Uşaqlar niyə evdən qaçır? Günahkar kimdir: Uşaq, ailə, yoxsa cəmiyyət?

Son günlər ard-arda yayılan xəbərlər cəmiyyətimizi silkələdi: Tovuzun Bozalqanlı kəndində azyaşlı bir qızın yoxa çıxması, ardınca isə Bakının Xətai rayonunda bir oğlan uşağının itkin düşməsi. Hər iki hadisə dövlət qurumlarının operativ fəaliyyəti nəticəsində nəzarətə alındı, uşaqlar tapıldı. Amma bu hadisələrin arxasında gizlənən daha dərin, daha acı bir həqiqət var: Niyə uşaqlar evdən qaçır?

Bu təkcə bir ailənin problemi deyil. Bu, cəmiyyətin içində qaynamaqda olan, lakin üzə çıxmayan ciddi bir sosial problemdir. Əgər bu gün bir uşaq evdən qaçırsa, sabah başqası da eyni addımı ata bilər. Bəs nə baş verir?

Bəzən elə bilirik ki, uşaqlar bilməz, anlamaz, hiss etməz. Amma ən çox da onlar hiss edir - evdəki soyuqluğu, sevgi yoxluğunu, səsini eşitməyən valideynləri, öz yerini tapa bilmədiyi bir ailə tablosunu. Valideynlər deyir: "yeməyini veririk, geyimini alırıq, dərsə göndəririk". Amma uşağın ruhu aclıq çəkir, qəlbi üşüyür, sevgiyə, diqqətə, şəfqətə möhtac qalır. Valideynlər  düşünür ki, "uşaq nəyə görə narazı ola bilər ki?" - amma uşaqların dünyası bizimkindən fərqlidir. Onlar bəzən kiçik bir hadisəni , ya da davamlı diqqətsizliyi böyük bir travmaya çevirə bilirlər.

Araşdırmalar göstərir ki, evdən qaçan uşaqların əksəriyyəti ya psixoloji zorakılığa, ya da laqeydliyə məruz qalır. Ailənin içində səsi eşidilməyən, duyğuları dəyərsizləşdirilən, fikirləri sayılmayan bir uşaq üçün ev artıq bir "yuva" deyil, qaçmaq istədiyi bir "məkan"a çevrilir.

Vacib məsələlərdən biri isə sosial medianın təsiridir. Bugünkü dövrdə uşaqların həyatında telefon sadəcə rabitə vasitəsi deyil, bir dünyadır. Və bu dünyanın qapısı sosial şəbəkələrdən açılır. "TikTok", "Instagram", "Telegram", "Snapchat" və digər platformalar uşaqların gündəlik həyatını, düşüncə tərzini, emosional vəziyyətini dəyişdirir. Təəssüf ki, bəzən bu dəyişikliklərin sonu evdən qaçmaqla nəticələnir. Sosial şəbəkələr bəzən onların tək sığınacağına çevrilir. Orada biri gəlir, adını soruşur, onu anlayırmış kimi davranır. "Səni başa düşürəm," deyir. Bu cümlə evdə bir dəfə də eşitmədiyi bir cümlə ola bilər. Və uşaq inanar, arxasınca gedər. Bəlkə də tələyə düşər. Amma o an üçün fərq etmir - çünki ona görə artıq itirəcək bir şeyi yoxdur. İnternetdə tanımadığı şəxslərlə ünsiyyət quran uşaqlar bəzən o dünyada daha çox dəyər gördüklərini düşünürlər. Onlara "dost" kimi yanaşan tanımadığı insanlar isə əslində təhlükəli niyyətlər daşıya bilər. Evdə diqqət görməyən uşaq, virtual dünyada "dəyərli" olduğunu hiss etdikdə, artıq real həyatda onu saxlayan heç nə qalmır. Sosial şəbəkələr bəzən uşaqlar üçün qaçış planının bir hissəsinə çevrilir. Uşaq sosial şəbəkədə özünü daha sərbəst hiss edir. Orada onu qınayan, nizam-intizam qoyan valideyn yoxdur. Əvəzində, onu tərifləyən, "sən məni anlayırsan" deyən insanlar var. Bu insanlar bəzən həqiqətən də yaşıdları olur, bəzən isə çox təhlükəli məqsədlər güdən tanımadığı böyüklər. Uşaq bu virtual münasibətləri "doğru", real ailə mühitini isə "yanlış" saymağa başlayır. Nəticədə, "ev mənə zindan kimidir, orada azadlıq var" düşüncəsi yaranır. Bəzi hallarda isə psixoloji manipulyasiyaya əsaslanan şəxsi mesajlaşmalar. Uşaq özünü dəyərli hiss etdiyi o mesajlara bağlanır. Virtual bir "müdafiəçi", "dost", "sevən biri" ortaya çıxır. Evdəki real ailə münasibətləri ilə bu saxta bağları müqayisə edən uşaq isə çıxış yolunu qaçmaqda görür.

