Çin Yaxın Şərqdəki ABŞ bazaları haqqında İrana məlumat verib- ÖZƏL

"Yaxın Şərqdə qüvvələr balansını ciddi şəkildə dəyişən sensasion bir ortaya çıxıb. İran regiondakı ABŞ hərbi bazalarını izləmək üçün Çin kəşfiyyat peykindən istifadə edib və bunu raket və dron hücumlarından daha əvvəl həyata keçirib. Məlum olub ki, məhz Çin peyki İrana Yaxın Şərqdə ABŞ-ın əsas hərbi bazalarını hədəfə almaqda kömək edib və bu bazalar müharibənin ilk günlərində ciddi zərər görüb". Bunu "Olaylar"a poltoloq Əlimusa İbrahimov deyib: ""Financial Times"-ın  araşdırmasından məlum olub ki, İran gizli şəkildə Çin casus peykini əldə edib və bu peyk İslam Respublikasına müharibə zamanı ABŞ hərbi bazalarına zərbələr endirmək üçün yeni güclü imkanlar yaradıb. "Financial Times" yazır ki, mediaya sızdırılmış İran hərbi sənədləri göstərir ki, bu peyk 2024-cü ilin sonunda Çindəki kosmodromdan orbitə buraxıldıqdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava-kosmik qüvvələri tərəfindən əldə edilib.
Koordinat siyahıları, zaman nişanları, peyk şəkilləri və orbit analizləri göstərir ki, İran hərbi komandirləri sonradan peykə regiondakı ABŞ-ın əsas hərbi obyektlərini izləməyi tapşırıblar. Bundan əlavə, peykin fəaliyyəti izlənildikdə məlum olub ki, o, mart ayında , müharibədən əvvəl və sonra, ABŞ bazalarının şəkillərini çəkib.
TEE01B peyki Çin şirkəti tərəfindən hazırlanıb və orbitə çıxarılıb. Bu modelin iş mexanizmi belədir: şirkət peyki orbitə çıxarır və formal olaraq xarici müştəriyə ötürür, lakin faktiki idarəetmə özündə qalır. Yəni sənəd üzərində peyk başqa ölkəyə məxsusdur.
Bununla yanaşı, SEPAH-a Pekində yerləşən və qlobal şəbəkəyə malik olan yerüstü stansiyalara çıxış verilib. Bu stansiyalar peykin idarə olunması və məlumat ötürülməsi xidmətlərini təmin edir. Yəni peyk formal olaraq İrana məxsus olsa da, faktiki olaraq Çin tərəfindən idarə olunur.
"Financial Times" qeyd edir ki, İranın müharibə zamanı Çin istehsalı peykdən istifadə etməsi regionda ciddi narahatlıq yarada bilər. Çin Körfəz ölkələrinin ən böyük ticarət tərəfdaşı və onların neftinin əsas alıcısıdır.
Ən maraqlı məqam isə budur: peyk 13, 14 və 15 mart tarixlərində Səudiyyə Ərəbistanındakı Prins Sultan aviabazasının şəklini çəkib. Xatırladaq ki, 14 martda ABŞ prezidenti Donald Trump bu bazaya hücum edildiyini təsdiqləmişdi və nəticədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beş yanacaq dolduran təyyarə zədələnmişdi.
Beləliklə, İranın bu bazaya hücumundan əvvəl, hücum günü və ondan sonra  bazanı izləyib. Bunu  təsadüf kimi qiymətləndirmək çətindir. Maraqlıdır ki, digər günlərdə bu baza izlənməyib.
Peyk həmçinin SEPAH-ın bu obyektlərə hücum məsuliyyətini öz üzərinə götürdüyü dövrdə İordaniyadakı Muvaffaq Salti aviabazasını, Bəhreyndə ABŞ-ın Beşinci Donanmasının yerləşdiyi əraziləri və İraqdakı Ərbil hava limanını izləyib .
Digər izlənən obyektlər arasında Küveytdəki hərbi bazalar, Cibutidə ABŞ bazası və Oman ərazisindəki obyektlər də olub. Həmçinin BƏƏ-də limanlar və enerji infrastrukturu kimi mülki obyektlər də müşahidə edilib. Maraqlıdır ki, bu obyektlərin bir hissəsi sonradan hücuma məruz qalıb.
Peykin təsvir keyfiyyəti təxminən 0,5 metrdir ki, bu da yüksək səviyyəli Qərb kommersiya peykləri ilə müqayisə olunur. Bu isə İrana hərbi texnika və infrastruktur dəyişikliklərini dəqiq izləməyə imkan verir.
Müqayisə üçün, İranın Nour-3 peykinin dəqiqliyi təxminən 5 metrdir, daha köhnə peyklərdə isə bu göstərici 12-15 metr idi.
Şirkət isə bildirir ki, peyk kənd təsərrüfatı, okean monitorinqi və fövqəladə halların idarə olunması üçün nəzərdə tutulub.
Burada ABŞ kəşfiyyatına da suallar yaranır. Çünki sənədlərə görə, İran bu sistemi almaq üçün 40 milyon dollara yaxın vəsait ayırıb və müqavilə 2024-cü ilin sentyabrında bağlanıb.
Müqaviləyə əsasən, Çin şirkəti peykin idarə olunması üçün proqram təminatı və yerüstü infrastruktur təqdim edir. Bu sistemlər vasitəsilə peyk dünyanın istənilən nöqtəsindən idarə oluna bilər.
Əsas məqam isə ondan ibarətdir ki, ABŞ bu peyki fiziki olaraq sıradan çıxara bilmir, çünki idarəetmə Çin ərazisindədir.
Məhz buna görə ABŞ və İsrail daha əvvəl İranın yerüstü peyk stansiyalarına zərbələr endirərək onu "kor etməyə" çalışırdı. Lakin Pekində yerləşən infrastruktura zərbə endirmək mümkün deyil.
Bu arada İsrail İranın kosmik tədqiqat mərkəzlərinə zərbələr endirdiyini açıqlayıb. Lakin görünür ki, İranın əsas "gözləri" artıq ölkə daxilində deyil, xaricdə, Çində yerləşir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31