Tayland BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir: Rusiya dəstəyini istədi- ÖZƏL

Tayland Rusiya Federasiyasından BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq məsələsində dəstək istəyib. Olaylar.az xəbər verir ki, bu barədə Tayland Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Taylandın xarici işlər naziri Marit Sangiampxongun 28 aprel tarixində Rio-de-Janeyroda keçirilən BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə müzakirə olunub.
"Görüşdə tərəflər yüksək səviyyəli səfərlərin təşkili, ticarət əməkdaşlığı, Taylandla Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət zonası haqqında saziş üzrə danışıqların başlanması, nüvə təbabəti və mədəniyyət sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin, aktual qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xarici işlər naziri Taylandın BRİKS-in tamhüquqlu üzvü olmaqda qərarlı olduğunu təsdiqləyib və bu istiqamətdə Rusiyadan dəstək istəyib. Rusiya tərəfi bu müraciəti nəzərə alıb və Taylanda dəstək verməyə hazır olduğunu bildirib," - deyə Tayland Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Qeyd edək ki, 2024-cü ilin iyununda Sangiampxong Nijniy Novqorodda Sergey Lavrova krallığın BRİKS-ə tamhüquqlu üzv olmaq niyyətini əks etdirən məktub təqdim etmişdi. 2024-cü ilin dekabrında isə Rusiya Taylandın 2025-ci il yanvarın 1-dən etibarən BRİKS-in tərəfdaş ölkəsi statusu alması barədə bildiriş göndərmişdi. Tayland Moskvanın bu dəvətini qəbul etmiş və bu addımı gələcəkdə birliyə tam üzv olmaq yolunda mühüm mərhələ kimi qiymətləndirmişdi.
Xatırladaq ki, BRİKS qrupu 2006-cı ildə yaradılıb. 2011-ci ildə qurucu ölkələr (Braziliya, Rusiya, Hindistan və Çin) sırasına Cənubi Afrika da qoşulub. 2024-cü il yanvarın 1-dən Misir, İran, BƏƏ və Efiopiya tamhüquqlu üzv statusu alıb. 2025-ci il yanvarın 6-da isə İndoneziya qrupa qoşulub. Eyni tarixdə Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tayland, Uqanda və Özbəkistan BRİKS-in tərəfdaş ölkələri elan edilib. Yanvarın 17-də isə Nigeriya bu statusa sahib olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31