“Mütənasib müdafiə” və böyük müharibə riski – ÖZƏL

"Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 formatının İrana yönəlik sərt bəyanatı Yaxın Şərqdə yeni təhlükəsizlik mərhələsinin başlandığını göstərir. Keir Starmer ofisindən səslənən "mütənasib müdafiə tədbirləri" ifadəsi diplomatik termin olsa da, arxasında gerçək hərbi-texniki hazırlıq niyyəti dayanır. Məqsəd müharibə başlatmaq olmasa da, İranın raket və PUA potensialını cilovlamaq məqsədinin olduğu görünür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, lakin "mütənasiblik" Yaxın Şərq gerçəkliyində həmişə sabitlik demək olmur. İranın PUA və raket imkanları artıq regional güc balansının əsas alətlərindən biridir və proksi şəbəkələr vasitəsilə təsir radiusu genişdir. Avropanın rahatsızlığı da məhz bu asimmetrik üstünlüklə bağlıdır. Xəbərdə diqqət çəkən digər məqam - Ukraynalı mütəxəssislərin prosesə cəlb olunması niyyətidir. Bu, belə deyək, müharibə təcrübəsinin transferidir. Ukrayna cəbhəsində sınaqdan çıxmış PUA-əleyhinə mexanizmlərin Yaxın Şərqə daşınması texniki baxımdan məntiqli görünsə də, geosiyasi baxımdan riskli sayıla bilər: yəni Rusiya amili dolayı şəkildə regiona çəkilə, İran-Rusiya xətti daha da sıxlaşa bilər.

Böyük müharibə gerçəklikdirmi? 

Hazırkı mərhələdə tammiqyaslı Avropa-İran toqquşması ehtimalı aşağıdır. Avropa quru əməliyyatına maraqlı deyil, enerji təhlükəsizliyi və miqrasiya riski onu ehtiyatlı davranmağa vadar edir. Ancaq eskalasiya riski yüksəkdir. Hörmüz boğazında gərginlik, proksi qüvvələrin genişlənən cavabı və ya İsrail faktorunun birbaşa müdaxiləsi situasiyanı sürətlə dəyişə bilər.
Məhdud zərbələr və balans axtarışı - bax bu ən gerçəkçi ssenari olardı. Daha təhlükəli ssenari isə proksi müharibəsinin genişlənməsi və bloklaşmanın sərtləşməsidir.

"Azərbaycan üçün prioritet sabitlikdir. Enerji marşrutlarının təhlükəsizliyi və Güney Qafqazın yeni qarşıdurma bölgəsinə çevrilməməsi həyati önəm daşıyır. Ona görə də rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan, balanslı mövqeyini qorumağa çalışacaq.
Sonuc etibarilə, E3 bəyanatı təhlükəsizlik arxitekturasının silkələndiyini göstərir. Yanlış sayımlar böyük müharibəni gerçəkləşdirə bilər. Bölgənin taleyi indi emosiyalardan daha çox, soyuq strateji düşüncənin sınağındadır...", - deyə ekspert vurğulayıb. 

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31