Əksər valideynlər uşağın saatlarla telefona baxmasını sadəcə vaxt itkisi kimi görür. Ancaq ekranın o tərəfində nə baş verdiyindən xəbərsizdirlər. Hər "online" işarəsi bir hiss paylaşımı, bəlkə də bir planın tərkib hissəsidir. Sosial şəbəkələr nəzarətsiz qaldıqda, uşaq təkcə məlumat deyil, həm də təsir alır. Valideyn isə bu təsirin fərqinə çox gec varır. Uşaqlar sosial şəbəkədə "bəyənilmək", "görünmək", "sevilmək" istəyirlər. Real həyatda diqqət görməyən, uğursuz sayılan uşaq virtual aləmdə izlənmə və bəyənmə sayəsində özünə güvən qazanır. Bu süni "mükafat sistemi" onu sosial şəbəkəyə daha da bağlayır. Və nəhayət, bir gün bu virtual həyatda gördüyü "azadlıq" və "sevgi" üçün evini tərk etmək qərarı verir. Uşaqların evdən qaçmasının səbəbi təkcə ailə içi problemlər deyil. Artıq bu məsələdə sosial şəbəkələr təkcə vasitə yox, səbəb rolunu oynamağa başlayıb. Bu səbəbi aradan qaldırmağın yolu isə qadağalar deyil. Uşağın virtual aləmdə nə axtardığını başa düşmək, onu real həyatda da eşitmək və anlamaqdır. Əks halda, bir gün telefon ekranında son dəfə "online" yazısını görüb, real həyatda "yoxdur" cavabı ilə qarşılaşa bilərik...

Təhsil sistemi: dərsdən qaçan, dərdinə qaçan uşaqlar

Təəssüf ki, məktəblərdə də vəziyyət fərqli deyil. Psixoloji dəstək sistemi zəifdir, müəllim-şagird münasibətləri bəzən rəsmi və soyuq çərçivədə qalır. Uşağın məktəbdəki problemi çox zaman yalnız qiymətləri ilə ölçülür. Halbuki o qiymətlərin arxasında kimsənin görmədiyi böyük narahatlıqlar gizlənə bilər. Məktəbdə isə başqa bir savaş başlayır. "Niyə dərsə gecikdin?", "niyə qiymətlərin aşağıdır?", "niyə sakit oturmursan?" - soruşan var. Amma "nə hiss edirsən?", "yaxşısanmı?" deyən yoxdur. Və uşaq susur. Hər gün bir az daha susur, bir az daha içinə çəkilir. Ta ki, bir gün yoxa çıxana qədər.

Təhsil ocaqları bilik verməkdən daha çox, nəticə əsasında qiymətləndirmə mexanizminə çevrilib. Məktəb artıq uşaq üçün öyrənmə mərkəzi deyil, gündəlik mübarizə və müqayisə mühiti kimi görünür. Uşaqlar özlərini daim digərləri ilə müqayisədə zəif, bacarıqsız və uğursuz hiss edirlər.Bu yarış mühiti onları həm sinif yoldaşları, həm müəllimlər, həm də valideynlər qarşısında daim sübut etməyə məcbur edir. Nəticədə, "yetərsizəm" hissi uşağın psixologiyasında dərinə işləyir və o, bu təzyiqdən qaçmaq üçün evdən uzaqlaşmağa qərar verir. Təhsil sistemimiz hələ də eyni dərsliklər, eyni metod və eyni gözləntilərlə fərqli düşünən, fərqli bacarıqlara sahib uşaqları eyni qəlibə salmağa çalışır. Uşağın musiqi istedadı, texniki bacarığı və ya bədii qabiliyyəti dəyərləndirilmir. Əsas olan - riyaziyyat, Azərbaycan dili və digər akademik fənlərdəki göstəricilərdir.

