Şüvəlandakı “tarixi malikanə” ilə bağlı yayılan məlumatlar saxtadır - Dövlət Xidməti

Xəzər rayonunda yerləşdiyi və Teymur bəy Aşurbəyova məxsus olduğu iddia edilən tarixi tikili ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə   Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən həmin ərazidə yerləşən tarixi abidələrin mühafizəsinə daimi nəzarət edilir. Araşdırmalar zamanı məlum olub ki, sosial şəbəkələrdə paylaşılan görüntülər süni intellekt vasitəsilə yaradılıb və ölkə ərazisində belə bir tarixi abidə və ya tikili mövcud deyil.

Qeyd olunub ki, paylaşımın müəllifi Gülnarə Novruzova ilə əlaqə saxlanılıb və o, məlumatın mənbəyinin qeyri-müəyyən olduğunu, fotoların isə özü tərəfindən hazırlanmadığını etiraf edib.

Dövlət Xidməti xatırladıb ki, Xəzər rayonu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələri siyahısına Teymur Quliyevin bağı, İsa bəy Hacınskinin bağ evi, Şəmsi Əsədullayevin bağ evi, Əziz bəy Aşurbəyovun bağ evi və Hacı Zeynalabdin Tağıyevin bağ evi daxildir.

Məlumatda həmçinin vurğulanıb ki, qeyd olunan ərazidə yerləşən Kərbəlayi İsrafil Hacıyevin bağ evinin dövlət mühafizəsinə götürülməsi məsələsinə artıq baxılıb və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müsbət rəy verilib.

Açıqlamada sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd edilən 2117 inventar nömrəsinin isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində, A.Zeynallı küçəsi 57 ünvanında yerləşən binaya aid olduğu bildirilib.

Dövlət Xidməti vətəndaşları mədəni irslə bağlı məlumatları paylaşarkən dəqiqliyə diqqət yetirməyə çağırıb və abidələrlə bağlı hər hansı narahatlıq yaradan hallarla qarşılaşdıqda 147 qaynar xəttinə müraciət etmələrini tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31