Əkbər Qoşalı: “Azərbaycan bölgənin inkişafını qarşıdurmadan üstün tutur” – ÖZƏL
16:57 SiyasətErmənistan parlamentinin spikeri Alen Simonyan regionda sülhün bərqərar olması naminə münasib şərait yaranacağı təqdirdə Azərbaycana səfər etməyə hazır olduğunu bildirib. O, azərbaycanlı həmkarından forumda iştirak üçün dəvət aldığını, lakin seçkiqabağı kampaniya səbəbindən gələ bilmədiyini qeyd edib.
"Alen Simonyanın bu açıqlamasını təkbaşına böyük siyasi dönüş kimi təqdim etmək doğru olmazdı, ancaq onu diqqətdən qıraqda da qoymaq olmaz. Çünki uzun illər boyunca qarşıdurma, işğal, müharibə və qarşılıqlı ittihamlar üzərində qurulmuş münasibətlər sistemində dialoq niyyətinin ifadə olunması özü də müəyyən siyasi ismarıc sayılır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Əkbər Qoşalı deyib ki, Azərbaycan savaşsonrası dönəmdən etibarən bölgədə yeni siyasi davranış modeli təklif edir. Rəsmi Bakı dəfələrlə açıqlayıb ki, Güney Qafqazın gələcəyi əməkdaşlıq üzərində qurulmalıdır. Bu anlamda erməni spikerin Azərbaycana səfərə hazır olduğunu bildirməsi, əlbəttə, müəyyən yumşalma əlaməti kimi dəyərləndirilə bilər, ancaq burada əsas məsələ sözlə əməl arasındakı məsafənin nə qədər qısa olacağıdır. Biz artıq dəfələrlə şahidi olmuşuq ki, müxtəlif erməni siyasi dairələrindən konstruktiv görünən açıqlamalar səsləndirilib, lakin sonradan iç siyasi mübarizələr, revanşist çevrələrin təzyiqləri və ya xarici təsirlər nəticəsində həmin mövqelər praktik addımlara çevrilməyib. Ona görə də hər bir açıqlamanı konkret addımlarla müşayiət olunan siyasi iradə kontekstində qiymətləndirmək gərəkdir.
"Qarşılıqlı səfərlərin və siyasi dialoqun önəminə gəldikdə isə, tarix göstərir ki, sülh öncə masalarda, sonra sənədlərdə, daha sonra isə xalqların şüurunda formalaşır. Parlament diplomatiyası, siyasi forumlar, beynəlxalq konfranslar və ikitərəfli görüşlər qarşı tərəfin mövqeyini birbaşa eşitmək, yanlış təsəvvürləri azaltmaq və güvən mühitini gücləndirmək baxımından önəmli vasitələrdir. Ancaq unutmayaq ki, sülh yalnız görüşlərin sayı ilə ölçülmür. Sülhün əsas göstəricisi sərhəddə sabitlik, kommunikasiyaların açılması, qarşılıqlı ərazi bütövlüyünün birmənalı tanınması, revanşizmdən imtina və imzalanacaq sülh sazişinin real icrasıdır. Əgər siyasi dialoq bu hədəflərə xidmət edirsə, o zaman hər bir səfər və hər bir görüş bölgənin gələcəyi üçün dəyərli yatırıma çevrilə bilər", - deyə türkoloq əlavə edib.
Ekspert qeyd edib ki, bu gün Güney Qafqaz tarixi seçim qarşısındadır: ya keçmişin əsiri olaraq qalmaq, ya da gələcəyin ortağı olmaq!.. Erməni siyasətçilərin səsləndirdiyi bu cür ismarıcların səmimiyyəti bax həmin seçimin hansı yöndə ediləcəyi ilə müəyyənləşəcək. Azərbaycan isə artıq öz seçimini edib - sülhü qalib dövlət məsuliyyəti ilə təklif edir və bölgənin inkişafını qarşıdurmadan üstün tutur. Eyni strateji uzaqgörənliyin qarşı tərəfdə nə dərəcədə möhkəmlənəcəyini zaman göstərəcək.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova