20 sentyabr Azərbaycanın siyasi və institusional bütövlüyünü ifadə edən tarixdir- ÖZƏL

"20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələnin rəsmiləşdirilməsidir. Bu tarix sadəcə təqvimdə yeni gün deyil, uzun illər qarşıda duran əsas strateji məqsədin-dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin olunmasının simvoludur. 2020-ci ildə ərazi bütövlüyünün bərpası ilə başlayan proses 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və hüquqi sisteminin təmin olunması ilə yeni mərhələyə keçdi".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

"Ərazi bütövlüyü ilə suverenlik bir-biri ilə bağlı olsa da, eyni anlayış deyil. Ərazi bütövlüyünün bərpası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bütövlüyünün təmin olunmasıdırsa, suverenliyin tam bərpası həmin ərazidə Konstitusiyanın, qanunların və dövlət institutlarının vahid şəkildə fəaliyyət göstərməsi deməkdir. Bu baxımdan 20 sentyabr Azərbaycanın dövlətçilik tarixində həm ərazi, həm də siyasi-institusional bütövlüyün təmin olunmasını ifadə edən tarixdir.
Bu günün əhəmiyyəti həm də milli siyasi yaddaş baxımından böyükdür. Dövlətlər üçün mühüm tarixi hadisələrin milli təqvimdə öz yerini alması həmin hadisələrin dövlətçilik tarixindəki rolunun gələcək nəsillərə ötürülməsi deməkdir. 20 sentyabr da Azərbaycanın müasir tarixində suverenliyin tam təmin edilməsini simvolizə edən mühüm dövlətçilik tarixidir.
Suverenliyin tam təmin olunması Azərbaycanın regional mövqeyində də yeni reallıq yaradıb. Əvvəllər ölkənin siyasi gündəminin mühüm hissəsini münaqişə və ərazi bütövlüyünün bərpası təşkil edirdisə, bu gün diqqət Qarabağ və Şərqi Zəngəzurun bərpasına, əhalinin qayıdışına, iqtisadi inteqrasiyaya və yeni regional kommunikasiya imkanlarının formalaşdırılmasına yönəlib.
Azərbaycanın enerji və nəqliyyat layihələrində, xüsusilə Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində artan rolu onun regional əhəmiyyətini daha da gücləndirir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, nəqliyyat və humanitar əməkdaşlığın genişlənməsi Azərbaycanın Türk dünyasındakı rolunu möhkəmləndirən amillərdəndir.
Beynəlxalq müstəvidə də siyasi gündəm dəyişib. Azərbaycan artıq yalnız ərazi bütövlüyünün bərpası məsələsini gündəmə gətirən dövlət deyil; enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional əməkdaşlıq, iqtisadi tərəfdaşlıq və Türk dünyasının inteqrasiyası kimi daha geniş məsələlər üzrə təşəbbüslərlə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində gündəm formalaşdırmaq imkanlarının genişləndiyini göstərir.
Lakin suverenliyin bərpası prosesin sonu deyil, yeni mərhələnin başlanğıcıdır. Suverenliyin dayanıqlılığı yalnız ərazi üzərində dövlət nəzarəti ilə deyil, həmin ərazilərdə davamlı sosial-iqtisadi inkişaf, güclü dövlət institutları, təhlükəsizlik və əhalinin dayanıqlı məskunlaşması ilə möhkəmlənir. Qarabağ və Şərqi Zəngəzurun bərpası bu baxımdan Azərbaycanın suverenliyinin praktiki və sosial-iqtisadi əsaslarının gücləndirilməsi prosesidir.
Nəticə etibarilə, 20 sentyabrı yalnız hərbi-siyasi hadisənin ildönümü kimi qiymətləndirmək doğru olmaz. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasını, ölkənin yeni siyasi mərhələyə keçidini və qarşısında yeni dövlətçilik hədəflərinin formalaşmasını ifadə edir. Dövlət Suverenliyi Gününün təsis edilməsi də bu tarixi nəticənin Azərbaycanın milli yaddaşında və müasir dövlətçilik salnaməsində xüsusi yer tutmasını təmin edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31