BAKIDA ZƏLZƏLƏ RİSKİ: Şəhər bu təhlükəyə hazırdırmı?

Son günlərdə Türkiyənin İstanbul şəhərində baş verən güclü zəlzələlər bütün regionda olduğu kimi, Azərbaycanda da, xüsusilə Bakıda müəyyən narahatlıqlara səbəb olub. Seysmik baxımdan aktiv zonada yerləşən Bakı üçün bu suallar getdikcə daha aktual səslənir: "Bakıda güclü zəlzələ ola bilərmi?", "Belə olarsa, şəhərin infrastrukturu və yaşayış binaları bu sarsıntıya nə dərəcədə hazırdır?"

Azərbaycan geoloji baxımdan seysmik aktiv zonada yerləşir. Respublikamızda olan əsas tektonik qırılma xətləri Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları və Xəzər hövzəsi ətrafında yerləşir. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) məlumatlarına əsasən, Bakı şəhəri və Abşeron yarımadası zəifdən orta dərəcəyə qədər seismik risk zonasına daxildir. Tarixə nəzər salsaq, 2000-ci ildən sonra belə, Bakıda bir neçə dəfə 4-5 bal gücündə zəlzələlər qeydə alınıb. Lakin seysmoloqlar mümkün güclü zəlzələnin ehtimalını da istisna etmirlər. RSXM-nin açıqlamalarına görə, Bakıda 6-7 bal gücündə zəlzələ baş vermə ehtimalı mövcuddur. Bu cür zəlzələlər artıq bəzi tikililər üçün ciddi təhlükə yarada bilər.

Bakının tikinti fondu çox müxtəlifdir: sovet dövründən qalma çoxmərtəbəli binalar, yeni tikililər və son illərdə artan hündürmərtəbəli komplekslər. Lakin tikintilərin keyfiyyəti binaların zəlzələyə davamlılığı baxımından fərqli səviyyədədir. Sovet dövründə inşa olunan çoxmərtəbəli binalar, xüsusilə "Xruşşovka" adlandırılan binalar, müasir seysmik normalara cavab vermir. 1988-ci il Spitak zəlzələsindən sonra postsovet məkanında tikinti normalarında müəyyən dəyişikliklər edilsə də, bu qaydalar Azərbaycanda yalnız 2000-ci illərdən sonra ciddi tətbiq olunmağa başlayıb. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, hazırda yeni tikilən binalar 8 bal gücündə zəlzələyə davamlı olmalıdır. Amma problem ondadır ki, bu qaydalara nəzarət və tətbiq prosesində müəyyən boşluqlar mövcuddur. Mütəxəssislərin fikrincə, bəzi hallarda tikinti şirkətləri təhlükəsizlik standartlarına əməl etmədən obyektləri istifadəyə verirlər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) də zəlzələ riski ilə bağlı profilaktik tədbirlər həyata keçirir. Nazirlik mütəmadi olaraq seismik zonalarda monitorinqlər aparır, həmçinin yeni tikililərə lisenziya verilməsində seysmik dayanıqlıq vacib meyar kimi nəzərə alınır. FHN-nin rəsmi açıqlamalarına əsasən, Bakıda son illərdə inşa edilən əksər yeni tikililər müasir seismik standartlara uyğun olaraq tikilib. Bununla belə, ekspertlər qeyd edir ki, köhnə binaların çoxu üçün təcili texniki baxışa və bəzən təmirə ehtiyac var.

Zəlzələyə hazırlıq təkcə binaların dayanıqlığı ilə bitmir. Buraya həm də infrastrukturun, yolların, körpülərin, elektrik və qaz xətlərinin təhlükəsizliyi, eləcə də fövqəladə hallar zamanı əhalinin davranışı daxildir.

Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, Bakı və regionumuz seysmik fəal zonada yerləşdiyindən, keçmişdə baş vermiş zəlzələlər və geoloji gərginliklər gələcəkdə də zəlzələ riskini istisna etmir və bu səbəbdən qabaqlayıcı tədbirlərin görülməsi vacibdir:

