İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır

Ermənistan TRIPP layihəsi çərçivəsində Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu xəttinin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırır.

Trend   xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan ölkəsinin İctimai Televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, TRIPP çərçivəsində Bakıdan Naxçıvana uzanacaq dəmir yolu xəttinin keçəcəyi marşrut artıq müəyyənləşdirilib. Hazırda gələcək dəmir yolu xəttinin çəkiləcəyi ərazidə təmizləmə işləri aparılır.

"Dəmir yolu xəttinin marşrutu bəllidir. Hazırda ərazinin təmizlənməsi ilə bağlı müəyyən işlər aparılır. Bu, gələn il dəmir yolunun tikintisinə başlaya bilməyimiz üçün edilir", - deyə Kostanyan qeyd edib.

Qeyd edək ki, TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan dəmir yolu Ermənistanda Nüvədi-Əkərək marşrutu üzrə Araz çayının sahili boyunca uzanacaq və Naxçıvan ərazisində davam edəcək. Dəmir yolunun Ermənistandan keçən hissəsi təxminən 42 kilometr olacaq və İran sərhədinə yaxın ərazidən keçəcək.

Layihənin icrası sayəsində Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı yaranacaq.

Xatırladaq ki, Azərbaycan ərazisində Nüvədi-Əkərək dəmir yoluna birləşəcək Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00