Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır
11:52 İqtisadiyyat"Azərbaycan beynəlxalq dialoq, qlobal əməkdaşlıq məkanı kimi mövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin say tərkibinə, əhatə etdiyi mövzulara diqqət yetirdikdə malik olduğu təcrübələrini bölüşmək, hədəflərə doğru birgə addımlar atmaq istəyi daha aydın görünür. May ayının 1-dən 3-dək davam edəcək, 46 ölkədən 276 şirkəti bir araya gətirən "Bakı Enerji Həftəsi" Azərbaycanın enerji sektorunda qazandığı uğurların, təcrübənin, həmçinin bu sahəyə artan beynəlxalq marağın bir daha təqdimatı oldu. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Daimi iştirakçılar isə ümumilikdə sərgi sahəsinin 40 faizini əhatə edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq ənənəvi keçirilən bu tədbir illər keçdikcə coğrafiyasını daha da genişləndirir, hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün iştirakçı ölkələr, şirkətlər arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi tarixə "Əsrin müqaviləsi" kimi yazılan sazişin imzalanmasında mühüm dönüş nöqtəsi oldu. İlk sərgi Azərbaycanın enerji diplomatiyasında əhəmiyyətli rol oynadı. Bu gün "Bakı Enerji Həftəsi"nin özündə birləşdirdiyi üç mötəbər tədbirin hər biri - 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum" ölkəmizin enerji sektorunda keçdiyi inkişaf yolunu təqdim edir".
"Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir: "Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın enerji təcrübəsindən geniş bəhs edir və bu çağırışı səsləndirir ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Bakı Ekspo Mərkəzində "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimindəki çıxışında ölkəmizin enerji sektorunda qazandığı uğurlardan danışan cənab İlham Əliyev bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt keçdikcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər, xeyli faydalı mərasimlərlə yadda qalan Bakı Enerji Həftəsi adlanır. Dünyanın ən iri qaz yataqlarına aid "Şahdəniz" müqaviləsi 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı.
Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə edərək həm iqtisadi imkanlarını genişləndirdi, həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi təmin edildi, həm də iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini dəyişdi. Bu layihələr ölkələri, xalqları bir araya gətirdi, onlar arasında körpü rolunu oynadı. Həmçinin illər keçdikcə yeni körpülər quruldu, əməkdaşlığın coğrafiyası genişləndi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir".
Malik Həsənov vurğulayıb ki, hər il keçirilən Bakı Enerji Həftəsi ötən bir ildə enerji sektorunda qazanılan uğurların təqdimatı ilə diqqətdə olur: "Bircə faktı qeyd etmək kifayətdir ki, ötən tədbirdə Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyi qeyd edilmişdir. Bu gün isə həmin rəqəm 16-ya çatıb. Onların 10-u Avropa İttifaqına üzv ölkələrdir. Azərbaycanın təbii qaz ixracı həm həcm, həm də coğrafiya baxımından genişlənir. Cənab İlham Əliyev çıxışında bu məqama da xüsusi diqqət yönəldərək qeyd etdi ki, ölkələrin sayı, əlbəttə, artacaq. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Qlobal enerji təhlükəsizliyinə töhfəmiz artacaq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti - SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək".
Millət vəkili bildirib ki, "Bakı Enerji Həftəsi" bu gün ənənəvi enerji sektoru ilə yanaşı, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrində də mövcud imkanların təqdimatında əhəmiyyətli rol oynayır: "Hazırkı dövrün əsas çağırışlarından biri, təbii ki, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan 2024-cü ildə iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbirinə ev sahibliyi ilə bu sahədə malik olduğu imkanları dünyaya təqdim etdi. Bakı nailiyyəti kimi tarixə yazılan bu iqlim konfransı yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirdi. Azərbaycan çoxtərəfliliyin tərəfdarı olduğunu bir daha təsdiqlədi. "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərdə də bu imkanlara bir daha diqqət yönəldildi. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir. Tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik. Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir".
Millət vəkili Azərbaycanın enerji və nəqliyyat imkanlarının əməkdaşlığımızın coğrafiyasının daha da genişlənməsində əhəmiyyətli rol oynadığını əsaslı şəkildə qeyd edərək bildirib ki, "Bakı Enerji Həftəsi" çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlərdə aparılan müzakirələr, müasir dövrün çağırışlarına uyğun olaraq səylərin birləşdirilməsinə yönələn addımlar qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Çıxışlarda bir daha vurğulandı ki, Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır.