Dəniz nəfəs ala bilmir: Xəzərdə ekoloji böhran
11 Aprel 19:30 SosialSon illərdə Xəzər dənizinin ekoloji vəziyyəti həm mütəxəssislər, həm də ictimaiyyət arasında ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Bu narahatlıq təkcə səviyyə enməsi ilə bağlı deyil, eyni zamanda çirklənmə, biomüxtəlifliyin azalması və sahilboyu əhalinin həyat tərzinə təsir edən problemlərlə əlaqəlidir. Aparılan müşahidələr göstərir ki, dənizdə həm təbii, həm də antropogen mənşəli dəyişikliklər baş verir və bu dəyişikliklərin miqyası ildən-ilə daha geniş vüsət alır.
Xəzər dənizi yalnız Azərbaycan üçün deyil, ümumilikdə beş ölkənin ortaq ekosistem sərvətidir. Buna baxmayaraq, çirklənməyə səbəb olan faktorların qarşısının alınması və mövcud vəziyyətin yaxşılaşdırılması istiqamətində həm ölkə daxilində, həm də regional səviyyədə hələ də ciddi boşluqlar mövcuddur. Bu səbəbdən də ekoloji balansın pozulması sadəcə təbiətin deyil, eyni zamanda iqtisadiyyatın və insan sağlamlığının da risk altında olması deməkdir.
Mövzunun aktuallığını nəzərə alaraq, ekoloq Çingiz İsmayılova bir sıra suallar ünvanladıq:
-Hazırda Xəzər dənizində çirklənmə vəziyyəti necədir? Ən kritik sahələr hansılardır?
-Xəzər dənizinin səviyyəsi dövri olaraq dəyişir. Bir müddət qalxır, sonra yenidən enir və bu proses mütəmadi təkrarlanır. Bu dövr əsasən 35-50 illik bir mərhələni əhatə edir. Son 200 il ərzində aparılan müşahidələr göstərir ki, dəniz səviyyəsi təqribən ±3 metr aralığında dəyişə bilər. Bu günə qədər bu həddən artıq bir dəyişiklik müşahidə olunmayıb.
Çirklənməyə gəldikdə isə, sahil ərazilərində təsərrüfat sahələrinin genişlənməsi, əhalinin artması, şəhərlərin inkişafı, urbanizasiya, yol və bina tikintisi, ümumi istehlakın artması nəticəsində tullantıların həcmi də yüksəlib. Bu tullantılar, xüsusilə də maye və məişət tullantıları, birbaşa Xəzər dənizinə axıdılır. Əvvəllər sənaye müəssisələri də dənizə tullantılar ötürürdü, lakin bəzi müəssisələrin bağlanması və texnologiyaların dəyişməsi nəticəsində kimyəvi tullantıların həcmi azalıb. Bununla belə, məişət tullantılarının həcmi artmaqda davam edir.
Yay mövsümündə Abşeron sahilində yerləşən 12 çimərlikdən yalnız 1-2-si sanitar norma və qaydalara cavab verdiyinə görə istifadəyə yararlıdır. Digərlərində isə çimərlik fəaliyyəti qadağandır, çünki suyun keyfiyyəti ağır vəziyyətdədir. Bu da həmin sahələrin turizm baxımından cəlbediciliyini azaldır.
-Xəzər dənizinin çirklənməsinə əsas səbəblər nələrdir - sənaye tullantıları, neft sızmaları, yoxsa məişət tullantıları?
-Əsas səbəblərdən biri məhz məişət tullantılarıdır. Neft sızmaları ilə bağlı isə qeyd olunmalıdır ki, dənizdə sualtı boru xətləri var və onlara daimi texniki nəzarət həyata keçirilir. Ola bilsin ki, zaman-zaman kiçik sızmalar baş verir, lakin son illərdə genişmiqyaslı neft sızması qeydə alınmayıb. Ümumiyyətlə, hasilat və qazma işləri zamanı bu cür hadisələr mümkündür, amma ciddi və genişmiqyaslı problemlər baş verməyib.
-Çirklənmənin Xəzər dənizindəki biomüxtəlifliyə necə təsiri olub? Hər hansı canlı növləri təhlükə altındadırmı?
-Tullantıların və çirkab suların artması dənizdəki biomüxtəlifliyə mənfi təsir göstərir. Çünki su ekosistemi bir zəncirə bənzəyir - planktonlardan başlayaraq iri balıqlara və su itinə qədər hər bir canlı bir-biri ilə əlaqəlidir. Bu zəncirin pozulması isə müxtəlif canlı növlərinin azalmasına və ümumi bioloji müxtəlifliyin zəifləməsinə səbəb olur.
-Balıqçılıq və dəniz məhsullarının istehsalına necə təsir göstərib? İqtisadi nəticələr barədə nə deyə bilərsiniz?
-Sahil ərazilərində yaşayan insanlar dənizlə bağlı sahələrdə - turizm, balıqçılıq, nəqliyyat, tikinti, dəniz və liman təsərrüfatında məşğul olurlar. Çirklənmə və səviyyənin aşağı düşməsi bu sahələrin fəaliyyətinə mənfi təsir göstərir. Məsələn, limanların istismarı ilə bağlı çətinliklər yaranır. Bu isə həm məşğulluğa, həm gəlirlərə, həm də iqtisadi fəaliyyətin ümumi səmərəliliyinə zərbə vurur.
-Sahil ərazilərində yaşayan insanların sağlamlığına və həyat tərzinə təsirlər varmı?
-Əlbəttə, bütün bu problemlər sahil ərazilərində yaşayan insanların həyat tərzinə və sağlamlığına mənfi təsir göstərir. Çirkab suların və tullantıların düzgün idarə edilməməsi ekoloji vəziyyətin pozulmasına, bu isə öz növbəsində müxtəlif xəstəliklərin yayılmasına səbəb olur.
Misal üçün, Bakının sahil zolağında, məşhur bulvar ərazisində bəzi restoranların tullantıları birbaşa sahilə axıdılır. Halbuki normativlərə görə, bu tullantılar sahildən 400-500 metr uzaqda axıdılmalıdır. Tullantıların bu şəkildə idarəsiz buraxılması isə ekoloji gərginliyin artmasına səbəb olur.
Xəzər dənizi təkcə bir coğrafi məkan deyil, həm də minlərlə insanın gəlir mənbəyi, istirahət məkanı və yaşadığı ərazinin nəfəsidir. Əgər bu dənizi qorumaq üçün real addımlar atılmazsa, ekoloji problemlər dərinləşəcək və bu yalnız təbiətin deyil, insanın da yaşam mühitinin daralması ilə nəticələnəcək. Sənaye obyektlərinin, məişət tullantılarının, nəzarətsiz urbanizasiya və infrastruktur layihələrinin bu dənizə vurduğu zərəri azaltmaq üçün yalnız hökumət deyil, hər bir fərd məsuliyyət daşıyır.
Xəzərin sabahı bugünkü davranışlarımızdan asılıdır. Bu dənizi qorumaq bizim borcumuzdur - gələcək nəsillərə qarşı olan borcumuz.
Zeynəb Rzayeva