Dostun var?
18 Aprel 21:30 SosialDostluq anlayışı dəyişib, amma dəyişən təkcə insanlar deyil - münasibətlərin dəyər ölçüsüdür..
Əvvəllər dostluq daha sadə, daha şəffaf və daha dərin idi. Birinin başına iş gələndə "bəs dostu hanı?" deyə soruşulardı. Ad, status və imkan fərqlərinə baxmadan dost olmağın özü dəyərli idi. O vaxtlar birlikdə vaxt keçirmək üçün səbəb axtarılmazdı. "Gəl bir çay içək" deyib saatlarla söhbət etmək, səssizcə bir-birinin yanında olmaq kifayət edərdi. Duyğular da, münasibətlər də daha təmiz idi.
Bu gün isə dostluqların əksəriyyəti formal xarakter daşıyır. Sosial şəbəkələrdə yüzlərlə "dost" var, amma ehtiyac anında zəng vurulacaq insanların sayı bir əldən artıq olmur. Hər kəs məşğuldur, hər kəsin "vaxtı yoxdur", amma əslində bu vaxtsızlıq deyil - dəyişmiş prioritetlərdir. İnsanlar artıq daha çox fayda güdür - maddi, sosial, emosional fərq etməz. Dostluğun ölçüsü qarşı tərəfin verə biləcəkləri ilə müəyyən olunur.
Ən ağrılısı isə aşınmış dostluqlardır. Hər kəsin həyatında olub - əvvəllər gündə bir neçə dəfə danışdığı, hər şeyini paylaşdığı biri ilə indi aylarla əlaqə saxlamır. Sadəcə məsafə deyil, münasibət də uzaqlaşıb. Araya səbəbsiz soyuqluq girib. Nə dava düşüb, nə konkret bir söz deyilib. Sadəcə, əlaqələr tədricən itib, sükut böyüyüb. Belə münasibətlər yaddaşda qalır, amma həyatın gündəliyində yer almır.
Keçmişdə bir dostluğun davam etməsi üçün insanlar əziyyət çəkməyə hazır idilər. İndi isə ilk anlaşılmazlıqda geri çəkilmək, məsuliyyətdən qaçmaq daha rahat gəlir. Dostluq artıq səbir, qarşılıqlı hörmət və zaman tələb edən bir münasibət olmaqdan çıxıb - daha çox keçici maraqlara uyğunlaşdırılmış formata çevrilib.
Bu dəyişikliklər, eyni zamanda, cəmiyyətdəki dəyərlər eroziyasının göstəricisidir. İnsanlar daha çox fərdi uğurlara fokuslanır, paylaşmaq ehtiyacı azaldıqca münasibətlər də öz mahiyyətini itirir. Halbuki dostluq - hər nə qədər sadə səslənsə də - insanın sosial varlıq kimi varlığını qorumaqda mühüm rol oynayır.
Əlbəttə, bu gün də dəyərli dostluqlar var. Səmimiyyəti, hörməti və dayaqlığı unutmayan insanlar hələ də tapılır. Bu isə istisna halına çevrilib. Keçmişdə adi və normativ olan bir münasibət forması bu gün nadir tapılan bir modelə dönüb.
Sonda bir həqiqəti qəbul etmək lazım gəlir: dostluq itməz, dəyişər. Amma dəyişdikcə aşınırsa, o zaman təəssüf ki, bəzi münasibətlər sadəcə bir dövr üçün imiş. Nə vaxtsa bizi biz edən insanlar indi keçmişimizin sakit, toxunulmaz parçasıdır. Və bəlkə də, elə belə qalmalıdır - gözəl bir xatirə kimi.
Zeynəb Rzayeva