Yaxın Şərqdə artan eskalasiya: Qlobal təhlükəsizlik sistemi çökmə həddindədirmi?- ÖZƏL
17:49 SiyasətBöyük Britaniya, Fransa və Almaniya İranın Yaxın Şərqdəki fəaliyyətlərinə qarşı sərt bəyanat yayıb. Kir Starmerin ofisindən verilən məlumata görə, London, Paris və Berlin İranın raket və PUA potensialını məhv etmək üçün "mütənasib müdafiə tədbirləri" görməyə hazırdır. Xəbərdə ən diqqətçəkən məqam isə Londonun İran PUA-larına qarşı mübarizədə Ukraynalı mütəxəssisləri bölgəyə cəlb etmək niyyətidir.
Avropa dövlətlərinin bu birbaşa hərbi təhdidi regionda "böyük müharibə" riskini nə dərəcədə real edir? Müharibənin gələcək taleyi necə ola bilər?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" İranın özünü müdafiə etmək məqsədilə Fars körfəzindəki ərəb dövlətlərinin ərazisində yerləşən ABŞ hərbi bazalarına hava zərbələri endirməsi ərəb dövlətlərinin siyasi elitalarında olduğu kimi onların Qərbdəki müttəfiqlərində də (Böyük Britaniya, Fransa və Almaniyada) ciddi narazılıq və təşviş doğurub. Bununla əlaqədar bəlli dövlətlərin liderləri rəsmi Tehrana müraciət edərək ondan körfəz ölkələrinə, habelə Səudiyyə, İraq və İordaniya ərazilərinə havadan raket, dron zərbələrinin endirilməsinin dayandırılmasını tələb ediblər, əks təqdirdə ABŞ-ın yanında İrana qarşı hərbi əməliyyatlara qoşulacaqları ilə İranı hədələyiblər.
Bəlli dövlətlərə görə adı çəkilən ərəb dövlətləri İrana qarşı başlanmış müharibədə iştirak etmədiklərindən İranın bu dövlətlərin ərazisini hədəfə alması yolverilməzdir və anlaşılan deyil. Digər tərəfdən bəlli mövqeni sərgiləməklə Avropa Birliyinin bu üç aparıcı dövləti bir növ ərəb dövlətləri sırasındakı müttəfiqlərini müdafiə etdiklərini nümayiş etdirmək istəyiblər. Əslində isə İran məlum ərəb dövlətlərinin ərazisindəki ABŞ hərbi bazalarına zərbələr endirir, hərçənd, bu gün Səudiyyə ərazisindəki neft emalı zavodları da, İranın atdığı raketlərin hədəfinə gəlib. İran bu hərəkətləri ilə ABŞ hərbi bazalarının öz ərazisində yerləşdirilməsinə razılıq vermiş ərəb siyasi elitalarının hazırda Yaxın Şərqdə alovlanmış müharibəyə görə məsuliyyət daşıdıqlarına ismarıc verir və bu ölkələrin müsəlman əhalisinin təzyiqi ilə ABŞ hərbi bazalarının regiondan çıxarılmasına çalışır.
Vəziyyəti gərginləşdirən digər amil isə Böyük Britaniyanın ABŞ-a özünün İraq ərazisində yerləşən hərbi bazasından istifadə etmək hüququnu verməsidir. Londona görə ABŞ məlum bazadan müdafiə məqsədilə istifadə etmək niyyətindədir. Görunən isə odur ki, məhz İraq ərazisindəki Britaniya hərbi bazasından İran ərazisi, onun hərbi və mülki obyektləri havadan kütləvi hücuma məruz qalır.
Qərb dövlətləri Yaxın Şərqdə başlanmış müharibəyə növbəti dəfə beynəlxalq hüququn norma və prinsipləri baxımından deyil, özlərinin, habelə ABŞ-ın geosiyasi, eyni zamanda neomüstəmləkəçi maraqları baxımından yanaşırlar. Təcavüzə məruz qalmış İranın özünü müdafiə hüququna Avropanın bəlli dövlətlərinin özlərinin konyuktur maraqları konteksində yanaşmaları məhz demokratiya və insan haqlarından dəm vuran köhnə dünyanın aparıcı dövlətlərinin bu sayaq hərəkətləri ucbatından beynəlxalq hüquq iflic vəziyyətinə gətirilib.
Digər tərəfdən Ukrayna müharibəsi Qərbin kollektiv təhlükəsizlik sisteminin özündə də dərin çat və ixtilafların olduğunu göstərdi. Tramp administrasiyası bir növ özünü kənara çəkərək Ukraynanın maliyyyə və hərbi təchizatı ilə bağlı məsələləri Avropanın öz üzərinə yıxıb o, bu isə Qərb təhlükəsizlik sisteminin monolitliyi ilə bağlı suallar doğurub. Hazırda, köhnə dünyanı təmsil edən Avropanın bəlli dövlətləri ciddi cəhdlə ABŞ-la münasibətlərdə heç bir problemin olmadığını nümayiş etdirmək istəyirlər. Rusiya qarşı müharibədə Ukraynanı atom silahı ilə təchiz etməklə bağlı çağırışlar da bu zərurətdən irəli gəlir.
Qərbin əvvəlki tək monolit olduğunu Rusiya və Çinə nümayiş etdirmək cəhdi məlum dövlətlər tərəfindən avro atlantların onların qarşısında əzələ nümayiş etdirmək istəyi kimi də qiymətləndirilə bilər. Yaxın Şərqdə hərbi eskalasiyanın bu qədər artması konteksində isə bu sayaq hərəkətlər qlobal təhlükəsizlik sistemini təhdid etməklə dünyanı qarşısıalınmaz fəlakətə sürükləyə bilər".
Zeynəb Mustafazadə