Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8 Noyabr - Zəfər Günü münasibətilə "Tarixi Zəfər" tədbiri keçirilib.
Tədbirdə dövlət rəsmiləri, AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, uzaqgörən siyasətindən və müdrik qərarlarından söz açıb, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqlardan, xalqımızın sarsılmaz birliyindən bəhs edib.
Vurğulanıb ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi, minilliklərə söykənən qədim tariximizin qürur səhifəsi və qəhrəmanlıq salnaməsidir. Qeyd olunub ki, haqq savaşımızda qəhrəmancasına döyüşərək üçrəngli Bayrağımızı işğaldan azad edilmiş torpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinin və qazilərin sosial rifahı daim diqqətdə saxlanılır.
Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Şərqi Zəngəzur və Qarabağ dirçəldilir və bu torpaqlara yenidən həyat qayıdır.
AHİK sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran Umudov keçdiyi döyüş yolundan, komandiri olduğu əsgərlərin əzmkarlığından və yüksək döyüş ruhundan danışıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov isə çıxışında Azərbaycan Ordusunun gücünü, dövlətimizin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını qeyd edib.
Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən film nümayiş etdirilib.
Əməkdar artist Ağalar Bayramovun vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, Vətən müharibəsi qazisi və müğənni Məbud Əhmədovun ifasında təqdim olunan qələbə ruhlu mahnılar maraqla qarşılanıb. Həmçinin şəhid övladlarından ibarət xor qrupunun "Şəhid övladlarının zəfər sədası" kompozisiyası alqışlarla müşayiət olunub.
Tədbir müğənni Gülzar Fərəcovanın ifasında dövlətimizin qüdrətini və xalqımızın qələbə ruhunu tərənnüm edən "Yaşa, Azərbaycan!" mahnısı ilə başa çatıb.










