“Jurnalistika istedad məsələsidir”- Azər Həsrət

Azər Həsrət: "Biz özümüzü bu sahəyə həsr edib, bacardığımızı sübut etməyə çalışırdıq.  Amma indiki nəsil gənclər, ilk növbədə nə qədər pul qazanacaqlarını düşünürlər"

Müsahibimiz Bayraqdar Medianın baş redaktoru Azər Həsrətdir.

 -Azər bəy, uzun illərdir ki, bu sahədəsiniz. Sizin üçün jurnalistikanın o dövrü ilə bu günü arasında əsas fərqlər nələrdir?

-Mən jurnalistikaya 1995-ci ilin yanvarında gəlmişəm.  İndi 2025-ci ildir, yəni jurnalistikaya gəlişimdən artıq 30 il keçib. 
Düzdür, 1995-ci ildə ilk yazılarım çap olunanda bu mütəmadi bir iş deyildi, sadəcə həvəskar maraq idi.  Amma 1997-ci ildən rəsmi olaraq işləməyə başladım və həmin ildə də ilk iş yerlərimdən biri "Olaylar" oldu.  Buna görə də özümü çox şanslı sayıram.  O dövrü bu dövrlə biz daim müqayisə edirik və həmişə diqqət yetiririk ki, bizim dövrümüzdə,  yəni o 90-cı illərdə   pul, maaş, nə qədər qazanacağıq kimi şeyləri düşünməzdik.  Əksinə, düşünərdik ki, necə olursa-olsun bu sahəyə başlayaq, özümüzü tanıdaq, təsdiqləyək.  Və ondan sonra yəqin ki, pul da, yeri gələndə şöhrət də gələr.Bizdə belə idi. Amma indi mən özüm də baş redaktoram - Bayraqdar Medianın baş redaktoru.  Üstəlik, jurnalistikada müxtəlif qurumlarda da təmsil olunmuşam,  yetərincə üzdə olan biriyəm.  Gənclərə bəzən müraciət edirəm. Təcrübə baxımından baxıram ki,  dərhal verdikləri ilk sual bu olur: "Nə qədər qazanacağam?", yəni "Nə qədər pul verəcəksiniz?"  Mən də sualın arxasınca sual verirəm: "Yaxşı, siz qazanmaq istəyirsiniz,  amma biz necə müəyyənləşdirək ki, siz bu işi bacaracaqsınızmı?"  Bax, bizim fərqimiz budur.  Biz özümüzü bu sahəyə həsr edib, bacardığımızı sübut etməyə çalışırdıq.  Amma indiki nəsil gənclər, ilk növbədə nə qədər pul qazanacaqlarını düşünürlər.  Mən isə düşünürəm ki, bu səhvdir.  Jurnalistika çilingərlik deyil, dülgərlik deyil,  yaxud da başqa bir sahə deyil ki, sən ora bir gün, iki gün, üç günə uyğunlaşıb işə başlayasan.  Jurnalistika istedad məsələsidir.

-Medianın siyasi və ictimai həyatda rolu necə dəyişib?  

-Medianın ictimai-siyasi həyatda rolu ciddi şəkildə dəyişib.Mən sovet dövrünü görmüş bir adamam, gəncliyimin də ilk illəri həmin dövrə təsadüf edir.O zamanlar medianın varlığı ilə yoxluğu o qədər də hiss olunmurdu. Çünki yalnız bir mərkəzi Moskva televiziyası vardı, bir də Azərbaycan Dövlət Televiziyası - "Danışır, göstərir-Bakı".Alternativlər çox deyildi. Qəzetlər də mövcud idi, amma ümumi götürdükdə, ictimai rəyi media formalaşdırmırdı.İctimai rəyi birbaşa Sovet İttifaqı Kommunist Partiyası və onunla yanaşı Azərbaycan SSR Kommunist Partiyası müəyyənləşdirirdi.Tezislər göndərilir, müxtəlif dövlət qurumları vasitəsilə ictimai fikir yönləndirilirdi.İndi isə bu işi dövlətin təkbaşına görməsi mümkün deyil.Dövlət öz işini görür, amma media o qədər azad və rəngarəngdir ki, istər siyasi, istər ictimai məsələlərdə ictimai rəyin formalaşmasında əsas rolu məhz media oynayır. Yəni, bu gün media ictimai rəyin formalaşdırılmasında tamamilə azad və fərqli bir gücə çevrilib, bu baxımdan o dövrün mediasından köklü şəkildə fərqlənir.

-Bu illər ərzində Azərbaycan mediasının keçdiyi ən mühüm mərhələlər hansılardır?  

