Dövlət qurumları istədikləri İT layihələrə pul xərcləyə bilməyəcəklər- ÖZƏL

"Hökumət dövlət qurumlarının rəqəmsal layihələrinə ayırdıqları vəsaitləri ciddi nəzarətə götürür. Bununla bağlı ötən günlər Prezident tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna və digər qanunlara dəyişikliklər təsdiqlənib, tətbiqlə bağlı Fərman imzalanıb". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Fondunun rəhbəri Osman Gündüz deyib: "Yeniliklərdən biri dövlət qurumlarının rəqəmsal inkişaf layihələrinin planlaşdırılması və maliyyələşdirilməsi üçün yeni razılaşdırma mexanizminin qanun səviyyəsində təsbit edilməsidir. Əslində bu yanaşma tam yeni də deyil. 2025-ci ildə qəbul edilən "Rəqəmsal İnkişaf Konsepsiyası"nda dövlət informasiya sistemləri və elektron xidmətlər üzrə layihələrin maliyyələşdirilməsinin RİNN-in Maliyyə Nazirliyi ilə razılaşdırılmış rəyi əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdu.

İndi isə mexanizm qanun səviyyəsinə qaldırılır və daha konkret prosedur müəyyən edilir.Yeni qanunlara görə dövlət qurumları növbəti il həyata keçirmək istədikləri rəqəmsal layihələri, tələb olunan vəsaiti və maliyyələşmə mənbəyini əvvəlcədən təqdim etməlidirlər.
Bütün dövlət qurumlarının rəqəmsal layihələrinə "stop" qoymaq səlahiyyəti RİNN-ə verilib. 
RİNN layihəyə texniki və səmərəlilik baxımından rəy verir. Dövlət investisiyası layihələrinə isə İqtisadiyyat Nazirliyinin də rəyi alınır. Maliyyə Nazirliyi də maliyyə ekspertizası aparır. Vəsaitin ayrılması da RİNN-lə razılaşdırılır.
Xüsusilə vacib yenilik budur ki, strateji sənədlərə və ölkənin vahid rəqəmsal arxitekturasına uyğun olmayan, həmçinin mövcud layihələri təkrarlayan rəqəmsal layihələr müsbət rəy almaya bilər.
Xatırladıram ki bir müddət öncə "vahid rəqəmsal arxitekturanın" qurulması ilə bağlı Prezident tərəfindən xüsusi tapşırıqlar verilmişdir. Görünən odur ki hökumət bu istiqamətdə səylərini gücləndirir. 
Düşünürəm ki, belə mexanizmə əslində çoxdan ehtiyac çoxdan vardı. İllər ərzində müxtəlif dövlət qurumlarının bir-birindən ayrı mənasız sistemlər yaratması, eyni funksiyaların təkrar sifariş edilməsi, inteqrasiya problemləri və büdcənin oxşar həllərə dəfələrlə xərclənməsi ilə bağlı problemlər olub. On milyonlarla, hətta yüz milyonlarla vəsait xərclənə uğursuz İT layihələr olub.
Yeni mexanizm düzgün tətbiq edilərsə, dublikat İT layihələrinin qarşısını ala, dövlət xərclərini optimallaşdıra və vahid rəqəmsal dövlət arxitekturasının formalaşmasını sürətləndirə bilər.
Amma risklər də var.
Üç qurumdan keçən razılaşdırma düzgün qurulmasa, yeni bürokratik mərhələyə çevrilə, rəqəmsal layihələrin icrasını ləngidə və dövlət qurumlarının çevikliyini azalda bilər. Ümid edirəm bununla  yeni bürokratik proseduralar yaradılmayacaq, rəqəmsal transformasiya prosesləri ləngiməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31