Şuşa tək ocağın mübarək, dağlar!

Adilə Nəzərin "Şuşanın azadlığı" əsəri haqqında qeydlər

Salam olsun, çox dəyərli oxucum! "Tərəfsiz ədəbiyyat tarixdir!" şüarımıza sadiq qalaraq, bu dəfə əsərlərində qədim ədəbi-mədəni irsimizə hörmətlə yanaşan, müasir tariximizi gələcək nəsillər üçün salnamələşdirən çox dəyərli ziyalımız, Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, eyni zamanda tanınmış şair Adilə Nəzərin "Şuşanın azadlığı" adlı poemasayağı şeiri haqqında olacaq.
Azərbaycan ədəbiyyatı hər zaman xalqın taleyini, ağrı-acısını, ümidini və mübarizəsini özündə yaşadan mənəvi yaddaş xəzinəsi olub. Ta qədimdən üzü bəri tarix yazan salnaməçilərin (tarixçilərin) əksəriyyətinin daim siyasi oyunlara alət olaraq, çox vaxt tarixi hakim dairələrin mənafelərinə uyğun şəkildə qələmə aldıqlarını nəzərə alsaq demək olar ki, əksər hallarda yurdumuzun tarixini bədii əsərlərdən öyrənməyə məcbur oluruq. Ölkəmizin və ələlxüsus bağlı-bağatlı cənnət Qarabağın yerləşdiyi coğrafi mövqeyə görə daim dünyəvi və regional münaqişələrin mərkəzində olub, əlimizə çatan şifahi və yazılı məlumatların böyük əksəriyyətində bir sözlə olsa belə mütləq anılır. Adı hallanır. İstəsək də, istəməsək də bu belədir. Bu bizim qan yaddaşımız, söz yaddaşımız, daş yaddaşımızdı.Qeyd etdiyim kimi Qarabağ mövzusu isə bu yaddaşın ən həssas, ən kövrək, eyni zamanda ən qüdrətli qatını təşkil edir. Tanınmış şair və alim Adilə Nəzərin "Şuşanın azadlığı" əsəri bu yaddaşın Zəfər ilə işıqlanan yeni ən parlaq səhifələrindən biridir. Şairin bu əsəri təkcə poetik təsvir deyil, Qarabağın azadlıq salnaməsini, xalqın təxminən bir qərinəlik nisgilinin sonunu, tarixi ədalətin bərpasını bədii dildə ifadə edən publisistik ruhlu bir manifestdir.
Əsərin ilk bölümü sanki film başlanğıcı kimi başlayır. Al şəfəqli noyabr günəşinin mülayim, şüşə kimi tər-təmiz, gül ətirli yaz havası fonunda, dağlar qoynunda doğuşu   otuz ildir  boz dumana bürünüb, pərdə altında qaranlıqda qalan dağlara artıq  bir aydınlıq gətirir, Şuşanın nəfəsi geri qayıdır:
Gün doğarkən səmanın çəkildi göy pərdəsi,
Açıldı boz dumandan uca Kirsin zirvəsi.
Sıldırım qayaların qoynunda sübh oyandı,
Şuşa bir çələng kimi rəngdən-rəngə boyandı.

Sübhün bu çağında dağlıq ərazilərdə olub, günəşin doğuşunu izləyənlər yaxşı bilir; yay, payız, qış, yaz olmasından asılı olmayaraq (hətta yerdə dizdən yuxarı qar olsa belə), açıq səmada, küləksiz mülayim havada günəşin doğuşu zamanı demək olar ki, eyni -  qəribə, bir az soyuq (sərin) hava olur. Bax, bu xırda məqamın təsvirindən tutmuş, digər mühüm real hadisələrin bədii həllərinə qədər hamısı olduqca təbii və təsirlidir.
"Gün doğarkən səmanın çəkildi göy pərdəsi..." - bu misra, düz bir qərinə qaranlığa bürünmüş bir şəhərin işığa sarı yolçuluğunun metaforik başlanğıcıdır. Kirs dağının zirvəsi, Cıdır düzünün gümüşü küləyi, şəlalələrin saz kimi səsi - bütün Qarabağ təbiəti qəhrəmanlıq dastanının səhnəsinə çevrilir.
Burada təbiətin dirçəlişi xalqın ümidinə paralel təqdim olunur. "Ətdən  divar hörülüb düşmən gələn tərəfə" misrası əsgərin dayanışmasının, iradəsinin, "canını sipər etməsinin" ən təsirli bədii ifadəsidir. Şair Şuşanı yalnız coğrafi məkan kimi deyil, yaşayan bir varlıq kimi təqdim edir: "Şuşanın qəlbi atır indi şəfəq qatında."
Bu hissədə şairin başlıca məqsədi - azadlığın başlanğıc nəfəsini oxucuya fiziki olaraq hiss etdirməkdir.
Şeirin ikinci hissəsində ton dəyişir. Təsvirlər daha sərtləşir, realizm artır, döyüş atmosferi güclənir:
Bütün Qarabağ boyu dalğalanır bir nəfəs,
Qan rəngi alıb torpaq, təravətli bir həvəs...
Sıldırım qayalarda əsgər hazır dayanmış,
Şuşa azad olacaq - xalq zəfərə oyanmış!