-Müstəqillik dövrü Azərbaycan mediasını belə müqayisə edə bilərik: Bir vaxtlar, yəni 1989-cu ildən etibarən Azərbaycanda yeni-yeni müstəqil qəzetlər, informasiya agentlikləri yaranmağa başlamışdı.Amma buna baxmayaraq, Azərbaycan mediası dünya ilə tam əlaqə qura bilmirdi, sözümüzü, dərdimizi dünyaya çatdıra bilmirdik.Ənənəvi şəkildə  Azərbaycanla bağlı xəbərlər Moskva vasitəsilə yayılırdı. Moskva isə bu xəbərləri öz istədiyi şəkildə təqdim edirdi.Xüsusilə də erməni məsələsində Azərbaycanla bağlı xəbərlər təhrif olunaraq, Azərbaycana qarşı yönəldilirdi.Amma bu gün biz elə bir mərhələyə çatmışıq ki, Azərbaycan mediası artıq meydanlarda, kabinetlərdə, beynəlxalq platformalarda - yəni bütün mümkün sahələrdə - özünü təsdiqləyib və sübut edib.İndi Azərbaycanda azad, müstəqil, həqiqətən də heç kimdən və heç nədən asılı olmayaraq dünyaya çıxış imkanı olan media mövcuddur.Bu gün dövlətin, millətin dərdlərini dünyaya çatdıra biləcək mediamız var və bu fərqi xüsusi vurğulamaq lazımdır. Bir vaxtlar dünyaya çıxmaq üçün biz daha çox asılı vəziyyətdə idik, indi isə o asılılıqdan əsər-əlamət qalmayıb.

-Beynəlxalq platformalarda Azərbaycan mediasına olan münasibət sizi nə dərəcədə qane edir?

-Beynəlxalq platformalarda ən çox iştirak edənlərdən biri, bəlkə də birincisi kimi bu sahəni qiymətləndirmək imkanım var.
Çünki on illərlə bu sahədə çalışan bir insan olaraq əminliklə deyə bilərəm: artıq bizim beynəlxalq platformalara çıxışla bağlı problemimiz yoxdur. Tutaq ki, 90-cı illərin sonlarında bu işlərə başlayanda  Azərbaycanın özünü tanıtması belə problem idi.
Xarici ölkələrdə Azərbaycan adını ilk dəfə məndən eşidən çox adam olub.Amma indi bu problem tamamilə aradan qalxıb.
Bu gün həm Azərbaycan, həm də onun mediası tanınır. Azərbaycan mediasının beynəlxalq əlaqələri güclüdür.Müxtəlif informasiya agentliklərimiz, media qurumlarımız, o cümlədən televiziya kanallarımız beynəlxalq təşkilatların üzvüdür, bu birliklərdə fəal iştirak edirlər.Yəni bu gün bizim üçün kifayət qədər yeni və faydalı beynəlxalq platformalar mövcuddur.-Azərbaycan Prezidentinin mətbuatın 150 illiyi ilə bağlı imzaladığı sərəncamın ölkə jurnalistikası üçün əhəmiyyəti barədə fikirlərinizi bilmək istəyirəm.

-Prezident İlham  Əliyevin   mətbuatımızın 150 illiyi ilə bağlı imzaladığı sərəncam, əlbəttə ki, dövlətin mediaya göstərdiyi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir.

-Şəxsən mən də bunu məhz bu şəkildə dəyərləndirirəm.Azərbaycan Prezidenti ilə bir neçə dəfə şəxsən görüşmüş biri olaraq bunu inamla deyirəm.Söhbət hazırkı Prezident İlham Əliyevdən gedir.Həmçinin, sağlığında Ulu Öndər Heydər Əliyevlə də bir dəfə görüşmək və çıxış etmək imkanım olub.İstər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatının, ümumilikdə isə medianın ayaqda durması və inkişaf edə bilməsi üçün dövlət imkanlarını səfərbər ediblər.Media və mətbuatımızın 150 illiyi ilə bağlı bu sərəncam da həmin məqsədə xidmət edir. Bu addım vasitəsilə bir daha ictimaiyyətin diqqəti mətbuat üzərinə yönələcək və dövlət mətbuatın daha da möhkəmlənməsi üçün yeni təşəbbüslər həyata keçirəcək. Belə bir ölkədə, dövlətin mediaya münasibətinin bu qədər müsbət olduğu bir şəraitdə yaşamaq və işləmək isə mənim üçün böyük xoşbəxtlikdir.

-Yeni nəsil jurnalistlərlə siz və sizin nəslin jurnalistləri arasında hansı əsas fərqləri görürsünüz?

