Təhsilin məqsədi həyatı yaxşılaşdırmaqdır- Arzu Soltan
2 May 17:32 MüsahibəTəhsil hər bir cəmiyyətin inkişafının təməlidir. Texnologiyaların sürətlə dəyişdiyi, informasiya bolluğunun hökm sürdüyü XXI əsrdə təhsil sisteminin rolu daha da artmaqdadır. Gənc nəslin müasir dünyaya uyğun bilik və bacarıqlarla silahlanması, onların yaradıcı, tənqidi düşünən, ictimai həyata aktiv şəkildə qoşulan fərdlər kimi formalaşması hər bir ölkənin əsas strateji məqsədlərindən biridir. Azərbaycan da bu sahədə mühüm islahatlar aparmaqda, dünya təcrübəsini öyrənərək təhsil sistemini davamlı şəkildə təkmilləşdirməkdədir. Bu inkişaf yolunda cəmiyyətin maarifləndirilməsi, təhsildə baş verən yeniliklərin, problemlərin işıqlandırılması və ictimai müzakirəyə çıxarılması mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə böyük missiya daşıyan mətbu orqanlardan biri də 100 illik tarixi olan və Azərbaycan təhsilində xüsusi yeri ilə seçilən "Azərbaycan Məktəbi" jurnalidir. Elm və Təhsil Nazirliyinin təsis etdiyi bu akademik jurnal ölkədə təhsil sahəsində aparılan elmi-pedaqoji araşdırmaların, qabaqcıl təcrübələrin və yeniliklərin yayılmasında mühüm rol oynayır. Təhsil sahəsində müxtəlif mövzulara dair elmi məqalələr dərc etməklə yanaşı, jurnal öz oxucularına aktual və maarifləndirici məlumatlar təqdim etməyi də qarşısına məqsəd qoyub. Jurnal həm pedaqoqlar, həm də təhsil işçiləri, tələbələr və valideynlər üçün dəyərli bir resurs olaraq çıxış edir.
Belə bir missiyanın daşıyıcısı olan "Azərbaycan Məktəbi" jurnalının baş redaktoru Arzu Soltan ilə söhbətimizdə bugünkü Azərbaycan məktəbinin qarşısında duran çağırışlar, təhsildə medianın rolu, müəllim obrazı, teatrla təhsilin əlaqəsi və gənc nəsildə təhsilə marağın artırılması yolları kimi mühüm mövzulara toxunduq.
-Arzu xanım, bugünkü Azərbaycan məktəbinin əsas çağırışları sizcə nələrdir və bu çağırışlarla mübarizədə medianın rolu nə qədər önəmlidir?
-Çağırışlar deyəndə mən təhsilin qarşısında duran yenilikləri, çatmalı, mənimsəməli olduğumuz daha yüksək mərhələləri başa düşürəm. Bu baxımdan Azərbaycan məktəbi tərəqqi yolundadır. Dünya standartları, təhsil sahəsində qabaqcıl ölkələrin təcrübələri diqqətlə öyrənilir, araşdırılır, yerli tələblərə uyğunlaşdırılıb tətbiq edilir.
İstər yeni tədris metodları, yeni məzmunlu dərsliklər, istərsə də durmadan dəyişən dünya, davamlı inkişaf üçün təhsil, sosial və yaradıcı bacarıqların inkişaf etdirilməsi, "yaşıl məktəb" çağırışları ilə ayaqlaşmaq, təhsili həyatla əlaqələndirmək, elmlə təhsilin inteqrasiyasına nail olmaq baxımından davamlı işlər görülür.
Çağırışlar sözünün həm müsbət, həm də bir qədər əks çaları var. Dünyanın hər yerində təhsilin qarşısında duran əsas çətinliklər - müxtəlif münaqişələrin, iqlim dəyişikliklərinin təsirləri, sinifdə zorakılıq və bullinq halları, sosial media savadlılığının azlığı və s. bu kimi məsələlərdir.
Media bu sahədə öz üzərinə düşən vəzifəni anlamalı, çətinlikləri aradan qaldırmalı olanları hərəkətə gətirməyi, çətinliklər olmasa hər kəsin yaşayışının nə qədər yaxşılaşacağını nümayiş etdirməyi bacarmalıdır.
- "Azərbaycan Məktəbi" jurnalının baş redaktoru olaraq təhsildəki yenilikləri və problemləri işıqlandırarkən hansı prinsiplərə əsaslanırsınız?
-"Azərbaycan Məktəbi" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Qeyd edim ki, jurnal 1924-cü ildən nəşr olunur. Yəni 100 ildən artıqdır ki, təhsil sisteminin yenilənməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında iştirak edir.
Jurnalda təhsil idarəçiliyi, təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi, təhsil siyasəti, kurikulum, təhsil texnologiyaları, pedaqogika, təhsilin sosiologiyası, təhsil tarixi, xüsusi təhsil, müəllim hazırlığı, qiymətləndirmə və s. tədqiqat sahələri üzrə məqalələr dərc olunur.
Onu da deyim ki, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.