Möhkəmləndirilmiş qala kimi səngərlərdə qaçmasın deyə zəncirlənmiş, qorxudan tir-tir əsən düşmənlə, nəyin bahasına olursa-olsun doğma Yurdunu işğaldan azad etmək üçün illərlə hamının alınmaz hesab etdiyi belə qala səngərlərin üzərinə ley kimi şığıyan Azərbaycan oğulları üz-üzə gəlir:
"Düşmən qorxu içində, yuxusunda sayıqlar" - bu misra uzun illər boyu Qarabağı işğal altında saxlayanların öz iç narahatlığını, labüd məğlubiyyət qorxusunu açır.
Şair Azərbaycan əsgərinin ayıqlığını, cəsarətini, səngərdəki real döyüş vəziyyətini böyük ustalıqla göstərir: "Qarabağ oğulları yuxu bilməz - ayıqlar." Noyabrın soyuq nəfəsi isə azadlığın isti nəfəsi ilə qarışır. Burada həm gərginlik, həm gözlənilən zəfərin həyəcanı görünür.
Üçüncü bölmə şeirin emosional zirvəsidir (tam şəkildə təqdim edirəm):

Yurdu cəngə səsləyir atların kişnəməsi,
İgid döşü titrəyir, dağlara dəyir səsi!
Dumanları yararaq şimşək kimi axanlar,
Bayrağı qucaqlamış zirvəyə şığıyanlar!
Köpüklü nəfəs kimi qarışır torpaq daşa,
Addım-addım qayıdır azadlığına Şuşa.
Güllə səsi, atəş var, tüstü, odlar-alovlar,
Hər addımda bir tarix ölər, biri doğular.
Hər qayada iz açır mərdlərin polad əli,
Xocalının alınır on qatdan çox bədəli...
Şuşa özü vuruşur elə bil igidlərlə,
Əl-ələ verib qalxır min illik təpə, dərə.
Düşmənin son ümidi son dəfə dəyir daşa,
"Duma"nın binasından asır bayrağı Yaşar!
Bayraqım dalğalanır, zirvələrdə ucalır...
Mavi, qırmızı, yaşıl... - Vətən burdan güc alr.
Dağlara düşür nida: "Şuşa azaddır!"- deyir,
Bu çığlıqla oyanır yuxusundan Üzeyir...
Gurlar səs: "Qarabağ Azərbaycandır, nida!",
Ali Baş Komandanın səsi verir əks-səda...

Atların kişnəməsi, güllə səsləri, alov, tüstü - bunlar sadəcə təsvir deyil, 2020-ci ilin Şuşa döyüşlərinin canlı poetik rekonstruksiyasıdır. Döyüşün qızğın anı, tarixin qayıdışıdır. "Su gələn arxa bir də gələr" ata sözümüz məntiqi baxımdan burada "Od yanmış dağlar da bir də yanar" formasında real olaraq təzahür edir:
"Hər addımda bir tarix ölər, biri doğular." - bu misra Qarabağ zəfərinin mahiyyətini ifadə edir: köhnə haqsızlıq ölür, yeni tarix yazılır.
Xüsusilə "Duma" binasından Azərbaycan bayrağının asılması səhnəsinin şeirə daxil edilməsi Zəfər gününün simvolik anını yaddaşa çevirir. Yaşarın bayrağı qaldırması tarixin, qeyrətin, millət ruhunun poetik zirvəsidir.
Burada bədii düşüncə ilə publisistika qovuşur - şair faktı obrazlaşdıraraq milli qürur duyğusunu yüksəkdə tutur.
Sonuncu bölmə qələbənin sükutudur. Sanki döyüş səslərindən sonra duyulan ilahi sakitlikdir. Adilə xanım Zəfərin mənəvi səssizliyini şəhidlərin ruhuna sayğı kimi təqdim edir. Şair Şuşanı həm tarixə, həm şəhid ruhuna bağlayır:
Düşmənin qabağında dayandınız mərd, mətin,
Möhtəşəm dastanını siz yazdız ədalətin.
Ey Şuşa, ərənlərin alınmaz qalan olsun!
Səni qoruyan ruha əbədi salam olsun!