Əgər uşaq bu sahələrdə geri qalırsa, cəmiyyətdə "uğursuz", "tənbəl" etiketi qazanır. Valideynlər də çox vaxt bu etiketi təkrarlayır: "Xalxın uşağı 100 bal yığdı, sən niyə belə oldun?" Bu cür müqayisələr uşağın özünə dəyər hissini məhv edir. İmtahanlar uşaqlar üçün bilik yoxlaması yox, qorxu və stress mənbəyinə çevrilib. Xüsusilə buraxılış və qəbul imtahanları illərlə davam edən hazırlıq və təzyiqin zirvəsi olur. Bu mərhələdə uğursuzluq yaşayan uşaq özünü tamamilə yararsız hiss edə bilər. Təəssüf ki, bir çox uşaq bu hisslərlə başa çıxa bilmir və nəticədə, ya evdən qaçır, ya da daha ağır psixoloji travmalarla qarşılaşır. Əgər sistem uşağı anlamır, onu fərdi olaraq qəbul etmir, yalnız nəticə və bal üzərindən dəyərləndirirsə, o zaman uşaq bu sistemdən qaçmağa çalışacaq. Əgər bu sistem dəyişməzsə, gələcəkdə daha çox uşaq qaçacaq - bəziləri evdən, bəziləri isə sadəcə özündən.

Bir ailə modeli: dinləmək, anlamaq, qəbul etmək

Bəlkə də ən böyük dərs budur: Uşaqlar diqqət istəyir, anlayış istəyir, sevgi istəyir. Onlar "ən yaxşısı olmaq" deyil, "olduqları kimi qəbul edilmək" istəyirlər. Valideynlər onları yalnız yeməklə, geyimlə təmin etməklə deyil, dinləməklə, anlamaya çalışmaqlə də böyütməlidirlər.

Uşaq evdən qaçırsa, demək ki, orada qalmağa səbəb qalmayıb. Bəlkə də hər gün bir otaqda susqun şəkildə oturan, telefonuna sarılmış, ya da dərslərində boğulan bir uşağın içində baş verən fırtınaları heç kim görməyib. Və o, sonunda gedir.

Psixoloq və "Qadınlar Cəmiyyətin İnkişafı Naminə" İctimai Birliyin İcraçı Direktoru Nabat Mirzəyeva bu mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib.

Psixoloq bildirir ki, uşaqların evdən qaçmasının əsas səbəbləri emosional təhlükəsizlik və düzgün tərbiyə çatışmazlığıdır:

"Sözsüz ki, hər uşaq fərqli bir ailədə, fərqli bir ortamda böyüyür. Hər ailə individualdır, hər ailə özünəməxsusdur. Emosional olaraq və ailədaxili faktorlar baxımından hər birində davranış şəraitindən tutmuş, yaşama mühitinə qədər fərqli vəziyyətlər mövcuddur. "Ailə" sözü eyni bir anlayış olsa da, hər ailə fərqli xarakterlərdən, fərqli davranışlardan və mühitlərdən ibarətdir. Azyaşlıların evdən qaçmağının psixoloji səbəbləri dedikdə bir neçə faktor ola bilər. Məsələn, ailədaxili zorakılığı qeyd edə bilərik. Əgər ailə içində zorakılıq, şiddət baş verirsə, valideynlər uşaqlara qarşı artıq dərəcədə  şiddət göstərirsə, onların yanında olmurlarsa və bundan əlavə, sosial şəbəkələrdə, telefonlarda göstərilən yanlış təbliğatlar uşaqların düşüncəsinə yeridilirsə, valideynlər onlara düzgün məlumat vermirlərsə - bu ciddi bir problemdir. Uşaqlar sosial şəbəkələrdə və oyunlarda gördüklərini gerçək düşündüklərinə görə, valideyn onlara başa salmalıdır ki, onların heç biri gerçək deyil. Yəni bizim yaşadığımız dünya ilə sosial şəbəkə və oyunlar arasında çox böyük fərq var. Uşaqlar özlərini dəyərsiz və gücsüz hiss edə bilərlər.