"Bakı və regionumuz seysmik fəal zonada yerləşdiyindən, keçmişdə baş vermiş zəlzələlər və geoloji gərginliklər gələcəkdə də zəlzələ riskini istisna etmir və bu səbəbdən qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Türkiyədə seysmoloqlar uzun illərdir xəbərdarlıq edirdilər ki, İstanbul yaxınlığındakı Mərmərə bölgəsində ciddi gərginlik mövcuddur və bu, zəlzələyə səbəb ola bilər. Nəhayət, həmin ərazidə bir zəlzələ baş verdi. Allaha şükürlər olsun ki, bu gərginlik müəyyən qədər azaldı və İstanbul böyük dağıntılardan qurtula bildi. İstanbul Şəhər Bələdiyyəsinin və Türkiyə hökumətinin vaxtında gördüyü önləyici tədbirlər nəticəsində dağıdıcı nəticələr müşahidə olunmadı. Binaların uçması və ya ciddi dağıntılar baş vermədi. Zəlzələ nəticəsində cüzi fəsadlar yaşansa da, ölüm halları qeydə alınmadı. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, regionumuz - Azərbaycan, Gürcüstan və Ermənistan - seysmik fəallığın müşahidə olunduğu zonaya daxildir. Biz Ərəbistan platformasının üzərində yerləşirik və bu platformada zaman-zaman titrəyişlər, yəni zəlzələlər mümkündür. Bildiyiniz kimi, regionda ən dağıdıcı zəlzələlərdən biri 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermişdi. Bundan sonra Bakıda da zəlzələ qeydə alınmışdı - 2000-ci ildə. Bu zəlzələ kifayət qədər güclü və təhlükəli olmuşdu. Allaha şükür ki, o zaman insan itkisi olmadı. Bakı və Abşeron yarımadası bir neçə geoloji qırılma xəttinin kəsişdiyi ərazidə yerləşir və bu tavalarda (tektonik plitələrdə) zaman-zaman gərginlik yaranır".

Ekoloq vurğulayıb ki, Abşeronda güclü zəlzələ gözlənilməsə də, evakuasiya çətinlikləri və zəlzələyə hazırlığın əhəmiyyəti nəzərə alınaraq, hökumətin qabaqlayıcı tədbirlər görməsi və ictimai maarifləndirməni gücləndirməsi vacibdir.

"Təbiidir ki, zəlzələlərin baş vermə ehtimalı mövcuddur. Ancaq hazırda Abşeron ərazisində güclü dağıdıcı zəlzələ gözlənilmir. Bu suallara ən dəqiq cavabı seysmoloqlar, xüsusən Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri verə bilər. Zəlzələlərin dəqiq proqnozu mümkün deyil, amma gərginliyi ölçən seysmoloji cihazlar vasitəsilə müəyyən monitorinqlər aparılır. Hal-hazırda gərginliyin dəqiq səviyyəsini demək çətindir. Zəlzələlər ölkəmizdə də zaman-zaman baş verir - son illərdə Şamaxı, Zaqatala və digər bölgələrdə belə hallar müşahidə olunub. Ancaq bundan təşvişə düşməyə ehtiyac yoxdur. Əsas məsələ hökumətin hazırlıqlı olması və binaların dayanıqlığının artırılmasıdır. Məsələn, Bakı şəhərində baş verə biləcək zəlzələ zamanı əsas problemlərdən biri evakuasiya ilə bağlı ola bilər. Çünki şəhərdə binalar çox sıx tikilib və küçə-keçidlər evakuasiya üçün uyğun planlaşdırılmayıb. Binalar dayanıqlı olsa belə, insanlar zəlzələ zamanı küçələrdə tıxaca düşə, panika yaranarsa çətinliklərlə qarşılaşa bilərlər. Türkiyədə baş verən zəlzələlərin Azərbaycana təsiri də oldu. Bu hadisələr bizə dərs verir və zəlzələlərə hazırlığın nə qədər vacib olduğunu göstərir. Sonuncu dəfə Kahramanmaraşda baş verən zəlzələ on minlərlə insanın həyatına son qoydu və bu, regionda yaşayan hər kəsi daha ehtiyatlı olmağa sövq edir".

Qorxmaz İbrahimli sonda əlavə edib ki, Bakıda da seysmik baxımdan risklər var. Allah göstərməsin, əgər belə bir hadisə baş verərsə, şəhər nəqliyyatı və ümumi logistik vəziyyət fəlakətli ola bilər. Xüsusilə bəzi ərazilərdə keçidlərin olmaması evakuasiya prosesini çətinləşdirir. Buna görə də sakinlər mümkün qədər təmkinli olmalı, zəlzələlərə və digər təbii fəlakətlərə psixoloji olaraq hazırlıqlı olmalıdırlar. Necə ki, Bakı sakinləri şəhərdəki güclü yağışlara və fırtınalara zamanla uyğunlaşdı, eləcə də zəlzələlərə qarşı hazırlıqlı olmaq, maariflənmək və tədbir görmək vacibdir.

Maraqlıdır, bəs Bakıda da güclü zəlzələ olarsa binaların dayanıqlığı necə olacaq? Şəhər binaları bu vəziyyətə hazırdır?

