“Vaşinqton ilə Tehran hələlik böyük və yekun razılaşmadan uzaqdır” – Əkbər Qoşalı – ÖZƏL

"Vaşinqton-Tehran münasibətlərində nüvə məsələsi çevrəsində formalaşan son ritorika əslində yeni deyil, lakin bu dəfə tonun sərtləşməsi və "sıfır zənginləşdirmə" kimi maksimalist şərtin açıq şəkildə səsləndirilməsi prosesi daha həssas mərhələyə gətirib çıxarır. ABŞ vitse-prezidentinin açıqlaması Vaşinqtonun strateji xəttinin dəyişmədiyini, əksinə daha açıq və sərt formada ifadə olunduğunu göstərir: belə görünür ki, məqsəd yalnız Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq deyil. Məqsəd Tehranın bu yöndə potensial imkanlarını kökündən aradan qaldırmaqdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Yazar bildirib ki, bu durum və fonda Tehranın uran ehtiyatlarını ölkədən çıxarmaq kimi bir tələblə razılaşması, belə deyək, son dərəcə aşağı güman olardı. Çünki Tehran üçün nüvə proqramı sadəcə enerji və ya texnologiya məsələsi sayılmır. Tehran bunu milli suverenliyin, elmi-texnoloji müstəqilliyin və regional güc balansında yer tutmağın simvolu sayır. Tehran daha öncə "Birgə Hərtərəfli Fəaliyyət Planı" çərçivəsində müəyyən razılaşmaya getsə də, həmin razılaşmanın mahiyyəti, bir növ, nəzarət və məhdudlaşdırma üzərində qurulmuşdu. Hazırkı "sıfır zənginləşdirmə" tələbi isə faktiki olaraq nüvə proqramından imtina deməkdir. - Bax, bu isə Tehran üçün "qırmızı xətt" olaraq qalmaqdadır.

Ekspert qeyd edib ki, Vensin "müsbət irəliləyiş var" ifadəsi isə daha çox diplomatik və taktiki xarakter daşımış ola bilər. Bu, Tehranın müəyyən texniki məsələlərdə - məsələn, zənginləşdirmə səviyyəsinin müvəqqəti azaldılması, beynəlxalq nəzarət mexanizmlərinə qismən açıq olması və ya dolayı danışıqlarda konstruktiv mövqe sərgiləməsi kimi addımlara getdiyini göstərə bilər. 

Bəs bu cür addımlar strateji geri çəkilmədirmi? 

Məncə, bu, daha çox vaxt qazanmaq, təzyiqləri yumşaltmaq və danışıqlar masasında mövqeləri qorumaq məqsədi daşıyır. Əsas risk isə məhz ABŞ-nin irəli sürdüyü "sıfır zənginləşdirmə" şərtinin danışıqları iflasa uğratmaq potensialıdır. Vaşinqton bu məsələyə qlobal təhlükəsizlik prizmasından yanaşaraq texniki imkanların tam aradan qaldırılmasını tələb edir, Tehran isə bunu beynəlxalq hüquq çərçivəsində öz haqqı kimi görür. Göründüyü kimi, bu iki yanaşma arasında fundamental ziddiyyət mövcuddur və tərəflərdən hər hansı birinin geri addım atmaması halında növbəti görüşlər dalana dirənmiş olacaq. Beləliklə, mövcud mənzərə göstərir ki, tərəflər hələlik böyük və yekun razılaşmadan uzaqdır. Daha gerçək ssenari mərhələli, məhdud və qarşılıqlı güvəni qismən bərpa edən aralıq razılaşmaların əldə olunmasıdır. Bununla belə, özəlliklə, zənginləşdirmə hüququ və texnoloji suverenlik kimi prinsipial məsələlər öz həllini tapmadan bu prosesin uzunmüddətli və sabit sonuclar verməsi çətin görünür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31