Tarix boyu bu problemlər mövcud olub, amma bu gün bu faktorların artmasının səbəbləri fərqlidir. Keçmişdə nisbətən sərt xarakterli analar, atalar daha çoxluq təşkil edirlər. Onların müsbət mənada bir zəhmi vardı. O vaxt nə uşaqlar evdən qaçırdı, nə də başqa cür davranırdılar.

Müasir dövrdə bu problemlərin artmasının əsas səbəblərindən biri sosial şəbəkələrdə yayılan yanlış tərbiyə və yaşayış tərzidir. Təəssüf ki, uşaqlar süngər kimi bu fikirləri beyninə hopdurur".

Psixoloq valideynlərin uşaqlarla necə əlaqə qurmağın vacib yollarını da qeyd edib:

"İlk növbədə valideynlər evdə uşaqlarına rahat bir ortam yaratmalıdır. Valideyn-övlad münasibətləri sadəcə nəzarət üzərində yox, dostyana olmalıdır. Valideyn övladına başa salmalıdır ki, sosial şəbəkədə və oyunlarda gördükləri bir illuziyadır, yanlış təbliğatdır. Uşağa izah edilməlidir ki, bu cür kontentlər onun fikirlərini yanlış istiqamətə yönəltmək, özünü pis hiss etdirmək üçündür. Əgər uşaq soruşursa ki, niyə belə edirlər, valideyn deməlidir ki, hər kəs eyni deyil. Yaxşı insanlar da var, pis məqsədlə bu platformaları istifadə edənlər də. Necə ki, bir məhsulun yaxşı təbliğatı, pis təbliğatı varsa, sosial şəbəkədə öz təbliğatını uşaqlara hər formada edə bilir.  Əsas məsələ uşağa emosional təhlükəsiz bir mühitin olduğunu hiss etdirməkdir. Onunla ünsiyyət quran şəxs uşaq üçün bu mühiti yaratmalı, ona "Sən güvənli yerdəsən, mənə hər şeyi danışa bilərsən" mesajını verməlidir. Sevgimizi, dəyərimizi, diqqətimizi uşağımızdan əsirgəməməliyik. Sərhəd və qaydalar qoyduqda, onların səbəbini də uşaqlara izah etməliyik. Həmçinin valideynlərə də psixoloji dəstək göstərilməlidir. Əgər psixoloji dəstəyə baxmayaraq valideynlər dəyişmirsə, uşaqlar yenidən travma yaşaya bilər".

Uşaqların səssiz qışqırıqlarına biganə qalmamaq üçün onları yalnız eşitmək deyil, dinləmək lazımdır. Bu uşaqlar bir gecə yoxa çıxmır. Onlar gün-gün, il-il göz görə-görə yox olurlar. Bu yazını oxuyan hər kəsə bir sual: evinizdəki uşaq, evdən qaçacaq qədər yorğundursa, siz onu sonuncu dəfə nə vaxt qucaqlamısınız? Ona "səni sevirəm" deməyə nə vaxt ehtiyac duymusunuz? Onun gözlərinin içinə baxıb "səni narahat edən bir şey varmı?" demisinizmi? Uşaqlar evdən qaçmır. Onlar duyulmadıqları, sevilmədikləri, anlaşılmadıqları yerdən uzaqlaşırlar. Özlərini tapmağa, azad olmağa, bəlkə də sadəcə dinlənməyə qaçırlar... Bu, bir xəbər deyil. Bu, bizim hamımızın həyatının bir reallığıdır. Bu gün başqa ailədə baş verə bilər, sabah sənin ailəndə. Vaxtında eşitsək, vaxtında görsək, vaxtında anlayış göstərsək, bəlkə də bir uşağın yox olmasının qarşısını alarıq.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31