NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan- ÖZƏL
13:02 Siyasət"Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı irəli sürdüyü Naxçıvan-Şərqi Zəngəzur-Qarabağ vahid inkişaf məkanı yanaşması Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələnin konturlarını müəyyən edir. Bu konsepsiya ayrı-ayrı bölgələrin paralel inkişafından daha geniş məna daşıyır: məqsəd nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, turizm və şəhərsalma imkanlarını vahid iqtisadi sistem daxilində birləşdirmək, regionlar arasında qarşılıqlı tamamlayıcılıq yaratmaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib:
"Bu məkanın əsas üstünlüyü onun böyük iqtisadi potensialındadır. Qarabağın yeni şəhər və sənaye infrastrukturu, Şərqi Zəngəzurun zəngin enerji və təbii resursları, Naxçıvanın isə Türkiyə və beynəlxalq bazarlara çıxış imkanları bir iqtisadi zəncirə bağlandıqda tamamilə yeni inkişaf effekti yarana bilər. Zəngəzur bağlantısının açılması isə bu əraziləri yalnız ölkə daxilində deyil, Orta Dəhliz, Türkiyə və Avropa istiqamətində daha geniş logistika və ticarət şəbəkələrinə inteqrasiya edə bilər.
sNəticədə Azərbaycanın qərb hissəsində sadəcə yeni infrastruktur deyil, istehsal, logistika, enerji, turizm və ixrac imkanlarını birləşdirən güclü iqtisadi inkişaf qütbünün formalaşması üçün real zəmin yaranır. Bu baxımdan Naxçıvan-Şərqi Zəngəzur-Qarabağ xətti gələcəkdə Azərbaycanın iqtisadi coğrafiyasını dəyişdirən və Bakı-Abşeron iqtisadi mərkəzinə əlavə olaraq ölkənin qərbində ikinci böyük inkişaf oxunu formalaşdıran strateji məkanlardan birinə çevrilə bilər".