Biz işığa doğru irəliləyirik...

Birinci Qarabağ müharibəsinin ağır illərində mübarizə aparan və Azərbaycanın ədəbiyyatına dəyərli töhfələr verən şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Ustac. Onun həyat yolu, müharibə təcrübələri və ədəbiyyata olan sevgisi, çoxlarının tanıdığı bir şəxsiyyətin arxasında dayanan dərin məna daşıyır. Bu müsahibədə Zaur Ustacla həyatının və yaradıcılığının izlərini danışacağıq.

- Əsl adınız Zaur Mustafayevdir. "Ustac" ləqəbini seçməyinizin hekayəsi nədir? "Ustac" nə deməkdir və niyə məhz bu adı seçdiniz?

-"Ustac" təxəllüsünü ilk dəfə təxmini  90-cı illərdə yazdığım bir şeirdə işlətmişəm. Şeirdə bir bənddə yazmışam:

Saçların var qulac-qulac,

Ustac olub sənə möhtac.

Bu şeirdən  sonra "ustac" maraq yaratdı və mən də bunu seçdim. Bir  təxəllüsüm olub. İlk şeir yazmağa başlayanda götürdüm və indi də işlədirəm. Həm də hər iki tərəfdən nəslim ustaclı tayfasına- Ərdəbilə-Arazın o biri tərfəinə gedib çatır. Bunun da yəqin ki, bir rolu var. Böyüdükdən sonra başa düşdüm ki, belə əlaqə də var. Peşman olmadım və bu gün də fəxr edirəm ki, bu ləqəbi ləyaqətlə daşıyıram.

- Həm nəsr, həm nəzm yazırsınız. Hansı anda hansı üslub sizi daha çox özünə çəkir? İçinizdə hansı daha güclüdür - şair, yoxsa nasir?

-Mənim üçün heç bir fərqi yoxdur. Niyə?  Biz hamımız dastanlarla, aşıq söhbətləri, onlar olmayan zaman-uzun qış gecələrində babaların, nənələrin söhbətləri ilə böyümüşük. Mən 1975-ci il təvəllüdəm. 1979-cu lin mart ayından- Novruz bayramından bugünə kimi hər şeyi xatırlayıram. Belə bir yaddaşım var. Bizim ailəmiz böyük olub. Övladlar, nəvələr qış gecələrində  baba evində toplaşardılar.Müxtəlif söhbətlər gedərdi. Həmişə nəzmlə nəsri birlikdə görmüşük. O, deyir, "aşıq sazla dediyini sözlə də dedi". Ona görə, elə bir fərq görmürəm. Amma yazı yazan zaman sırf həmin məqamla bağlıdır ki, heç nə birdən-birə yaranmır. Beynində düşündükdən sonra nə vaxtsa yazıya köçürüsən. İnsanın özündən asılı deyil. Nəzmlə gələndə nəzmlə yazırsan, nəsrlə gələndə nəsrlə. Yadımdadır ki. "Oriyentir  Ulduzu" əsərini yazmışam Mübariz İbrahimov haqqında. Onu mən səhər 5 radələrində əlimdə kitab- dəftər uzaq yol gedərkən yazmışam. Necə ki, indi ağlıma gələn bir şeiri telefona yazıb qeyd edirəm, o zaman da bu əsəri yazıya səhər saatlarında yazdım bitirdim.

-Gənclik illərində təhsili yarımçıq qoyub müharibəyə getmisiniz. O qərarın arxasında hansı duyğular dayanırdı? Bu yaşantılar yaradıcılığınıza necə hopdu?

