Uşaqların erkən yaşda işləməsi: çətinliklər və fürsətlər
2 May 21:45 SosialUşaqlıq - bir insanın sonradan içində daşıdığı ən təmiz, ən kövrək guşəsi, həyatda heç vaxt təkrar olmayacaq bir dövrün adıdır. O dövr ki, insanın dünyaya qarşı ən saf və təmiz hissləri ilə doludur. Bu, eyni zamanda təcrübəsizliyin, təhsilin və yetkinliyin başlanğıcıdır. Uşaqlıq, həm də fərdin həyatının ilk addımlarını atdığı bir mərhələdir. Uşaq olmaq, elə bil ki, dünyanın çox az dərəcədə qorxusuz, sərbəst, amma həm də qarışıq olduğu bir anıdır. Lakin uşaqlıq çox da uzun çəkmir.
Bir çox uşaqlar üçün, təəssüf ki, uşaqlıq o qədər də qayğısız olmur. Bu mərhələ, xüsusən də çətin sosial və iqtisadi şəraitdə yaşayan uşaqlar üçün hər zaman belə olmur. Onlar vaxtından əvvəl böyüyür, çünki həyat onlara daha əvvəl böyümək və iş dünyasına atılmaq üçün güc verir.
Bəziləri üçün uşaqlıq - oyun, təhsil və qayğısız günlər deməkdir. Bəziləri üçün isə - məsuliyyət, iş və həyatla erkən tanışlıq. Uşaqların erkən yaşda işləməsi, bəzən çətinlik, bəzən isə fürsət qapısı olur.
Bu gün sosial şəbəkələrdə gəlir əldə edən, model kimi podiuma çıxan, filmlərdə rol alan uşaqlarla yanaşı, günün böyük hissəsini çörək pulu qazanmaq üçün çalışan körpə əllər də var. Birində "şans", digərində "şərait" danışır.
Azərbaycan qanunvericiliyində 15 yaşına qədər uşaqların işləməsi qadağandır. Amma reallıqda bu yaş hüdudları çox zaman pozulur. Əsas məsələ isə budur: bu uşaqlar nə üçün işləyir, bu işlər onların həyatında nə dəyişir və cəmiyyət olaraq biz bu mənzərəyə haradan baxırıq?
Uşaqların erkən yaşda işləməsi, cəmiyyətin görünməyən yaralarından biridir. Əksər hallarda bu işlər məcburiyyətin, ehtiyacın, yoxsulluğun diktəsi ilə həyata keçir. Valideyn də, uşaq da, bəzən susur - çünki yaşamaq, dolanmaq lazımdır. Amma bu mənzərənin yalnız bir tərəfidir. Digər tərəfdə isə - parlayan səhnələrdə, ekran qarşısında, sosial şəbəkələrdə ulduz kimi parlayan uşaqlar var. Kimisi gözəlliyinə görə model olur, kimisi aktyorluq bacarığı ilə filmlərdə yer alır, kimisi isə on minlərlə izləyici ilə platformalarda pul qazanır. Onların işləməsi isə həm cəmiyyət, həm ailə, həm də onların özləri üçün "fürsət" kimi görünür.
Deməli, məsələ təkcə "uşaq işləyir" deyə baxılacaq qədər sadə deyil. Burada suallar çoxdur: Hansı halda bu iş zərurətdir, hansı halda inkişaf fürsəti? Bu uşaqların gələcəyi üçün bu gün nə edirik və nə etməliyik?
Çətinliklər: Zamanından əvvəl böyüyən uşaqlar
Uşaqların işləməsi onların uşaqlığını əlindən alır. Məktəbə getmək əvəzinə işləmək, oyuncaqlar əvəzinə alətlər tutmaq, dərslik əvəzinə borclarla tanış olmaq - bunlar uşaq üçün fiziki zəhmətdən daha ağır psixoloji yüklərdir.
