollarla zənginləşəcək?
Bədbin görünmək istəməsəm də, bu məsələdə nikbin fikir də söyləyə bilmirəm. Hər iki ehtimal mümkündür. Müşahidələrimə əsasən bu qənaətə gəlmişəm ki, azsaylı sözlər, sadələşdirilmiş ifadə vasitələri, emoji və stikerlərdən mütəmadi istifadə nüanslı düşüncəni zəiflədə, sözlər arasındakı incə fərqləri ayırd etmək bacarıqlarının itməsinə səbəb ola bilər. Qarşısı alınmasa, əlbəttə, dil bu xoşagəlməz reallığa uyğunlaşacaq, ona müvafiq "zənginləşəcək", amma bu cür yenilik və inkişaf bizim ürəyimizcə olmayacaq.
Lamiyə Cəbrayılova