Qiymətləndiricilər Palatası və Mediasiya Şurası əməkdaşlıq edəcək
15:46 SosialBu gün Azərbaycan Qiymətləndiricilər Palatasının ofisində Palata Rəhbərliyi ilə Mediasiya Şurasının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov iştirak edib. Görüş zamanı hər iki qurum arasında birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri və formaları müzakirə olunub. "Olaylar" xəbər verir ki,
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov səmimi qəbula görə Palata sədri Nüsrət İbrahimova təşəkkürünü bildirib, iki qurum arasındakı əməkdaşlığın əmlakla bağlı mediasiya prosesinə ciddi töhfə verə biləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, bu qurumlar arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı ekosistemin inkişafına da müsbət təsir göstərə bilər.
Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov da əməkdaşlıq təşəbbüsü üçün Nadir Adilova minnətdarlığını ifadə edib, qeyd olunan istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Nüsrətİbrahimov qeyd edib ki, yeni yaranan təşkilat olaraq bu cür görüşlər Palatanın inkişafı baxımından olduqca əhəmiyyətlidir. Palata sədri birgə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Tərəflər arasında birgə əməkdaşlığın işçi qruplar səviyyədə intensiv şəkildə davam etdirilməsi razılaşdırılıb. Görüşdə Qiymətləndiricilər Palatasının sədr müavinləri, Mediasiya Şurası sədrinin müşaviri, mediasiya təşkilatları rəhbərləri, qiymətləndirici şirkət rəhbərləri iştirak ediblər.