Erkən yaşda işləmək, uşağın həm təhsilini, həm sağlamlığını, həm də gələcək potensialını ciddi şəkildə məhdudlaşdırır. Uşaq fiziki olaraq tam inkişaf etmədiyi üçün ağır iş şəraitində orqanizmi zərər görə bilər. Psixoloji baxımdan isə özünü yaşıdlarından fərqli, cəmiyyətdən təcrid olunmuş hiss etməyə başlayar. Bu da gələcəkdə özgüvən çatışmazlığı, aqressiya və sosial çətinliklərə gətirib çıxara bilər.
Bundan əlavə, çox vaxt işləyən uşaqlar istismara məruz qalır. Onlara əmək müqaviləsi verilmir, hüquqları qorunmur, təhlükəsizlik qaydaları gözlənilmir. Bu hallarda uşaq əməyinin arxasında sadəcə yoxsulluq deyil, həm də sistemin və cəmiyyətin laqeydliyi dayanır. Ən acısı isə budur ki, bu uşaqlar bəzən işləməyin "normal" olduğunu düşünürlər. Çünki ətraf mühit onlara uşaq olduqlarını unudurur. Onlar nə uşaq kimi qorunur, nə də böyüklər kimi tanınır - sadəcə həyatın yükünü daşıyan görünməz qəhrəmanlara çevrilirlər.
Ən böyük zərər təhsilə dəyir. İşləyən uşaqlar çox zaman məktəbi yarımçıq qoyur və ya dərslərdə geridə qalır. Bu isə onların gələcəkdə sosial mövqeyinə, maddi vəziyyətinə və özünü reallaşdırmasına birbaşa təsir edir. Bir dəfə geridə qalan uşaq, bəzən bir ömürlük bu tempə çata bilmir.
Fürsətlər: Potensialı vaxtında tanımaq
Erkən yaşda işləmək anlayışı bəzən yalnız yoxsulluq və məcburiyyətlə eyniləşdirilsə də, bəzi uşaqlar üçün bu proses həyat yolunun başlanğıc nöqtəsinə çevrilir. İstedad, maraq və fürsət bir nöqtədə birləşəndə - uşaq əməyindən daha çox "uşaq bacarığı"ndan danışmaq mümkün olur.
Məsələn, bəzi uşaqlar çox erkən yaşlarından musiqi alətlərinə maraq göstərir, kamera qarşısında özlərini rahat hiss edir, ya da sosial şəbəkədə kontent hazırlayaraq minlərlə insanın diqqətini çəkir. Bu bacarıqlar valideyn və cəmiyyət tərəfindən düzgün yönləndirildikdə, onlar həm inkişaf edir, həm də maddi qazanc gətirə bilir.
Model, aktyor və musiqiçi kimi sahələrdə uşaq istedadlarına tələbat bütün dünyada olduğu kimi Azərbaycanda da artır. Uğur qazanmış gənc simalar - reklamlarda, filmlərdə, podiumlarda görünən uşaq simaları - yalnız vizual cazibə ilə deyil, həm də məsuliyyətli yanaşma və dəstək sayəsində formalaşır. Bu uşaqlar özlərini ifadə etməyi, nizam-intizamı, ictimaiyyət qarşısında davranışı erkən yaşda öyrənirlər. Bu, həm sosial bacarıqlar, həm də gələcəkdə peşə seçimi baxımından onlara böyük üstünlük verir.
Daha bir müasir fürsət - sosial media. Bəzi uşaqlar kontent yaradıcılığı ilə məşğul olur, oyun icmalları hazırlayır, bloqlar çəkir və minlərlə insanın izlədiyi platformalarda uğur qazanırlar. Onlar həm özlərini ifadə edir, həm də ailələrinə dəstək olurlar. Əlbəttə, bu fəaliyyətlərin arxasında doğru idarəçilik və nəzarət olmalıdır. Valideynlərin rolu burada xüsusilə əhəmiyyətlidir - uşağın psixoloji və fiziki sağlamlığı qurban verilmədən bu fürsətlərə çevrilə bilər.
