ABŞ və İranın Hörmüzün bloklamasında məqsədi nədir? - ÖZƏL
15:39 SiyasətABŞ və İsrailin başladığı müharibəyə İranın dirənişi, ABŞ-ın qlobal güc imici, Hörmüz boğazı ətrafındakı proseslər, müttəfiqlər arasında fikir ayrılıqları, yaranmış vəziyyətdən Çin və Rusiyanın maraqları tərəflərin müharibədən çıxmasına imkan vermir. Müharibənin, dirənişin davamı məcburi xarakter alır. İsrail isə onsuz da müharibənin davamında istəklərini gizlətməyib.
Bu proses artıq klassik qarşıdurma formasından idarə olunan geosiyasi gərginlik dizayn alətinə çevrilir. Yəni məqsəd, qısa müddətli qələbə çərçivəsindən çıxaraq, uzunmüddətli təzyiq və təsir mexanizminin formalaşdırılmasına keçid edir. İranın tam məğlub edilməsi qlobal arxitekturanı dəyişə biləcək regional daimi gərginlik, siyasi-diplomatik kombinasiya imkanları yaradır. İran da prosesdə istər-istəməz zəifləyir, tükənir.
Hal-hazırda Çin hərbi yardım və kəşfiyyat məlumatları ilə təchiz etdiyi İranın ABŞ-a dirənişi Pekini ciddi strateji məqsədlərinə yaxınlaşdırdığından, Tehranın müharibədən çıxmasına maraqlı deyil. Eyni ilə Rusiyanın Ukrayna müharibəsindəki mövqeyi kimi.
Müharibənin davamı ABŞ-ın qlobal güc imicini əhəmiyyətli dərəcədə zədələməklə yanaşı, nəinki Tayvan məsələsində, ümumiyyətlə ABŞ-ın regiona təsir və təzyiq imkanlarını zəiflədir. İqtisadi baxımdan da Çin ABŞ-ın planlaşdırdığı xammal və enerjidaşıyıcılarının məhdudlaşdırılmasına imkan vermir.
Hörmüz boğazının İran, ardınca da uğursuz İslamabad görüşündən sonra ABŞ tərəfindən bloklanması qərarı göstərir ki, gərginlik təkcə İranla bağlı deyil, qlobal enerji və logistika balansının idarə olunması ilə bağlı qlobal güclərin çəkişməsidir.
ABŞ-ın müttəfiqlərsiz təkbaşına qərarları NATO daxilində çatları dərinləşdirməklə, Rusiyanı Ukrayna ilə bağlı məqsədlərinə yaxınlaşdırıb, müharibədən çıxmağa imkan verə bilər. Həmçinin, Hörmüzlə bağlı qlobal neft və enerji bazarında böhran ehtimalının artması, Rusiyadan enerji daşıyıcılarına tələbatın artması ilə həm Moskvanın gəlirlərinin artmasını, həm də Rusiyaya qarşı sanksiyaların götürülməsini gündəmə gətirir. Belə bir geosiyasi və qlobal iqtisadi vəziyyətdə Rusiya İrana mümkün yardımlar etməklə ABŞ-a qarşı müharibənin davamında marağını açıq şəkildə göstərir.
Əlbəttə, müharibənin davamı beynəlxalq təhlükəsizliyə və iqtisadi tarazlığa real təhdid olduğundan, əksər dünya ölkələri tez bir zamanda müharibənin dayandırılmasında maraqlıdır. Avropa İttifaqı isə gedən müharibə fonunda Rusiyanın Ukrayna üzərində qələbəsinin mümkünlüyü və qoca qitəyə təcavüz ehtimalı baxımından ABŞ-İran müharibəsinin dayandırılmasında ən çox maraqlı tərəfdir. Əlbəttə ki, bu maraq həm də Avropanın enerji təchizatı ilə bağlı zərurətdən irəli gəlir. Türkiyə və Azərbaycan da İrana qarşı kampaniyada mümkün regional qeyri-sabitliyin yaranmasından ehtiyatlanır.
Hazırkı vəziyyətdə İranın ABŞ-a müqaviməti daxili konsolidasiya effekti versə də, uzunmüddətli perspektivdə daxili narazılığı önə çıxarıb ideoloji və sistem dəyişikliyini şərtləndirə bilər. Ən əsası isə ABŞ İranı qalib vəziyyətində buraxa bilməz. Bu, həm Vaşinqtonun özünə, həm də Yaxın Şərq də daxil olmaqla bütün dünyada müttəfiq və partnyorlarının xarici siyasi kursunu dəyişdirə bilər. Əlavə olaraq, ABŞ-ın özünün neft və silah ixracatçısı kimi Yaxın Şərq gərginliyinin davamında niyə maraqlı olmaması sual doğurur.
Görünən odur ki, tam qələbə və ya tam sülh hələ ki əsas məqsəd deyil. Buna görə də müharibə nəticə yox, yeni geosiyasi düzənin formalaşma vasitəsi kimi idarə olunur. Xüsusən İranın dirənişi və Ukraynanın Rusiyaya dirənişi kontekstində qlobal oyun mənzərəsini açıq göstərir.
Eyni zamanda ABŞ və İran arasında danışıqların davamı mümkündür. Əlbəttə ki, xarici təsirləri nəzərə almadan İran mümkün nəticələrdən danışıqlar vasitəsilə yayına bilər. Amma Tramp administrasiyasının belə bir vəziyyətdə birtərəfli qaydada müharibədən çıxmaq ehtimalı da istisna edilməməlidir.
Vüqar Dadaşov
Siyasi şərhçi