Paşinyanın yeni güc strukturu: Seçki öncəsi "Polis mühafizəsi" siyasi manevrdirmi? – ÖZƏL
16:48 SiyasətNikol Paşinyanin açıqlamasında ölkədə 1 noyabrdan fəaliyyətə başlayan "Polis Mühafizəsi" adlı yeni qurumun mahiyyəti və onun seçkilər ərəfəsindəki siyasi-manevri nəyi ifadə edir?
"Bəli, Paşinyan vurğulayıb ki, Polis Mühafizəsi mövcud polis qüvvələrinin sadəcə transformasiyası deyil - bu, yeni orqandır.
Qurumun əsas funksiyaları isə bu şəkildə göstərilir: -ictimai asayişin qorunması,
-strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsi, -xüsusi yüklərin daşınmasının təhlükəsizliyinin təmin edilməsi,
-fövqəladə hallar və hərbi vəziyyət rejimində fəaliyyət göstərmək.
Yeni struktura "gücdən istifadə" üzrə beynəlxalq standartlara uyğun qaydalar tətbiq ediləcək. Yəni, təzyiq, fiziki güc və silah istifadəsinin halları öncəkindən daha kəskin şəkildə normativləşdirilir.
Bununla da, Paşinyanın açıqlaması, "qayda-qanunçuluq üçün güc tətbiq edilməli ola bilər, amma bu istisna haldır" - anlamında yorumlana bilər. Bu da bəlkə demokratiya və hüquq çərçivəsində belə yeniliklərə tələb yaratdığını göstərir".
Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib: Beləliklə, bu, dövlətin daxili təhlükəsizlik aparatında "köhnə sistemdən müstəqil, yeni standartlarla işləyən" bir institut yaratmaq niyyəti kimi oxunmağı haqq edir.
Bəs parlament seçkiləri ərəfəsində bu nəyin xəbərçisidir?
Birincisi, siyasi güc mərkəzinin konsolidasiyasını vurğulayaq. Seçkilər ərəfəsində icra hakimiyyəti və onun polis - təhlükəsizlik strukturları ilə münasibəti özəlliklə diqqətə gəlir. Yeni bir strukturun yaradılması seçki kampaniyası dönəmində "nizam-intizam", "asayişin təmini" və "rəqib fəaliyyətlərinin nəzarət altında saxlanılması" aspektlərində hakimiyyətin hazırlıqlı olduğunu göstərir;
İkincisi, inteqrasiya və legitimlik ismarıcını fərqləndirək. Yeni qurumun "ulduzumuzun nişanı" kimi təqdim edilməsi (Paşinyanın "tarixdə yeni səhifə açdıq" açıqlaması) - bu, həm vətəndaşlara "çağdaşlaşma", həm beynəlxalq institutlara "standartlara uyğunlaşma" ismarıcı ola bilər;
Üçüncüsü, təhlükəsizlik və asayiş vurğusudur. Seçkiöncəsi dönəm təhlükəli sayılmış olar - küçə aksiyaları, müxalifət mitinqləri, ictimai narazılıqlar və s. Yeni strukturun yaradılması bu fonda "seçki sürəcində asayiş pozuntularının qarşısının alınması" üçün bir hazırlıq kimi qiymətləndirilə bilməzmi?
Dördüncüsü, iarəetmə və nəzarət mexanizminin güclənməsini deyək. Yəni, güc tətbiqinin halları normativləşir və yeni ştat, təlim, silah təminatı planlaşdırılırsa - bu, sırf seçkiöncəsi hiss olunan əsaslı islahat deyil, həm də nəzarət alətlərinin təkmilləşdirilməsidir;
Nəhayət, mümkün risklər və qəbul etmə beşinci fərqləndirməmiz, növbəti vurğumuz olsun. Bu addım həm də müxalifət və beynəlxalq qurumlar üçün narahatlıq doğura bilər - "yeni güc strukturu seçki kampaniyasında hakimiyyətin əlini gücləndirərmi?" sualı öz güncəlliyini saxlayır. - Qanunçuluq vurğusu edilsə də, güc tətbiqinin istisna olduğu ifadəsi qəbul edilsə də, praktikada hakimiyyət üçün vacib bir resursun yaradılması kimi görünür.
"Uzun sözün qısası, Paşinyanın elan etdiyi "Polis Mühafizəsi" - rəsmən yeni, ayrı bir xidmət olaraq - həm daxili təhlükəsizlik sahəsində islahatın növbəti mərhələsi, həm də parlament seçkiləri ərəfəsində hakimiyyətin nəzarət və hazırlıq mexanizmi kimi oxunmalıdır. Bu, polis sisteminin texniki yenilənməsi olmaqla yanaşı, həm də siyasi zamanlama baxımından ismarıc daşıyan bir addımdır," - deyə türkoloq əlavə edib.
Sevda Dəniz