Bu bölmədə Vətən müharibəsinin əsl qəhrəmanları - torpaq uğrunda can verən şəhidlər xatırlanır. Onların ruhu Şuşanın ucalığında, Xarıbülbülün boy atmasında, xalqın sabahına açılan qapıda yaşadılır. Şairin son misraları sabahın, əmin-amanlığın, tarixi ədalətin qarantı olan azadlığın poetik şəklidir.
"Şuşanın azadlığı" əsərini ədəbiyyatın Vətənə ən layiqli töhfələrindən biri kimi qiymətləndirir və Adilə xanıma ortaya belə gözəl nümunə qoyduğuna görə südəmər körpə misali gəncəcik respublikaya sədaqət andı içib, bütün qara qüvvələrin üzərinə tarana gedən əbədiyyət sakinlərinin adından təşəkkür edirəm! Hər iki cəbhənin (həm söz, həm də döyüşən ordunun) əsgəri olduğum üçün bu məsələnin vacib olduğu qədər də, məsuliyyətli və çətin iş olduğundan xəbərdaram.
Adilə Nəzərin bu şeiri təkcə bir poetik sənət nümunəsi deyil. O, ədəbi yaddaşın müasir Qarabağ tarixini necə yazdığını göstərən nümunəvi bir əsərdir. Şair:
-tarixi faktı bədii duyğu ilə yoğurur,
-xalqın yaşadığı ağrını və sevincini bir poetik çələngdə birləşdirir,
-Şuşanı Azərbaycan ruhunun təcəssümü kimi təqdim edir. Əlbəttə bu hadisələr hamımızın gözünün qabağında elə də uzaq olmayan bir tarixdə baş verdiyinə görə həmin günləri yaxşı xatırlayırıq. Şuşanın azadlığı məsələsinin bu ümummilli işin tərkib hissəsi olaraq nə qədər vacib olduğunu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müsahibəsində öz dilindən  eşitmək bizə qizmət olub: "Şuşasız bizim işimiz yarımçıq olar". Məhz bu məlum müsahibədən  sonra xalqın mənfur düşmən üzərində tam və qəti qələbəyə inamı artmışdı.
Adilə Nəzərin böyük ustalıqla poetikləşdirdiyi real publisistik salnamədə Şuşanın azərbaycanlılar üçün strateji və mənəvi əhəmiyyətini vurğulayır, çünki onun azad edilməsi müharibənin əsas məqsədlərindən biri idi. Şuşanın işğaldan azad olunması "Zəfər"in bir hissəsidir və bu hadisə müharibənin gedişatını dəyişən əsas nailiyyətlərdən biri hesab olunur. Şuşasız, digər ərazilərin də probleminin həlli çətinləşərdi və işin tamamilə bitməsi mümkün olmazdı. 
Şuşanın işğaldan azad olunması, digər ərazilərin, xüsusən də Xankəndi və Xocalı kimi yerlərin azad edilməsinə yol açdı.
"Şuşa" anlayışı real strateji mövqe, coğrafi obyekt, müqəddəs məfhum kimi mmüharibənin gedişatında həm strateji, həm də mənəvi baxımdan mühüm bir mövqedə idi. Bu ərazinin azad edilməsi "Zəfər"in ən parlaq sübutlarından biri və sonra tam qələbəylə, ərazi bütövlüyünün və suverenliyin bərpasına gedən şanlı yolun başlanğıcı oldu.
Şuşanın işğaldan azad edilməsi, müharibənin tamamilə bitməsini təmin etdi. Belə ki, Şuşasız, digər ərazilərin də problemi tam həll olunmazdı və iş yarımçıq qalardı... Gün gəldi, vaxt-vədə yetişdi, "Şuşasız bizim işimiz yarımçıq olar" -  söyləmiş Müzəffər Ali Baş Komandanın dilindən: "Əziz, Şuşa sən azadsan!" - müjdəsini  duyduq. Şuşa öz azadlığına qovuşdu.

"Şuşanın azadlığı" - Zəfər tarixinin poetik salnaməsi, xalqın ruhunun, mənəvi gücünün sözlə təsdiqidir.
Bu əsər göstərir ki, ədəbiyyat yalnız keçmişin deyil, həm də bu günün və gələcəyin yaddaşını yaradan mənəvi qüvvə, söz sənəti, xalqın daş yaddaşdır. Və bu yaddaşın ən uca zirvəsi - Şuşadır!
Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, yuxarıda oxuduqlarınız ən müqəddəs dualara bərabər səmimi hisslərin təzahürüdür. Ərəb dilində "Quran" surələrini əzbərləməyin çətin olduğunu bəhanə edərək, namaz qılmayanlar "Şuşanın azadlığı" əsərindən istənilən bəndi öz doğma bu şipşirin ana dilimizdə əzbərləyib, sidqi-ürəklə namaz qıla bilər. Böyük Allah bu namazı qəbul edəcəkdir. Allah bütün dualarınızı qəbul etsin İnşəAllah!
Adilə Nəzərin "Şuşanın azadlığı" əsəri milli yaddaşın oyanışı və ədəbiyyatın çoxdan gözlənilən Zəfər salnaməsidir! Sözümü "Dağlar" adlı qoşmamdan bir bəndlə yekunlaşdırmaq istəyirəm:
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

Azərbaycan tarixində, ədəbiyyatında şəninə hələ çox dastanlar qoşulacaq şanlı Zəfərimiz mübarək olsun (Kəlbəcər Şəhəri Günümüz mübarək)! Allah amanında. Hələlik.

25.11.2025. Kəlbəcər.

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31