Azərbaycan-İran münasibətləri: Yeni mərhələyə doğru– ÖZƏL
11:56 Siyasət"Biz Azərbaycan olaraq bütün qonşularla, o cümlədən də İranla mehriban qonşuluq, intisadi, siyasi əlaqələrin möhkəmlənməsində maraqlıyıq və indiyə qədər addığımız addımlarla bunu dəfələrlə sübut etmişik".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Şübhəsiz ki, Azərbaycanla İran arasında münasibətlərin inkişafında həm regional, həm də qlobal faktorlar mühüm yer tutur. Bununla yanaşı bu münasibətlər həm də ortaq tarixi, dini və mədəni dəyərlərə əsaslanır. Yaxın qonşu olmağımız, İranda 40 milyona yaxın soydaşımızın yaşaması iki ölkə arasında davamlı münasibətləri zəruri edir.
Düzdür biz zaman-zaman İrandan ölkəmizə qarşı adekvat olmayan münasibətlərə də şahidlik edirik. Ermənistanın işğalı dövründə İranın qarşı tərəf üçün nəfəslik rolunu oynaması, İkinci Qarabağ müharibəsində də eyni münasibət sərgiləməsi, sonrakı dövrdə İran mediasında Azərbaycanla bağlı aparılan anti-təbliğat kampaniyası, səfirliyimizə terror hücumu, İranın Ermənistana verdiyi dəstək, eləcə də Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bunun bariz sübutudur.
Amma bütün bunlara baxmayaraq iki ölkə arasında münasibətlərin müxtəlif spektrdə inkişaf etdirilməsi üçün real imkanlar var. İlin əvvəlindən bəri baş tutan qarşılıqlı səfərlər, ikitərəfli münasibətlərdə müsbət tendensiyalar onu deməyə əsas verir ki, Azərbaycan-İran arasında soyuqluq, hətta gərginlik arxada qalıb. İran artıq Azərbaycanın regionda oynadığı rolu, sürətli inkişafını görür və qiymətləndirir. Görünən də odur ki, İran qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyə başlayıb.
İkitərəfli əlaqələrin inkişaf səviyyəsinə baxdıqda isə bir sıra sahələrdə müsbət irəliləyişləri qeyd etmək olar. Məsələn, İran və Azərbaycan arasında ticarət dövriyyəsinə baxdıqda davamlı şəkildə artıma şahidlik edirik. Təkcə keçən il bu dövriyyə 647 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 33% artım deməkdir. Ölkəmizdə hazırda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib və onların əksəriyyəti aktiv şəkildə fəaliyyət göstərən şirkətlərdir. Neftçalada birgə avtomobil istehsalı həyata keçirilir, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun tikintisi nəzərdə tutulur. Enerji sahəsində uğurlu əməkdaşlıq var. "Xudafərin", "Qız Qalası", "Ordubad" və "Marazad" su elektrik stansiyalarının inşası, İmişli-Parsabad elektrik xəttinin tikintisi bu istiqamətdə atılmış mühüm addımlardır.
İki ölkə arasında münasibətlərin inkiafında mühüm yerlərdən birini də nəqliyyat-logistika sahəsində əməkdaşlıq təşkil edir. Şimal-Cənub nəqliyyat dəhlizi istiqamətində birgə fəaliyyət bunun bariz sübutudur.
M.Pezeşkianın Bakıya səfərindən sonra Azərbaycan-İran münasibətlərində müsbət irəliləyiş olacağı gözləniləndir. Düşünürəm ki, bundan sonra iki ölkə arasında münasibətlərdə dəyişikliklərin şahidi olacağıq".
Zeynəb Rzayeva