İranla Azərbaycan arasında münasibətlər yeni bir məcraya daxil olub- Tural İsmayılov- ÖZƏL

İran Azərbaycandan gündəlik 110 min barel neft idxal edərək Təbrizdə emal etməyi planlaşdırır ki, bu da iqtisadi əməkdaşlığı gücləndirə və nəqliyyat xərclərini azalda bilər. Bu xəbər Prezident Məsud Pezeşkianın Bakıya səfəri ilə eyni vaxta düşüb və münasibətlərin istiləşməsi kimi qiymətləndirilir. İran tərəfi həmçinin Qarabağın bərpasında iştirakda maraqlı olduqlarını açıqlayıb.

Politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildiirib ki, İranla Azərbaycan arasında münasibətlər yeni bir məcraya daxil olur:
"Əlbəttə ki, İran prezidenti Məsud Pezeşkianın Bakıya səfərindən sonra iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün çox ciddi potensialın mövcud olduğu bir daha vurğulanıb. İranla Azərbaycan arasında təkcə siyasi mənada deyil, iqtisadi sahədə də münasibətlərin doğrudan da yeni bir məcraya daxil olduğunu açıq-aşkar görürük. Məsud Pezeşkianın Bakıya səfərindən sonra İran Ticarət Palatasının rəhbərinin Qarabağın bərpasında İranın iştirakda maraqlı olduğunu bildirməsi təbii ki, önəmlidir. Bu gün Qarabağda bir çox dövlətlərlə Azərbaycanın müqavilələri var və onlar həm infrastruktur layihələrində, həm də yenidənqurma prosesində iştirak edirlər. İran da bu prosesdə, əlbəttə ki, müəyyən məqamlarda iştirak edə bilər. Düşünürəm ki, dövlətimizlə danışıqlar aparılacaq və İran şirkətlərinin hansı sahələrdə iştirak edəcəyi məsələsinə aydınlıq gələcək. Ən azından İran-Azərbaycan Biznes Forumunda həm cənab Prezident İlham Əliyev, həm də İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla İran arasında iqtisadiyyat, investisiya və biznes sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Bu fonda da Qarabağdakı layihələrdə İran şirkətlərinin iştirak ehtimalları var".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31