Xankəndidə dalğalanan Azərbaycan Bayrağı artıq arzu və istək yox, reallıqdır-Özəl
12:32 Siyasət"Qarabağın, xüsusilə Şuşanın işğaldan azad olunması Ali Baş Komandan İlham Əliyevin böyük strateq kimi hərbi-siyasi məharətinin, uzaqgörənliyinin və qətiyyətli rəhbərliyinin təntənəsi idi. Xankəndinin separatizmin alovundan və qanunsuz silahlı birləşmələrin mövcudluğundan təmizlənməsi isə qəhrəman sərkərdənin rəhbərlik etdiyi qəhrəman ordumuzun gücünün, döyüş əzminin və hərbi peşəkarlığının növbəti təntənəsi kimi tarixə yazıldı. Bayrağımızın Xankəndində dalğalanması dövlət suverenliyimizin tam bərpasının, tarixi ədalətin və milli qürurumuzun təntənəsi oldu". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Bu coşqunun, bu təntənənin adı zəfərdir. İllərlə həsrətini çəkdiyimiz, uğrunda mübarizə apardığımız, böyük qurbanlar bahasına qazandığımız zəfər! İndi qalibiyyət bayrağımız başımızın üstündə dalğalanır, qürurumuzun və milli birliyimizin rəmzi kimi gələcəyə uzanan yolumuza işıq saçır. Qələbə ocağımızın başındadır. Xalq kimi başımız dik, alnımız açıqdır. Biz torpaqlarını azad etmiş, suverenliyini tam bərpa etmiş, zəfərini ləyaqətlə qazanmış xalq kimi tarix qarşısında alnıaçıq dayanırıq. Bu gün qürurumuz da, sevincimiz də, gələcəyə inamımız da zəfərimizin ucalığından güc alır.
Xankəndidə dalğalanan Azərbaycan Bayrağı artıq arzu və istək yox, reallıqdır. Otuz ildən artıq xalqımızın qəlbində yaşatdığı müqəddəs arzu gerçəkləşib, üçrəngli bayrağımız doğma torpağımızda öz əbədi yerini tutub. Arzularımızı reallığa çevirən qalib Baş Komandan bizə azərbaycanlı olmağın, bütövlüyün və xalq böyüklüyünün xoşbəxtliyini yaşatdı. Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin liderliyi ilə artıq bölgədə əmin-amanlıq və inkişaf var.
Qələbəni dahilər qazanır, çünki dahilər tarixin özüdür, tarix onların qərarları ilə yazılır. Qarabağ zəfəri ilə Prezident İlham Əliyev dünyanı heyrətə gətirən qalibiyyət epopeyası yazaraq Azərbaycanı tarixinin ən şanlı səhifələrindən birinə qovuşdurdu. Ölkə başçısı böyük lider kimi düşmən ölkəyə, Qarabağın işğalını əbədiləşdirmək istəyən beynəlxalq güclərə qalib gəldi. Prezident İlham Əliyev bu ədalətsiz güclərin qarşısında təkbaşına dayanaraq Azərbaycanın taleyini dəyişdi, dünənki, indiki və gələcək nəsillərə örnək yaratdı. Bu örnəyin adı xalqa bağlılıq, böyüklük və qələbədir".