Ərdoğan Putinlə görüşün detalları barədə danışdı
18:12 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə təxminən bir saat yarım davam edən görüşün əsas məqamlarına toxunub.
Ərdoğan bildirib ki, görüş zamanı ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə başlayan dialoq prosesi müsbət qiymətləndirilib və Türkiyənin sülhün təmin olunması istiqamətində verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Prezidenti qeyd edib ki, danışıqlarda əsas diqqət müharibənin dayandırılması və sülh təşəbbüslərinə yönəlib.
Onun sözlərinə görə, Türkiyənin bu mövzuda tutduğu mövqe Rusiya Prezidenti Vladimir Putin tərəfindən də yaxşı bilinir.
"Putinlə keçirdiyimiz bu görüşdən sonra, ümid edirəm ki, ABŞ Prezidenti Donald Trampla da sülh planı ilə bağlı müzakirə aparmaq imkanı yaranacaq. Sülhün uzaqda olmadığını görürük", - deyə Ərdoğan vurğulayıb.