Gənclər Təşkilatından açıqlama
18:14 SiyasətHörmətli həmvətənlər,
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin diqqət-qayğısı sayəsində 1997-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra öz fəaliyyətini Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı adı ilə davam etdirməkdədir.
Təşkilat yarandığı gündən etibarən Ümummilli Liderin azərbaycançılıq ideologiyasının təbliğini, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan, müdrik və uzaqgörən siyasətinin gənclər arasında təşviqini fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etmişdir. Bu xəttə sədaqətdə qüsur etməyən təşkilatımız özünü dövlətçilik mövqeyində dayanan etibarlı ictimai dayaqlardan biri kimi təsdiq etmişdir.
Son günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Gənclər Təşkilatı arasında yaranmış anlaşılmazlıq təəssüf doğursa da, qeyd olunmalıdır ki, məsələ ictimai müstəvidə mahiyyətindən artıq şişirdilmişdir. Hətta bəzi hallarda Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı həssas məqamları manipulyasiya etməyə çalışan yaramaz dairələr tərəfindən sui-istifadə predmetinə çevrilmişdir.
Bununla əlaqədar olaraq, bildirməliyik ki, 14 aprel tarixində Dövlət Komitəsində Komitə sədri Rövşən Rzayev ilə keçirilmiş görüşdə yaranmış narazılıqlar konstruktiv müzakirə olunmuş, qarşılıqlı anlaşma mühiti formalaşdırılmışdır. Görüş zamanı Gənclər Təşkilatını narahat edən məsələlərin diqqətdə saxlanılacağı, xüsusilə keçmiş məcburi köçkün gənclərin məskunlaşma və məşğulluq problemlərinin sistemli şəkildə izlənəcəyi və həlli istiqamətində addımların davam etdiriləcəyi vurğulanmışdır. Dövlət Komitəsinin bu yanaşması və göstərdiyi diqqət ictimai tərəfdaşlıq baxımından müsbət və təqdirəlayiq hal kimi qiymətləndirilməyi haqq edir.
Gənclər Təşkilatı olaraq bir daha bəyan edirik ki, dövlətini və Prezidentini sevən hər bir şəxs - istər dövlət qulluqçusu, istərsə də vətəndaş cəmiyyəti təmsilçisi - öz fəaliyyətində və davranışında yüksək məsuliyyət nümayiş etdirməli, atdığı hər addımda Azərbaycanın güclənməsinə xidmət etməli, milli maraqlara zidd qüvvələrə bəhanə verməməlidir.
İnanırıq ki, qarşılıqlı hörmət, dialoq və dövlətçilik prinsiplərinə sədaqət əsasında bundan sonra da bütün məsələlər sağlam müstəvidə həllini tapacaq, milli birliyimiz və ictimai həmrəyliyimiz daha da möhkəmlənəcəkdir.
Hörmətlə,
Vüqar Qədirov
Qayıdış və Dirçəliş Naminə
Gənclər Təşkilatının sədri