20 Sentyabr-Neft səlnaməsini yazan neftçilərin peşə bayramı

20 sentyabr Azərbaycan tarixində dövlətçilik iradəsi, milli enerji strategiyası və böyük iqtisadi quruculuq mərhələsi ilə bağlı möhtəşəm bir tarixdir. Bu gün Azərbaycanın neft salnaməsini öz zəhməti, peşəkarlığı və fədakarlığı ilə yazan neftçilərimizin peşə bayramıdır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan neft sənayesinin bütün əməkdaşlarını, neft sənayesinin veteranlarını, mühəndisləri, geoloqları, qazma mütəxəssislərini, texniki heyəti, fəhlələri və bu böyük sahənin inkişafına öz əməyini verən hər bir həmvətənimizi ürəkdən təbrik edirəm.

20 sentyabrın tarixi mənası 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış "Əsrin müqaviləsi" ilə başlayaraq Azərbaycanın müasir dövlətçilik salnaməsində geniş bir inkişaf xətti yaradıb. Bu qərar ölkəmizin enerji resurslarının beynəlxalq əməkdaşlıq müstəvisinə çıxarılmasına, böyük investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların tətbiqinə və milli kadr potensialının formalaşmasına güclü təkan verdi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi Yeni Neft Strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsində fundamental rol oynadı. Xəzərin Azərbaycan sektorunda həyata keçirilən layihələr, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, ardınca "Şahdəniz" layihəsi və Cənub Qaz Dəhlizi Azərbaycanın enerji imkanlarını beynəlxalq miqyasda genişləndirdi. Bu böyük strategiyanın hər mərhələsində Azərbaycan neftçisinin zəhməti, biliyi və peşəkarlığı dayanır.
Xəzərin qoynunda çalışan neftçi, mürəkkəb qazma proseslərini idarə edən mühəndis, yataqların potensialını araşdıran geoloq, istehsalatın fasiləsizliyini təmin edən texniki mütəxəssis və müasir texnologiyalar üzərində çalışan gənc kadr birlikdə Azərbaycanın müasir neft sənayesinin canlı salnaməsini yaradır. Bu salnamənin nəticələri böyükdür.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsi çərçivəsində milyardlarla dollarlıq investisiyalar həyata keçirilib, yüz milyonlarla ton neft hasil olunub, böyük həcmdə səmt qazı əldə edilib və Azərbaycan iqtisadiyyatına mühüm gəlirlər daxil olub. Azərbaycanın enerji infrastrukturu genişlənib, yeni ixrac marşrutları formalaşıb, milli mühəndislik və texniki kadr məktəbi güclənib.
Prezident İlham Əliyevin 2019-cu ildə "Əsrin müqaviləsi"nin 25 illiyi münasibətilə keçirilən mərasimdə söylədiyi "Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir" fikri də bu baxımdan böyük məna daşıyır.
Bu gün Azərbaycan neftçisinin ən böyük sərvətlərindən biri məhz həmin intellektual və peşəkar potensialdır.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə müəyyənləşdirilən enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib. Azərbaycan neft və qaz layihələrindən əldə etdiyi imkanları iqtisadi inkişafın, infrastruktur quruculuğunun, insan kapitalının və dövlətin strateji gücünün möhkəmlənməsinə yönəldib.
Bu proses Azərbaycanın ən böyük tarixi hadisələrindən biri olan Qarabağ Zəfərinə aparan dövlətçilik yolunda da mühüm iqtisadi zəmin formalaşdırıb.

Prezident İlham Əliyev bu barədə çox mühüm fikir söyləyib: "Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq."
Bu fikir Azərbaycanın enerji tarixinin Qarabağ Zəfəri və Böyük Qayıdış dövrü ilə əlaqəsini aydın şəkildə ifadə edir.
Güclü iqtisadiyyat, böyük maliyyə imkanları, müasir ordu, müdafiə sənayesinin inkişafı və dövlətin strateji layihələri uzun illər ərzində formalaşan imkanların nəticəsi kimi meydana gəlib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin siyasi iradəsini, xalqımızın birliyini, ordumuzun gücünü və uzunmüddətli dövlət strategiyasının nəticələrini bütün dünyaya göstərdi.
  Bu böyük tarixi prosesdə neft sənayesinin yaratdığı iqtisadi imkanların da xüsusi yeri var. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri də həmin iqtisadi potensialın yeni mərhələdə milli inkişaf məqsədlərinə yönəldilməsinin parlaq nümunəsidir.
Beləliklə biz qətyyətlə deyə bilərik ki, 20 sentyabr tarixinin mənası Azərbaycanın enerji tarixindən başlayaraq iqtisadi inkişaf, insan kapitalı, dövlət gücü, milli təhlükəsizlik, Qarabağ Zəfəri və Böyük Qayıdış mərhələlərinə qədər uzanan bütöv bir dövlətçilik xəttində öz ifadəsini tapır.
Bu xəttin başlanğıcında Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, davamında Prezident İlham Əliyevin strateji rəhbərliyi və bütün mərhələlərində Azərbaycan insanının zəhməti dayanır.

Azərbaycan neftçisi bu böyük tarixi prosesin mühüm iştirakçısıdır. 
Sizin əməyiniz Xəzərin dərinliklərində başlayır, istehsalat sahələrində davam edir, enerji kəmərləri ilə dünyanın müxtəlif istiqamətlərinə uzanır və nəticə etibarilə, Azərbaycanın iqtisadi qüdrətində öz ifadəsini tapır.
Bu əməyin nəticəsində Azərbaycan beynəlxalq enerji sistemində mühüm mövqeyə yüksəlib, etibarlı enerji tərəfdaşı kimi nüfuz qazanıb, milli iqtisadiyyatının inkişafı üçün geniş imkanlar əldə edib.

Bu gün biz həmin tarixi yolun nəticələrini daha böyük miqyasda görürük. Azərbaycan öz enerji resurslarını milli maraqlar əsasında idarə edən, beynəlxalq enerji layihələrində fəal iştirak edən, yüksək ixtisaslı mütəxəssislər yetişdirən və əldə etdiyi iqtisadi imkanları dövlət quruculuğunun müxtəlif istiqamətlərinə yönəldən güclü dövlətdir. Bütün bunların içərisində Azərbaycan neftçisinin zəhməti xüsusi ehtiramla xatırlanmalıdır. Çünki böyük strategiyalar insan əməyi ilə həyata keçir. Böyük layihələr peşəkar insanların bilik və bacarığı ilə reallaşır.
Böyük dövlətçilik nəticələri isə nəsillərin ardıcıl və məsuliyyətli əməyindən yaranır.

Əziz neftçilər!
Sizi bir daha 20 Sentyabr - Neftçilər Günü münasibətilə  ürəkdən təbrik edirəm!
Sizin fəaliyyətiniz ölkəmizin enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və dövlətimizin strateji imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Hər birinizə dərin minnətdarlığımı bildirirəm.
Sizə möhkəm cansağlığı, ailələrinizə səadət və firavanlıq, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Qoy Azərbaycan neftçisinin zəhməti gələcək nəsillərin həyatında, ölkəmizin iqtisadi inkişafında və dövlətimizin daha böyük uğurlarında öz layiqli əksini tapsın.
Uğurlarınız daim Azərbaycanın uğurlarına çevrilsin!

Peşə bayramınız mübarək!

Sadiq Qurbanov 

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31