Mövzu ilə bağlı əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda fövqəladə hallara hazırlıq tədbirləri görülür, lakin ictimaiyyətin maarifləndirilməsi, təxliyə planlarının əlçatanlığı və qəzalı binaların köçürülməsi prosesinin sürətləndirilməsi hələ də vacib məsələ olaraq qalır:

"Bakıda fövqəladə hallarda istifadə üçün təxliyə planları mövcuddur, lakin bu planlar geniş ictimaiyyət üçün hər zaman əlçatan deyil. Məktəblərdə və dövlət müəssisələrində bəzən zəlzələ zamanı davranış qaydaları ilə bağlı təlimlər keçirilir, amma bu prosesin müntəzəm və genişmiqyaslı olması vacibdir. Mütəxəssislər həmçinin vətəndaşların maarifləndirilməsi istiqamətində medianın, sosial şəbəkələrin və yerli icra orqanlarının aktiv rol oynamasının vacibliyini vurğulayırlar. Hazırda Bakı və Abşeron ərazisində istismar müddətini başa vurmuş minlərlə çoxmənzilli yaşayış binaları, eyni zamanda Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı kimi qeydə alınmış çoxmənzilli binalar və fərdi yaşayış evləri mövcuddur. Təbii ki, xüsusilə qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş bu binaların köçürülməsi prosesi artıq 2016-cı ildən etibarən həyata keçirilir. Paytaxt ərazisində belə binalar sökülərək yerində yeni yaşayış binaları inşa olunur. Digər tərəfdən, bir sıra ərazilər dövlət ehtiyacları üçün alınıb. Bu torpaqlarda parklar, avtomobil yolları və müxtəlif inzibati obyektlərin tikintisi həyata keçirilir. Torpaqların dövlət ehtiyacları üçün alınmasında, əsasən, qəzalı vəziyyətdə olan və potensial təhlükə yarada biləcək ərazilərə üstünlük verilir. Bu, gələcəkdə baş verə biləcək zəlzələ və digər təbii fəlakətlər zamanı mümkün dağıntıların və insan tələfatının qarşısını almaq məqsədi daşıyır".

E. Fərzəliyev əlavə edib ki, Bakıda zəlzələ riski yüksək olmasa da, çoxsaylı qəzalı və köhnə binaların mövcudluğu səbəbindən köçürülmə, möhkəmləndirmə və maarifləndirmə tədbirlərinin sistemli və sürətli şəkildə aparılması vacibdir.

"Qəzalı və istismar müddətini başa vurmuş binaların sayı isə kifayət qədər çoxdur. Bu səbəbdən, köçürülmə və söküntü işlərinin daha sürətli və sistemli şəkildə aparılması məqsədəuyğun olardı. Bu, gələcəkdə baş verə biləcək təbii fəlakətlər zamanı insan itkilərinin və maddi ziyanın minimuma endirilməsinə kömək edər. Bununla yanaşı, dövlət qurumları, xüsusən də aidiyyəti icra strukturları tərəfindən yaxın gələcəkdə sökülməsi planlaşdırılan və ya sonrakı mərhələlərdə söküləcək qəzalı binaların bəzilərinin təmiri və bərpası üçün dövlət büdcəsindən müəyyən maliyyə vəsaitləri ayrılır. Bu vəsaitlər hesabına həmin binaların bir hissəsi möhkəmləndirilərək təhlükəsizlik baxımından nisbətən daha etibarlı hala gətirilir. Belə möhkəmləndirmələr gələcəkdə baş verə biləcək zəlzələlər zamanı binaların tamamilə dağılmasının qarşısını ala və fəlakətin miqyasını azalda bilər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Bakı şəhəri Azərbaycanın digər əraziləri ilə müqayisədə seysmik baxımdan o qədər də aktiv zonada yerləşmir. Ən son nisbətən güclü zəlzələ 2000-ci ildə qeydə alınmışdı. Həmin ildən sonra Bakıda "Əsrin müqaviləsi" çərçivəsində neft və qaz yataqlarının işlənməsi, yeraltı ehtiyatların çıxarılması prosesi başladı. Bəzi mütəxəssislərin fikrincə, bu proses yeraltı təzyiqlərin azalmasına və zəlzələyə səbəb ola biləcək amillərin zəifləməsinə müəyyən dərəcədə təsir göstərmiş ola bilər. Bununla belə, müasir urbanizasiya və artan tikinti həcmini nəzərə alaraq, seysmik risklərə qarşı daim hazırlıqlı olmaq və profilaktik tədbirlər görmək vacibdir".

Bakı üçün zəlzələ riski realdır, bu riskin nə vaxt və hansı gücdə baş verəcəyi isə bilinmir. Ona görə də hazır olmaq vacibdir. Hazır olmaq - bu, təkcə dövlət strukturlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir. 

Unutmayaq ki, zəlzələnin qarşısını almaq mümkün deyil, amma ona hazırlıqlı olmaqla fəsadlarını minimuma endirmək mümkündür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31