Əkbər Qoşalı: “Qonşuluğu coğrafiya verir, münasibətin keyfiyyətini isə siyasət müəyyənləşdirir” – ÖZƏL
16:47 Siyasət"Prezident Məsud Pezeşkianın Bakının Tehrana göstərdiyi yardımı xüsusi vurğulaması, məncə, təşəkkür jestindən üstün, daha geniş siyasi anlam daşıyır. Burada Bakı ilə münasibətlərdə qarşıdurma ritorikasından qarşılıqlı güvən və praqmatik işbirliyi dilinə keçmək niyyəti görünür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloqun sözlərinə görə, Azərbaycan öz davranışı ilə bir daha göstərdi ki, qonşuluq münasibətlərinə strateji baxır: fikir ayrılıqları ola bilər, ancaq çətin gündə qonşunun yanında olmaq dövlətçilik mədəniyyətinin göstəricisidir. Prezident İlham Əliyevin xalqlarımız həm yaxşı, həm də çətin günlərdə bir-birinin yanında olur məzmunlu yanaşması da, əslində, münasibətlərin hansı fəlsəfə üzərində qurulmasının mümkünlüyünü ifadə edir.
Bəs bunu artıq dönüş nöqtəsi adlandırmaq olarmı?
Mən "dönüş nöqtəsi"ndən daha çox yeni siyasi imkan pəncərəsi ifadəsini işlədərdim. Çünki münasibətlərin dayanıqlı şəkildə dəyişməsi yalnız açıqlamalarla olmur; dayanıqlılıq institusional və praktik addımlarla təsdiqlənməlidir. Bax, bu baxımdan diplomatik fəaliyyətin bərpası, yükdaşıma-kommunikasiya layihələrinin irəliləməsi, iqtisadi bağların genişləndirilməsi xüsusi önəm daşıyır. Bakı ilə Tehranın əməkdaşlığının Xəzər hövzəsinə, Quzey-Güney daşıma dəhlizinə və bütövlükdə Güney Qafqazın sabitliyinə təsiri vardır. Yaxın gələcək üçün nikbin olmaq mümkündür, lakin doğrusu bu, ehtiyatlı nikbinlik olmalıdır. Bakı-Tehran münasibətlərinin sağlam gələcəyi bəlli prinsipdən keçir: Tehranın
bizim müstəqilliyimizə sayğısından,
bizim iç işlərimizə hər hansı formada, o cümlədən din pərdəsi ilə qarışmamasından və bir-birimizin təhlükəsizlik çıxarlarımıza həssas yanaşmaqdan. Coğrafiya bizi qonşu edib, tarix toplumlar arasında çoxsaylı bağlar yaradıb. İndi əsas məsələ siyasətin bu coğrafiyanı və tarixi işbirliyi imkanına çevirməsidir. Əgər hazırkı müsbət dinamika konkret layihələr və davamlı siyasi güvənlə möhkəmlənərsə, Bakı-Tehran münasibətlərində yeni, daha yetkin və proqnozlaşdırıla bilən mərhələdən danışmaq mümkün olacaqdır.
Dövlətimiz, o tay-bu taylı ulusumuz zaval görməsin!
Səidə Ramazanova