- Bu həqiqətən maraqlıdır. Mən ümumiyyətlə 1-ci sinifdən 11-ci sinifə kimi təhsilimi Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışam. Birinci ordan olmağım rol oynayır. Əslində fərqi yoxdur, Bakıda da yaşasaydım, eynisi olacaqdı. Xasiyyət dəyişməzdir. Mən Ağdamda  hərbi qeydiyyatda olmamışdım, həmin zaman hərbi xidmətə rəsmi şəkildə başladığım məqamı desəm, bütün xidmət boyu həmin günü apardığım şəkili hərbi biletə yapışdırıblar və möhürsüz şəkildə hərbi biletlə məni xidmətə göndərmişdilər. Şükür heç problem olmadı. Hər kəsin bir missiyası var, Yaradan özü qoruyur. Mən Bakı Dövlət Universitetinə qəbul olmuşdum, girirdik əsas binaya, baxırdım 5-ci kurs tarix tələbəsi, hüquq tələbəsi, hamısı buraxılışa bir-iki ay qalmış şəhid olub və şəkilləri asılıb. Elə bir zamanda qalıb oxumaq mümkün deyildi. Başqa variantımız yox idi. İndi də yadımdadır, Dəmiryol Vağzalında uşaqlar yola salanda 4 yoldaş idik- birimiz tibbdə, birimiz İqtisad Univeristetində, birimiz də Pedoqoji  Universitetdə oxuyurduq. Hamısı neçə dəfə dedi ki, Zaur getmə, düzgün addım deyil. Ancaq mən getdim və peşman da deyiləm. Atəşkəsdən sonra da mən bir il xidmət etdim. Hətta hərbi xidmət atəşkəsdən sonra arayış da verdi ki, "biz təhsilini davam etdirməyinə narazı deyilik". Atəşkəsdən bir il sonra gəldim universitetə, o zamanlar Rasim müəllim var idi. Sağ olsun o girişdə qarşıladı, məsələhətlər verdi. Hazır sənədlərlə gəlmişdim. 2 seçim var idi, ya Bakı Dövlət Universitetində təhsilimi davam etdirəcəkdim, ya da hərbi akademiyaya  gedəcəkdim. Onun məsləhəti ilə oranı seçdim, təhsilimi orada davam etdirdim. Sonra peşəkar hərbiçi oldum, xidmət etdim, indi də ehtiyata buraxılmışam.

-Şeirlərinizdə tez-tez vətən, torpaq, ana yurd mövzularına rast gəlirik. Bəzən düşünürlər ki, bu mövzular klassikdir. Siz bu mövzulara necə yenilik, öz imzanızı gətirirsiniz?

- Bütün söhbətlərdə deyirəm ki, bu mənim öz seçimim deyil. Bu gün bütün söz ehtiyatıma görə, həyatda əldə etdiyim nailiyyətlərə görə hamısnı borcluyam Ağdamın Yusifcanlı kəndində keçirdiyim uşaqlığa. Həm müəllimlərimiz savadlı və tələbkar idi, həm də nənə və babalarımızın rolu böyük idi. Bu yenə bizim adət-ənənələrimizə qayıdır. Ailə vacibdir. İlk yadımda qalan nəzm nümunəsi nənəmin bir gündə 10 dəfə oturanda dediyi şeir yadımdadır.

Araz, Araz, xan Araz,

Alış Araz, yan Araz ,

Otun, suyun qurusun,

Mənim kimi yan Araz

İlk yadımda qalan nəzm budur. Əvvəllər Araz dərdi, sonra torpaqlarımızın işğal edilməsi, onun müxtəlif səbəblərdən olmağı bu yazıları yazdırırdı.

Həm hərbi xidmətdə olmaq, həm elə bir ailədə böyümək, həyatı boyu bu işin içində olmaq, axtarmaq, araşdırmaq istəyi məcbur edir ki, bu mövzuda yazaq. Hansı mövzudan yazsam gedib o mövzulara toxunur.

-Tərcümə kitablarınız da var. Bir yazıçı və şair üçün tərcümə etmək yaradıcılıqla necə uzlaşır? Tərcümə prosesində ən çox nəyə diqqət edirsiniz?