-Yeni nəsil jurnalistlərlə bizim aramızdakı fərq - bilmirəm, bəlkə də dərindir, bəlkə də çox dərindir.Sadəcə, biz fərqli bir dövrdə yetişmişik. O dövrün texniki, maliyyə və maddi imkanlarını indiki imkanlarla müqayisə etdikdə, bu günün jurnalistləri - yəni yeni nəsil - daha şanslıdır.Məsələn, biz paytaxt küçələrini piyada gəzərək informasiya toplayırdıq.Bir xəbəri əldə etmək üçün min bir əziyyətə qatlaşmalı olurduq.Əllə yazı yazırdıq, sonra o yazı kompüterdə yığılırdı.Kompüterdə yığılandan sonra primitiv bir printerdə çap olunurdu, daha sonra onu oxuyur, səhvləri düzəldir və yenidən çap üçün göndərirdik.Yəni bu, olduqca mürəkkəb və vaxt aparan bir proses idi.İndi isə bu tamamilə fərqlidir.Jurnalist xəbəri birbaşa telefonda yazır və elə oradaca dərc edir. Artıq heç kim gözləmir ki, yazısı sabah-səhər qəzetdə çıxacaq və köşkdən alıb onu orada görəcək. Bizim dövrdə isə bu həyəcan vardı - yazını bu gün vermisənsə, sabah qəzet çıxana qədər narahat olursan: necə çıxacaq, necə qarşılanacaq?İndi belə bir narahatlıq yoxdur.Yazı anında dərc olunur.Üstəlik, indiki jurnalistlər üçün sürət hər şey deməkdir - xəbəri ilk verən olmaq vacibdir.Saniyələrlə yarış gedir.Bizim dövrdə isə bu cür təzyiq yox idi.Günün birinci yarısında baş verən hadisə ilə bağlı xəbəri axşam hazırlaya bilərdik və bu, heç nəyi dəyişməzdi.Onsuz da qəzet gecə saat 12-də, ya da 2-də çapa gedirdi.Vaxtımız vardı. Hətta vacib tədbirdən sonra bir tanışın toyuna gedib iştirak edə, oradan qayıdıb rahatlıqla yazını yazıb redaksiyaya təqdim edə bilirdik.Amma indi bu mümkün deyil.İndi hardasa bir xəbər yazırsansa, dərhal dərc etməlisən.Ciddi fərq də elə budur.

-Sonda bir qədər də şəxsi təcrübənizdən danışmağınızı istərdik. Jurnalistikadakı yolunuzda sizin üçün xüsusi əhəmiyyət kəsb edən məqamlar, bəlkə də paylaşmaq istədiyiniz fərqli bir təcrübəniz varmı?

-Bu cavab bir qədər şəxsi xarakter daşıyır, amma bu təcrübəni bölüşməyi sevirəm, çünki bu cür təcrübə Azərbaycanda çox insanda olmur, bəzən heç heç kimdə olmur.Mən həmişə jurnalistikadakı yerim və rolum barədə danışanda bunu qeyd edirəm:
Heç vaxt jurnalist olmaq istəməmişəm, amma bu gün əməkdar jurnalistəm.Dünyanın 40-a yaxın ölkəsində olmuşam və Azərbaycanı bir sıra beynəlxalq jurnalist qurumlarında təmsil etmiş ilk azərbaycanlılardan biriyəm.Məsələn, Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə qurulub və gələn il 100 illiyini qeyd edəcək.2001-ci ildə həmin Federasiyanın qurultayında bütün tarixi boyu iştirak etmiş ilk azərbaycanlı mən olmuşam.Onu da qeyd edim ki, bu tədbirə təkbaşına qatılmışdım.Yəni mən jurnalistikada təkcə qələm sahibi kimi yox, eyni zamanda ictimai təşəbbüslərlə məşğul olan, təşkilatlanma proseslərində iştirak edən biri kimi də fəaliyyət göstərmişəm.
Bu baxımdan, beynəlxalq qurumların illərlə mənim təcrübəmdən istifadə etdiyini deyə bilərəm - məsələn, UNESCO, Beynəlxalq Jurnalistlər Federasiyası, ATƏT və digər beynəlxalq, həmçinin dövlətlərarası və qeyri-hökumət təşkilatları.Bu təcrübənin nəticəsi olaraq bir sıra beynəlxalq təşkilatların rəhbər strukturlarına da seçilmişəm və orada xidmət etmişəm.
Düşünürəm ki, bu, Azərbaycan adına uğurlu və dəyərli bir təcrübədir. Arzu edirəm ki, bu təcrübə gələcəkdə bizdən sonra gələn nəsillər tərəfindən davam etdirilsin.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31