Müasir dövrdə uşaqların erkən yaşda işlədiyi platformalardan biri də sosial şəbəkələrdir. Bəzən 8-10 yaşlı uşaqlar YouTube-da oyun icmalları hazırlayır, TikTok-da müxtəlif videolar çəkir, Instagram-da məhsul reklam edir və ya izləyici qazanır. Düzgün yönləndirilmiş, nəzarət olunan və etik çərçivədə qurulmuş bu fəaliyyətlər uşağın yaradıcılığını inkişaf etdirə, onu texnoloji bacarıqlara yiyələndirə bilər. Bu, bir fürsətdir.
Amma hər fürsətin içində potensial bir təhlükə yatır. Sosial şəbəkələr uşaqları tənqidlərə, bəzən aqressiv və mənəvi zərərli şərhlərə açıq edir. Bu yaşda bir uşaq özünü ifadə etməyi öyrənməkdədir, amma mənfi rəylər, lağ obyektinə çevrilmək, izlənmə sayı üçün təzyiq altında olmaq onun psixologiyasına ağır təsir edə bilər. Xüsusilə TikTok canlı yayımları və pul qazanmaq məqsədilə edilən şoular artıq bir çox hallarda uşaq hüquqlarının pozulmasına çevrilir. Uşaqlar məcburi şəkildə efirdə əyləndirilir, qeyri-sağlam davranışlara təşviq edilir və "bəyənmə"lər üçün öz azadlıqlarını qurban verirlər. Bu zaman uşaq özünü sevilmək üçün daim nəsə göstərməli olan bir fiqura çevrilir - bu isə sağlam inkişafın tam əksidir.
Eyni zamanda, sosial şəbəkələrdə kontent yaratmaq müəyyən kommersiya maraqlarına xidmət etdikdə, uşaq bir məhsula çevrilə bilər. Onun uşaqlığı - oyunları, təhsil həyatı və dostluq münasibətləri - ikinci plana atılır. Bu səbəbdən sosial mediada fəaliyyət göstərən uşaqlara mütləq valideyn nəzarəti, psixoloji dəstək və etik sərhədlər vacibdir. Əgər bu çərçivələr qorunmazsa, qazanılan pul belə, itirilən uşaqlığın qarşılığında çox kiçik görünər.
Burada əsas məsələ balansdır: uşaq nəinki işləməməli, həm də işləyərkən istismar edilməməlidir. Əksinə, bacarığı və istedadı tanınmalı, ona mühit və imkan yaradılmalıdır. Belə olduqda uşaq zamanından əvvəl "böyümür", əksinə - öz uşaqlığını dərin və mənalı şəkildə yaşayır.
Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı Olaylar.az-a rəy bildirib:
Uşaq əməyilə bağlı Azərbaycandakı mövcud situasiyalar çox ziddiyyətlidir. Burada məsələnin iki tərəfi var. Biri müasir tendensiyalar nəticəsində hazırda uşaqların daha tez fəaliyyətlə məşğul olması, texnologiyaların verdiyi imkanlardan bəhrələnməsi, öz istedadlarını, bacarıqlarını inkişaf etdirməsi, hər hansı bir sənətdə, peşədə, IT işlərində çalışmasıdır. Bu da yol veriləndir - yalnız 9-cu sinfi bitirdikdən sonra. Çünki 9 illik təhsil bizdə məcburidir. Ondan əvvəl uşağı təhsildən yayındırmaq olmaz. Mütləq şəkildə bundan sonra fəaliyyət göstərə bilər.
İkinci qrupa isə məcburi səbəbdən və ya zorakı şəkildə əməyə cəlb olunan uşaqlar daxildir. Bu da iki yerə bölünür.
Bunlardan biri uşaq istismarıdır - kimlərsə qəsdən uşaqlardan ucuz işçi qüvvəsi kimi istifadə edir. Bu, cinayətdir və qarşısı alınmalıdır.
İkinci tərəf isə könüllü görünür. Bəzi uşaqlar ailəsinin sosial vəziyyətinin ağır olduğunu görərək və ya evdə xəstə valideyni, müalicəyə ehtiyacı olan ailə üzvü varsa, könüllü şəkildə işləyərək ailəsinə kömək etməyə çalışır.Bu uşağın tərəfindən baxanda vicdanlı və əxlaqlı bir davranış sayıla bilər. Amma digər tərəfdən, bu uşaq hüquqlarının pozulmasıdır.
