Tarixi şəxsiyyətlərin irsinin hüquqi müdafiəsinə dair konsepsiya hazırlanmalıdır-Təklif- ÖZƏL
12:19 Sosial"Azərbaycanın tarixi şəxsiyyətlərinin hüquqi müdafiəsinə dair konsepsiya hazırlanmalı, hüquqi məsuliyyət müəyyən edilməlidir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Hazırda Azərbaycan qanunvericiliyində tarixi şəxsiyyətlərin xatirəsinin, hökmdarların qəsdən təhqirinə, yanlış aşağılayıcı məlumatların, tarixin təhrifinə görə ayrıca cinayət və ya inzibati məsuliyyət nəzərdə tutulmur. Bununla belə, dövlət atributlarının və milli-mədəni irsin qorunmasına dair hüquqi normalar mövcuddur.
Məsələn, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsi Dövlət Bayrağına və Dövlət Gerbinə qarşı təhqiredici hərəkətlərə görə cinayət məsuliyyəti müəyyən edir. Həmçinin "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Mədəniyyət haqqında" qanunlar və İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəaları tarix və mədəniyyət abidələrinin hüquqi mühafizəsini təmin edir.
Lakin bu normalar tarixi şəxsiyyətlərin, hökmdarların və milli qəhrəmanların xatirəsinin hüquqi müdafiəsini birbaşa əhatə etmir. Hesab edirəm ki, bu sahədə hüquqi boşluğun aradan qaldırılması üçün müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.
Son dövrlər Azərbaycanın tarixi şəxsiyyətləri, hökmdarları, sərkərdələri, klassik şair və yazıçıları, milli qəhrəmanları və xalq qəhrəmanları barədə təhqiramiz, tarixin saxtalaşdırılması cəhdləri və alçaldıcı xarakterli çıxışların artması ciddi narahatlıq doğurur. Belə halların hədəfində Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Xətai, Şah Təhmasib, Nadir Şah, Cavad xan, Fətəli xan, Babək, Koroğlu, Cavidan, Həzi Aslanov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov, Albert Aqarunov, Çingiz Mustafayev, Polad Həşimov, eləcə də Azərbaycanın digər Milli Qəhrəmanları, həmçinin Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Bülbül və digər görkəmli şəxsiyyətlər dayanır. Belə halların məqsədinin Azərbaycanın tarixi yaddaşını zəiflətmək, milli kimliyini və dövlətçilik ənənələrini nüfuzdan salmaq olduğu barədə narahatlıqlar mövcuddur.
Bu baxımdan, Azərbaycanın tarixi şəxsiyyətlərinin və milli-mədəni irsinin hüquqi müdafiəsinə dair vahid dövlət konsepsiyasının hazırlanması zəruri görünür. Konsepsiyada tarixi şəxsiyyətlərin elmi tədqiqi və obyektiv tənqidi ilə onların açıq şəkildə təhqir və alçaldılması arasında dəqiq hüquqi sərhədlər müəyyən edilməlidir. Konsepsiyanın davamı olaraq Azərbaycan Respublikasının "Mədəniyyət haqqında" Qanununa, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər normativ hüquqi aktlara müvafiq dəyişikliklərin edilməsi nəzərdən keçirilməlidir. Milli-mədəni irsə qarşı açıq təhqiramiz hərəkətlərə görə hüquqi məsuliyyət müəyyən edilməli, belə əməllərin vəzifəli şəxslər tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməlidir.
Eyni zamanda, internet informasiya resurslarında, sosial şəbəkələrdə və digər media platformalarında milli-mədəni irsə qarşı hüquqazidd xarakter daşıyan hərəkətlərə qanunvericilik çərçivəsində operativ hüquqi qiymət verilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarının səlahiyyətləri dəqiq müəyyən edilməlidir. Milli-mədəni irsin hüquqi müdafiəsinin gücləndirilməsi ifadə azadlığının məhdudlaşdırılması deyil, Azərbaycanın tarixi yaddaşının, milli kimliyinin və dövlətçilik irsinin qorunmasına xidmət edən hüquqi mexanizmin formalaşdırılması kimi qiymətləndirilməlidir".