-Tərcümə məsələsi də maraqlıdır. Mən o fəaliyyətimə istəmədən başlamışam. Atəşkəsdən sonra gəldim hərbi məktəbə, orada təhsil rus dilində idi. Təhsilin ortalarında keçmək lazım oldu Azərbaycan dilinə. Bizim də bütün otaqlarımız rus dilində yazılarla dolu idi. Mən Hava Hücumlarında Müdafiə Qoşunları üzrə oxumuşam və bu  ən çətinidir. Sonra digər sahələr gəlir. Bizim qrupda 25 nəfər var idi onlardan rus dillilər də var idi. Mən ucqar kənddə təhsil alsam da, rus dilində çox  danışmasam da, bu dildə yaxşı mütaliəm var idi. 1-ci kursun sonlarına yaxın bir qrup yoldaşım kursantla birlikdə kafedra rəhbərliyi tərəfindən müəyyən vaxt verilirdi, (hərbidə qayda idi ki tapşırıq deyilən vaxtda hazır olmalıdır) tərcümələr edirdik. Rizvan var idi qrup yoldaşım, hazırda da xidmət edir. Əlinə dəftər alırdı, mən tərcümə edirdim, o da yazırdı. Bizim tərcümələrimizi də katibə xanım yazıb divarlara asırdı.

Hərbi təhsil alan şəxslər bilir ki, bizə iki ixtisas verirlər. Biri hərbi komandan, digəri oxuduğu ixtisas üzrə mühəndis. Mən həm də mühənidsəm. Hamıya maraqlı idi ki, mən nə təhsili alacam. Əvvəllər dini təhsil almağı düşünürdüm. Sonra fikrim dəyişdi. Tam olgunlaşandan, müxtəlif kateqoriyalardakı insanları tanıdıqdan sonra qərara gəldim ki, ibtidai sinif müəllimi olmalıyam.  Ordan başlayım ki, gələcəyə töhfə verim. Pedoqoji təhsil almışam .

Mən kitabları çox alıram.  Əlimdən minlərlə kitab keçib, bəzilərini bir neçə dəfə almışam, bəzilərini hədiyyə etmişəm və.s.

Elə kitablar var ki, mənə çox maraqlıdır, tərcümə edib yazmışam ki, uşaqlarda oxusun. Azyaşlılar üçün tərcümə etdiyim kitablar insanın birbaşa ürəyinə toxunur,  onun formalaşmağına kömək olur. İnanıram ki, o əsərləri uşaq vaxtı kim oxuyubsa, böyüdükdən sonra da yenə oxuyacaq.

- Ədəbi mühitdə Zaur Ustac adını eşidənlər sizi necə tanısınlar istərdiniz: döyüşçü şair, realist nasir, yoxsa bir tərcüməçi müəllim?

-Düşünürəm ki, məni insanlar şair kimi tanısınlar. İlk onunla-nəzmlə başlamışam deyə şair kimi tanısınlar.

- Yaradıcılıq yolunuzda ən çətin və ən işıqlı anlarınız hansılar olub? Birini bölüşə bilərsinizmi?

-Heç bir çətin zamanım şükür ki, olmayıb. Azyaşda bu sahəyə başlamışam və çox yoldan keçmişəm. Özüm də fərqindəyəm. Ancaq heç vaxt heç bir vəziyyətdə çətinlik hiss etməmişəm. Kənardan baxanda çətin görünə bilər, amma heç bir çətinlik olmadı. Həmişə  şükür edərək davam etdim. Ancaq işığa doğru özümü hərəkətdə görürəm.

- "Yazarlar" jurnalının baş redaktorusunuz. Bugünkü gənc qələm sahiblərinə baxanda hansı ümidi, hansı boşluğu hiss edirsiniz?

- Yenə də tarixdən körpü atmasam, bu söhbətə gəlmək mümkün deyil. Niyə? İstənilən dövrdə insanlar həmişə iki yola ayrılıblar. Ən azı, ən ümumi baxımdan: sağçılar, solçular. Mifologiyada da belədir - xeyir, şər. Bu günün özündə də, məsələn, gənclər sırf iki yerə bölünürlər. Bax, bizdə, Azərbaycanda yaşayıb xainə, düşmənə işləyən gənclər bu saat da var. Başa düşmək olmur ki, onlar  bunu  niyə  edirlər.