Bu problemin qarşısını almaq üçün həmin ailələrə izah edilməlidir ki, əgər uşaq bu səbəblərdən işləməyə məcbur qalırsa, həmin ailələrə dövlət tərəfindən sosial yardım paketləri verilməlidir və ya valideynləri işlə təmin edilməlidir. Əgər valideyn xəstədirsə və işləyə bilmirsə, sosial yardımla təmin olunmalıdır ki, uşaq işləməyə məcbur qalmasın. Bu baxımdan dövlət elə bir sosial sistem qurmalıdır ki, uşaqların məcbur səbəbdən işləməsinə və ya işlədilməsinə ehtiyac qalmasın, bu mümkün olmasın.
Bir çox kəndlərdə uşaqlar təsərrüfat işlərində kömək edir. Bu da yaxşı haldır - dərsdən yayındırmamaq şərti ilə. Uşağın zəhmətə alışdırılması müəyyən yaşdan sonra daha məqsədəuyğundur. Yaradıcı və əlavə fəaliyyətlərlə məşğul ola bilərlər. Məsələn, gün ərzində 2-3 saat hansısa sənət öyrənirsə, bu qəbul ediləndir - dərslərinə mane olmadan.
Bu məsələlərə standart yanaşma olmamalıdır. Əsas məsələ uşaq istismarının qarşısını almaqdır. Əsas prinsip budur: uşaqların zorla, məcburi şəkildə əməyinin istismar olunmaması. Əmək Məcəlləsinə əsasən, 15 yaşdan aşağı uşaqların işləməsi qadağandır.
Əsas məsələ odur ki, dövlət məcburi halların qarşısını alsın. Bu, cinayətdir və qadağandır.
İkinci istiqamət isə, dediyim kimi, könüllü şəkildə işləməyə məcbur olan uşaqları buna vadar edən səbəblərin aradan qaldırılmasıdır.
Uşaq pulu burada çox vacibdir. Dünyanın bir çox ölkələrində tətbiq olunur, təəssüf ki, bizdə yoxdur. Uşaq pulunun olması, bu kimi uşaqların - ailəsinə kömək etmək üçün işləməyə məcbur qalanların - həm öz həyatını təmin etməsinə, həm də təhsilini davam etdirməsinə kömək edər. Amma ünvanlı sosial yardımda da problemlər var. Müxtəlif bəhanələrlə çətin vəziyyətdə olan bir çox ailələrə sosial yardım verilmir. Bu səbəbdən uşaqlar ailələrinə kömək etmək üçün öz əməyini istismar etməyə məcbur olur.
Cəmiyyətə gəlincə, əgər cəmiyyət çətin vəziyyətdə olan ailələrin uşaqlarının işləməsindən narahatdırsa, bu ailələrə yardım edə bilər.
Qohumlar, qonşular, xeyriyyə cəmiyyətləri, müxtəlif sosial təşkilatlar bu işdə dəstək göstərə bilər. Bundan əlavə, uşaq istismarı ilə qarşılaşdıqda müvafiq orqanlara xəbər verməklə bu cinayətlərin qarşısını almaq mümkündür. Cəmiyyət də bu formada öz dəstəyini göstərə bilər".
Uşaq əməyi mövzusu bir tərəfdən ürək ağrıdır, digər tərəfdən düşünsək fürsət. Çünki hər işləyən uşaq arxasında bir hekayə daşıyır - bəzisi çətinliyin, bəzisi istedadın, bəzisi isə sadəcə yön verilməmiş enerjinin hekayəsini. Amma bir həqiqət dəyişmir: uşaq olmaq, böyümək tələsmədən yaşanmalı olan bir dövrdür.
Uşaqlar üçün "çətinliklər"i fürsətə çevirmək istəyiriksə, ilk addım onları dinləmək, sonra isə qorumaqdır. Uşaq işləyə bilər - amma o zaman ki, bu iş onun ruhunu əzməsin, arzularını öldürməsin.
Zeynəb Mustafazadə