Hörmüz düyünündən çıxış yolları-Ekspert açıqladı- ÖZƏL

Düşünməyək ki, ölkədə bu qədər məsələ var ikən niyə bu Hörmüz Boğazı ətrafında bu qədər müzakirə gedir? Dünyanın bir nömrəli gündəm maddəsi olan bu məsələ dünya iqtisadiyyatına, o cümlədən ölkəmizin yaxın və orta perspektivdə gələcəyinə birbaşa əhəmiyyətli və taleyüklü təsir göstərəcək bir hadisədir. 
Vəziyyətin nə dərəcədə gərgin və mürəkkəb olduğunu, nə üçün buradakı ölkələr üçün Hörmüz Boğazının bataqlığa çevrildiyini anlatmaq üçün çıxış yolu kimi gördüyüm daha optimal olan həll yollarına toxunmaq istərdim. 
1. İran zənginləşdirilmiş uranı hər 3 tərəfin (ABŞ, İran və İsrail) qəbul etdiyi 3-cü ölkəyə əmanət olaraq verir (Çin, Pakistan və ya Avropanın nüvə ölkələrindən biri);
2. İrana təzminat əvəzinə dağılmış neft-qaz infrastrukturunu, o cümlədən dağılmış tədris və səhiyyə müəssisələri, yolların bərpası üçün İranın bloklanmış vəsaitlərini İrana verir, əlavə olaraq İrana kredit verilir. Kredit neft satışının bir hissəsindən geri qaytarılır;
3. Hörmüz Boğazı ABŞ, İran, Avropa İttifaqı, Britaniya, Körfəz Dövlətlərinin yaratdığı birgə konsorsium vasitəsilə toxunulmazlıq statusu verilir;
4. İran ölkəsindən kənarda hər hansı hərbi birləşmə, qrup və sair maliyyələşdirməmək, hərbi yardım etməmək öhdəliyi götürür;
5. 1 və 4-cü bəndlərin icrası üzrə Çin, Böyük Britaniya, Avropa İttifaqı və ya tərəflərin qəbul etdiyi digər 3-cü dövlət təminat verir. 
Bu şərtlər bu və ya digər formada müəyyən qədər dəyişə bilər. Amma əsas mahiyyəti etibarilə iqtisadi cəhətdən çökmüş və sıxılmış İran üçün də, uzanması həm ABŞ, həm də qlobal iqtisadiyyat üçün risklər formalaşdırdığı üçün seytnotda olan ABŞ və dünya iqtisadiyyatı üçün də ən uyğun variantlardır. Qəbul olunmaması qısamüddətli, qanlı hərbi toqquşmaları qaçılmaz edər. 
Faktiki olaraq, mövcud vəziyyətdə status-kvo da iqtisadi təzyiqin qalması deməkdir. Hələlik başqa yol görünmür. Çünki, artıq bu müharibə ABŞ/İsrail - İran müharibəsi formatından çıxdı. Pozulmuş planlara görə isə kimin hansı bədəlləri ödəyəcəyini yaxın aylar göstərəcək. 
Lakin təəssüf ki, bu da münaqişənin əbədi həlli demək deyil. Çünki, yuxarıdakı bəndlərdən ən azı biri gələcəkdə pozulacaq!"
Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31