Bax, məsələn, bir müddət şəhid məqalələrini sildilər sosial şəbəkələrdə. İndi də o davam edir. Hələ hazırda da həmin o qrup - bizim alimlərin, tanınmış şəxslərin, vəfat edənlərin, yaşayanların - fərq etməz, onların məqalələrini, hər yandan şəkillərini silirlər. O xain, düşmən - adını da çəkmək istəmirəm onların məqalələrini yaradırdılar. Tutaq ki, 1950-1951-ci illərdə bir nəfər burada yaşayıb, Pedoqoji Universitetdə işləyib. Onu heç kim tanımır. Bizim akademiklər, alimlər də tanımır. Amma həmin adamın  Azərbaycan dilində məqalələrini yaradırlar erməni mənbələrinə istinadən, bizimkiləri isə silirlər. Bu, bunun pis tərəfidir. Sizin bu söhbətdən istifadə edib, bütün hüquq-mühafizə orqanlarına, bu işlə məşğul olanlara - ictimai təhlükəsizlik, kibercinayətkarlıq, aidiyyəti idarələrə  buradan çağırış edirəm ki, bu məsələni nəzarətə götürsünlər, məşğul olsunlar. Bu, artıq bir nəfərin işi deyil. Qrup şəklində, gənclərin əməyidir bu. Bu yaşlı adamlar olsa, yenə göz yummaq olardı. Ancaq bunlar   gənclərdir. Məsələn, 18-25 yaş arası şəxslərdir. Bunların hələ gələcəkdə nə qədər ömrü var. Bu, o deməkdir ki, 50-60 il bu işlə məşğul ola bilərlər. Bu isə bizim ziyanımızdır.

Əvvəldən də dedik ki, biz işığa doğru irəliləyirik, yaxşı işlərlə məşğuluq. Kimsə bizi dəli saya bilər, kimsə ağılsız saya bilər. Ancaq hər şeyin bir adı var.Bizim pis işlərlə məşğul olmağa vaxtımız yoxdur. Ancaq yaxşıdan danışmalıyıq.

Gənclərdən Südabə Məmmədova  var. Onun kitabı çap edilib. Jurnalın fəaliyyəti olub, artıq bir neçə dəfə də nəşr olunub. Bir dəfə də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təqdimatı da olub. Biz onu boş yerə seçməmişik.  "Yazarlar" jurnalını qeydiyyatdan keçirəndə - 2007-ci ildə - oranın nizamnaməsində yazmışıq ki, bu ədəbi mühitə, cəmiyyətə çıxışı asanlaşdırmaq üçün uşaqlara, gənclərə, yeniyetmələrə kömək edək. Bizim email ünvanımız, WhatsApp nömrəmiz - əlaqə vasitələrimiz yaşından asılı olmayaraq hamı üçün açıqdır. Hər kəs də oraya göndərir. Heç bir məhdudiyyət də yoxdur. Hər ayın 5-nə qədər yeni nömrə çıxır. İndi məsələn, may  ayının 5-i üçün artıq nömrə hazırdır. Elektron variantda da var, kağız versiyada da satışdadır. Hər iki formatda əldə etmək olar.

Sadəcə bir məsələ var ki, onu qeyd etmək istəyirəm. O da odur ki, bəziləri bir dəfə yazır, dayanırlar. Amma bəziləri dayanmır, çalışır, davam edir və nəticə əldə edir. Məsələn, biz bu yaxınlarda Elmlər Akademiyasında bir  layihə çərçivəsində yeni kitabların tanıtımı ilə bağlı müzakirə etdik. Mən demişəm, məsələn, Rəvan Cavidin həm romanı, həm hekayələri var. Poeziyadan soruşsanız, İntiqam Yaşar var. Belə gənclər var. Siz də, məsələn, jurnalist kimi öz sahənizdə fəaliyyət göstərirsiniz və əminəm ki, əməyiniz qiymətləndirilməlidir. Əgər qrupunuzda 25 nəfər varsa, siz, mənim fikrimcə, onların içində ilk beşlikdəsiniz. Və sizə bir tövsiyə vermək istəyirəm: müəllimlərin fikrinə hörmətlə yanaşmaq lazımdır. Mən indiyə qədər ən azı beş təhsil müəssisəsində olmuşam. Həmişə müəllimlər deyib ki, ya Zaur birincidir, ya ikincidir, ya da beşliyin içindədir. Bu da onu göstərir ki, müəllimlər həmişə düz deyirlər. Mən bunu özümdə də hiss etmişəm.  Müəllimlərə həmişə hörmət etməli, onların seçimlərinə hörmətlə yanaşmalı, tapşırıqları yerinə yetirməliyik.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31