.Reklamlar bizi necə idarə edir?

Bu gün hara baxsaq, reklamlarla qarşılaşırıq. Onlar televizorda, sosial şəbəkələrdə, küçələrdə, marketlərin rəflərində, hətta telefonlarımızda belə bizi izləyir. Reklamlar həyatımızın adi bir hissəsinə çevrilsə də, onların təsiri çox zaman gözlədiyimizdən daha dərindir. Reklamlar sadəcə məhsul tanıtmır - onlar bizim düşüncəmizi, davranışlarımızı və seçimlərimizi gizli şəkildə idarə edir.

Əvvəlcə qeyd etməliyik ki, reklamların məqsədi sadəcə məlumat vermək deyil - onlar bizim ehtiyaclarımızdan çox arzularımıza oynayır. Misal üçün, "əgər bu maşını alsan, daha uğurlu olacaqsan" və ya "bu parfümü istifadə etsən, daha cazibədar görünəcəksən" mesajları çox yayğındır. Bu cür mesajlar insanın psixologiyasına təsir edərək, onu məhsulu almağa şirnikləndirir.

Bəzi reklamlar isə insanları manipulyasiya etməklə onların özünə inamına təsir edir. Məsələn, kosmetik məhsulların reklamları, xüsusilə qadınları, "yetərincə gözəl deyilsən" mesajı ilə hədəfə alır. Bu, cəmiyyətə qeyri-real gözəllik standartlarını sırıyır və bir çox insanın öz bədənindən narazı qalmasına səbəb olur. Nəticədə insanlar bu məhsulları almağa məcbur hiss edirlər.

Maraqlı fakt və hadisələr

Reklam tarixində çoxlu maraqlı və düşündürücü hadisələr də baş verib. Məsələn, 1950-ci illərdə ABŞ-da "subliminal reklamlar" geniş yayıldı. Sinemalarda saniyənin mində biri sürətində "Popkorn al, kola iç" kimi mesajlar ekrana verilir və bu mesajlar insanların şüuraltına təsir edirdi. Həmin dövrdə bu reklamların satışları ciddi şəkildə artırdığı iddia edilirdi. Bu hadisə o qədər səs-küyə səbəb oldu ki, bir çox ölkələrdə bu tip gizli reklamlar qadağan edildi.

Digər maraqlı nümunə isə Coca-Cola və Pepsi arasında olan "reklam müharibəsidir". Hər iki brend bir-birinə qarşı illərlə davam edən kreativ, bəzən isə sərt kampaniyalar aparıb. Bir dəfə Pepsi-nin reklamında bir uşaq Coca-Cola avtomatından içki almaq üçün ayağının altına iki Coca-Cola qutusu qoyur və sonra Pepsi almağa çatır. Bu reklam, rəqibi zarafatla aşağıladığı üçün həm bəyənildi, həm də tənqid olundu. Bu tip kampaniyalar markaların necə ictimai rəyə təsir etməyə çalışdığını göstərir.

Mənfi təsirləri nədir?

Reklamların ciddi mənfi təsirlərindən biri istehlakçılıq mədəniyyətinin yayılmasıdır. İnsanlar reklam vasitəsilə daim nəyəsə ehtiyac duyduqlarını düşünməyə başlayırlar. Halbuki, bu ehtiyaclar çox zaman süni şəkildə yaradılır. Bu, həm insanların maliyyə çətinliklərinə düşməsinə, həm də ətraf mühitin lazımsız istehsal və israf yolu ilə çirklənməsinə səbəb olur.

Uşaqlar da reklamların təsirinə ən açıq təbəqələrdəndir. Onlar cizgi filmləri arasında göstərilən oyuncaq və şirniyyat reklamlarına tez inanır, valideynlərindən həmin məhsulları tələb edirlər. Bir çox tədqiqat göstərir ki, televiziyada çox reklam izləyən uşaqlarda artıq çəki problemi daha çox müşahidə olunur. Bu, əsasən fast-food reklamlarının güclü təsiri ilə bağlıdır.

Reklamlar müasir dünyada həm güclü bir iqtisadi alət, həm də cəmiyyətin davranışlarına yön verən bir gücdür. Onlar gündəlik qərarlarımızdan tutmuş, dəyərlərimizə qədər bir çox sahəyə təsir edir. Bu səbəbdən reklamları izləyərkən diqqətli olmaq, onların manipulyativ tərəflərini anlamaq və düşünərək qərar vermək vacibdir.

Unutmayaq ki, reklamlar bizə nəyi görmək, nəyi istəmək və nəyi almaq lazım olduğunu deməyə çalışır. Amma qərar vermək - bizim əlimizdə olmalıdır.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31