Rusiya-Qərb rəqabətində Ermənistan amili: İrəvanı hansı gələcək gözləyir?- ÖZƏL
16:12 SiyasətRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Rusiyaya qarşı alət kimi əhəmiyyətini itirəcəyi halda Qərbin İrəvana verdiyi vədlərdən imtina edəcəyini və Qərbə inteqrasiyanın Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsi fonunda Ermənistanda ciddi daxili böhrana səbəb ola biləcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Rusiya Təhlükəsizlik Şurası sədr müavini D. Medvedevin Qərb-Ermənistan münasibətlərinin perspektivləri barədə açıqlamaları göstərir ki, AB Rusiyanın Ukrayna ilə müharibəsindən yararlanmağa çalışaraq Ermənistanın Avropaya inteqrasiyası ilə bağlı prosesləri sürətləndirməyə çalışır və bu amil də Qərb-Rusiya qarşıdurmasında postsovet məkanında geosiyasi nüfuz uğrunda mübarizəni dərinləşdirir.
Rusiyanın son iki ildə Ermənistanla ticarət münasibətlərinin dinamikasına nəzər salmaq kifayətdir ki, Ermənistan uğrunda geosiyasi çarpışmanın doğurduğu reallıqları izləyə biləsən.
Ermənistanın Rusiya ilə iqtisadi-ticarət münasibətlərinin dövriyyəsi 2026-cı ilin ilk kvartalı üçün 2,196 milyard dolları təşkil edib, halbuki bir il əvvəl bu 12 milyard, 2024-cü ildə isə 8 milyard dollar olmuşdur.
Ermənistanın AB ilə ticarət münasibətlərinin 2025-ci il üçün ümumi həcmi isə 2,2 milyard avro olub. Bu müqayisə Ermənistanın bir dövlət olaraq gəlirlərində Rusiya faktorunun AB ilə müqayisədə böyük üstünlüyünün göstəricisi kimi diqqətə layiqdir.
Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracatı təxminən 496 milyon dollara bərabərdir. Rəsmi İrəvanın AB-yə inteqrasiyası ilə bağlı mövqeyi təbii ki, Rusiyada qıcıq yaradır, nəticə etibarilə fitosanitar, sanitariya qaydaları adı altında Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daxil olmasının qarşısını alır və bundan da ermənistanlı fermerlər, iş adamları narazı qalırlar.
Rusiyanın iqtisadi təzyiqlərinin doğurduğu reallıqlar - Ermənistana dəyən ziyanın kompensasiya ediləcəyi ilə bağlı AB Ermənistana 52 milyon yardım paketi ayıracağını bildirib, onun 34 milyonu artıq ödənilib. Ümumiyyətlə isə AB 288 milyon avro müqabilində "Ermənistanın suverenliyini satın almaq", onun geosiyasi orientasiyasını dəyişmək fikrindədir.
Üstəlik nəzərə almaq lazımdır ki, Ermənistan AB üçün həm də satış bazarıdır. AB Ermənistana 1,6 milyard dollar müxtəlif təyinatlı məhsullar (maşınqayırma, kimya, əczaçılıq və s.) ixrac etdiyi halda, Ermənistan AB ölkələrinə 667 milyon dollarlıq məhsul (kənd təsərrüfatı, şərabçılıq, müxtəlif metallar və s.) ixrac etmişdir.
Bütün bunların kontekstində Ermənistanın enerji təminatında Rusiya faktoru (qazla təminatın 86 faizi) AB-nin bu sahədə yarana biləcək boşluğu doldura bilməyəcəyini göstərir. AB isə əsasən neft və qaz idxalçısı kimi tanınır və Ukrayna ilə müharibənin başlanmasına qədər Rusiyanın onun qaz təminatında payı 34-36 faiz təşkil edirdi.
AB-nin Ermənistanla bağlı siyasəti belə bir fikri səsləndirməyə əsas verir: bu ölkə Avropa kapitalının Cənubi Qafqaza ekspansiyası üçün platforma olaraq seçilib. Ermənistan uğrunda onun Rusiya ilə geosiyasi qarşıdurmasının əsas səbəblərindən biri də məhz xammal mənbələrinə, satış bazarlarına, tranzit yollara (özü də Rusiya ərazisindən yan keçməklə) çıxış və s. ilə əlaqədardır.
Zamanında Ermənistanda filantrop və milyarder Sorosun maliyyə dəstəyi ilə baş tutan məxməri inqilab da məhz burada Rusiya ilə sıx əlaqələrə malik sabiq siyasi elitanın hakimiyyətdən kənarlaşdırılmasına (bu elitanın korrupsiyaya qurşanması onun xalqın etiraz aksiyaları ilə iqtidardan uzaqlaşdırılmasında Qərb üçün sosial dayaq rolunda çıxış etmişdir) imkan vermişdir.
Etiraf etmək lazımdır ki, Qərbin maliyyə dəstəyi ilə Paşinyanın bu ölkədə "demokratikləşdirmə" adı altında apardığı islahatlar Paşinyana ermənilər tərəfindən verilən sosial, siyasi dəstəyin səbəblərindən biridir. Ermənistanda yoxsulluq həddində yaşayanlar əhalinin 21 faizini təşkil etsə də, orta təbəqənin xüsusi çəkisinin tədricən artması, ÜDM-in adambaşına düşən göstəricilərinə görə Ermənistanın Cənubi Qafqazda ikinci ölkə olması Rusiyanı Ermənistanla bağlı münasibətlərinə kardinal dəyişikliklər etmək məcburiyyətində qoymalıdır. Hazırda Paşinyana dəstək verməklə isə Qərbdəki qlobalistlər Rusiyanı MDB məkanında daha bir münaqişəyə sürükləməyə cəhd göstərirlər".
Zeynəb Mustafazadə