Enerji keçidi və diversifikasiya: Neft Fondunun Peru addımı nə vəd edir? – ÖZƏL

İqtisadçı Bella Bəşirova: "Azərbaycan neft gəlirlərini yalnız istehlak olunan gəlir kimi deyil, gələcəkdə də gəlir gətirəcək qlobal aktivlərə çevirməlidir. Inkia investisiyası bu baxımdan Azərbaycanın enerji sektorundan əldə etdiyi gəlirləri qlobal enerji infrastrukturuna yönəltməsinin nümunəsidir."

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiya şirkəti "I Squared Capital" ilə tərəfdaşlıq çərçivəsində Perunun aparıcı elektrik enerjisi istehsalçılarından olan "Inkia Energy" şirkətinə investisiya edib. 2026-cı ilin fevralında "Canada Pension Plan Investment Board" şirkətin 50 faiz payını əldə edib. Qalan 50 faiz pay isə ARDNF-nin də iştirak etdiyi investisiya strukturu vasitəsilə satın alınıb. 2,6 QVt gücündə elektrik enerjisi istehsal edən "Inkia Energy" Perunun elektrik istehsalının təxminən 22 faizini təmin edir. Şirkətin 4 QVt-dan çox inkişaf portfeli əsasən bərpa olunan enerji layihələrindən ibarətdir.

Maraqlıdır, Peru kimi Latın Amerikası bazarına daxil olmaq ARDNF üçün hansı riskləri və gəlir imkanlarını yaradır və bu investisiya gələcəkdə Fondun digər regionlarda fəaliyyətinin genişlənməsinə səbəb ola bilərmi?

"Bu investisiyanı ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun investisiya strategiyasının şaxələndirilməsi baxımından qiymətləndirmək lazımdır. Azərbaycan uzun illər neft və qaz ixracından böyük gəlirlər əldə edib. Əsas məsələ həmin gəlirlərin yalnız cari xərclərə deyil, gələcək nəsillər üçün uzunmüddətli maliyyə aktivlərinə çevrilməsidir. Xarici enerji infrastrukturuna investisiya məhz bu baxımdan əhəmiyyətlidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Bella Bəşirova deyib. İqtisadçı bildirib ki, Inkia Energy Peru enerji bazarında böyük oyunçulardan biridir. Şirkətin 2,6 QVt gücündə generasiya portfeli var və 4 QVt-dan artıq inkişaf layihələri mövcuddur. Bu layihələrin mühüm hissəsinin günəş, külək və enerji saxlanc sistemləri kimi sahələri əhatə etməsi investisiyanı xüsusilə maraqlı edir. Yəni burada söhbət sadəcə bir şirkətin səhmlərinə investisiyadan getmir. Bu, eyni zamanda enerji keçidi, bərpa olunan enerji və qlobal infrastruktur sektoruna çıxış deməkdir. Azərbaycan iqtisadiyyatı üçün əsas üstünlük isə risklərin bölüşdürülməsidir. Ölkənin maliyyə ehtiyatlarının yalnız bir aktiv sinfində və ya yalnız bir regionda cəmlənməsi risklidir. Müxtəlif ölkələr, valyutalar, sektorlar və aktivlər üzrə investisiyalar portfelin dayanıqlığını artıra bilər. Buna görə mən bu addımı ARDNF-nin neft gəlirlərini gələcəkdə də gəlir yaradan beynəlxalq aktivlərə çevirmək siyasətinin bir hissəsi kimi qiymətləndirərdim.

İqtisadçının sözlərinə görə, Peru bazarına daxil olmaq, yalnız gəlir imkanları deyil, müəyyən risklər də yaradır. Xarici investisiyanın əsas prinsipi ondan ibarətdir ki, yüksək gəlir potensialı müəyyən səviyyədə risklə müşayiət olunur. Peru kimi uzaq Latın Amerikası bazarında siyasi və makroiqtisadi dəyişikliklər, valyuta riski, enerji bazarındakı dəyişikliklər, tənzimləyici mühit və ölkəyə xas hüquqi risklər nəzərə alınmalıdır. Digər tərəfdən, imkanlar da kifayət qədər böyükdür. Inkia-nın mövcud enerji generasiyası və 4 QVt-dan artıq inkişaf portfeli şirkətin gələcək böyümə potensialını göstərir. Xüsusilə külək, günəş, qaz və enerji saxlanc layihələrinin inkişaf etdirilməsi uzunmüddətli perspektivdə enerji tələbatının artmasından və enerji keçidindən yararlanmaq imkanı yaradır. Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: ARDNF üçün əsas məsələ təkcə gəlir əldə etmək deyil, riskə uyğun gəlir əldə etməkdir. Yəni investisiyanın gəlirliliyi onun daşıdığı risklə birlikdə qiymətləndirilməlidir. Əgər bu investisiya uğurlu nəticə verərsə, Latın Amerikası ARDNF üçün yeni regionlarda infrastruktur və enerji investisiyalarının imkanlarını qiymətləndirmək baxımından mühüm təcrübə yarada bilər. Amma mən bunu avtomatik olaraq "ARDNF bundan sonra bütün regionlara daxil olacaq" kimi qiymətləndirməzdim. Hər yeni bazar ayrıca siyasi, iqtisadi, hüquqi və maliyyə təhlilindən keçirilməlidir. Əsas prinsip diversifikasiya olmalıdır, lakin diversifikasiya riskləri tamamilə aradan qaldırmır - onları müxtəlif aktivlər və regionlar arasında bölüşdürür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31