Bununla yanaşı, jurnalımızın internet səhifəsində "Aktual" bölməsi var. Burada biz öyrətmək və öyrənmək ilə bağlı yeni metodlardan və təcrübələrdən, uzaqdakı məktəblərdən, sosial mediadan təhlükəsiz istifadə qaydalarından, ekovətəndaşlıqdan, oxunmalı kitablardan, izlənməli filmlərdən və başqa aktual məsələlərdən bəhs edirik. "Aktual" bölməsində təhsil işçiləri, tələbələr, şagirdlər, eləcə də valideynlər özləri üçün faydalı məlumatlar tapa bilərlər. Prinsipimiz dövlətimizə, xalğımıza, insana, firavan gələcəyə xidmət etməkdir.
-Sizcə, cəmiyyətdə təhsilə münasibət illər ərzində necə dəyişib və bu dəyişikliklər təhsilin inkişafına necə təsir edib?
-Düşünürəm ki, insanlar təhsilin əhəmiyyətini daha çox anlamağa başlayırlar. Yəni sadəcə diplom yox, həyatı daha da yaxşılaşdırmaq naminə bilik və bacarıqlar əldə etmək üçün təhsil almağın vacibliyi indi daha aydın görünür. Bu da insanların ixtisas seçimlərinə təsir edir, eləcə də yalnız ali məktəblərə deyil, həm də peşə təhsili müəssisələrinə üz tutmalarına səbəb olur. Tələbat artıqca keyfiyyətin də artması zərurəti yaranır və təhsil sahəsində aparılan davamlı islahatlar da göz qabağındadır.
-Teatr fəaliyyəti ilə də məşğulsunuz: təhsil və teatr sənəti arasında hansı paralellər görürsünüz və bu iki sahə bir-birinə necə təsir edə bilər?
-Teatr bir mədəniyyət sahəsidir. Bildiyiniz kimi, mədəniyyət sözünün kökünün də latın dilində mənası "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" dır. Bu baxımdan teatrla təhsilin məqsədləri üst-üstə düşür. Müəllifi olduğum tamaşaların bir çoxu da bu gün cəmiyyəti narahat edən müxtəlif mövzularda maarifçilik missiyası daşıyır.
Yəni teatr həmişə təhsilin yanındadır. Teatr da təhsilin çatmaq istədiyi məqsədlərə, savadlı, Vətənini sevən, emosional zəkası inkişaf etmiş, öz sağlamlığını qoruya bilən, cəmiyyətə faydalı olan bir işin qulpundan tutan, möhkəm ailə dəyərləri olan intellektli və xoşbəxt insanların yetişdirilməsinə çalışır.Təhsil isə bütün bu fəaliyyətlərin başlanğıcında durur. Başqa bütün sahələrdə olduğu kimi, teatr sahəsində də çalışan insanların, yaranan əsərlərin keyfiyyəti təhsillə bağlıdır.
-Gənc nəsildə təhsilə maraq yaratmaq üçün məktəblərdə və mediada hansı üsullara üstünlük verilməlidir?
-İnsan özünü harada yaxşı hiss edirsə ora can atır. Bu baxımdan məktəb də, media da insanlara özünü xoşbəxt hiss etmək imkanı yaratmalı, bunun yollarını göstərməlidir. Söhbət əyləncədən və ya sosial mediada məqsədsiz vaxt keçirməkdən getmir. Məktəb və media vasitəsilə insan öz dəyərini anlamağa başlamalı, özünü kəşf etmək, faydalı hiss etmək, aid olmaq, özünü ifadə etmək imkanı qazanmalı, qarşısına çıxan gözlənilməz problemləri həll etməyin yollarını öyrənməlidir. Şagirdə başa salmalıyıq ki, məktəb onun dostudur, ona verilən fürsətdir, onun üçün çalışır.
Professor Bəşir Əhmədovun 1972-ci ildə "Azərbaycan Məktəbi" jurnalının 6-cı sayında dərc olunmuş "Şagirdlərin təlim marağının inkişaf etdirilməsi" məqaləsində qeyd olunur ki, "Mövzunun əhəmiyyətini başa salmaq təlimin ən gözəl motivlərindən biridir".
Bu baxımdan biz təhsilalanlara təhsilin onların və bütünlükdə yaşadığımız dünyanın həyatında və gələcəyində rolunu, əhəmiyyətini başa salmağa nail olmaqla onlara motivasiya verə bilərik.
- Bir təhsil jurnalının baş redaktoru kimi, bugünkü müəllim obrazı haqqında düşüncələrinizi bilmək maraqlı olardı: biz hansı müəllimləri yetişdirməliyik ki, gələcək Azərbaycanı daha güclü görək?
-Mən müəllimlərlə tez-tez görüşürəm və deyə bilərəm ki, bugünkü Azərbaycan müəlliminin daim öz üzərində işlədiyini, inkişafa can atdığını, yeniliklərə açıq olduğunu müşahidə edirəm. Çünki dünya durmadan dəyişir və inkişaf edir. Dünya ilə ayaqlaşmaq, öyrətməyə davam etmək üçün daim öyrənmək də zəruridir.
Səidə Ramazanova