Ukraynada general saxlanılıb – dələduzluq şəbəkəsi ilə əlaqələr araşdırılır
12:47 DünyaUkrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun (NABU) əməkdaşları Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yüksək vəzifəli əməkdaşı, general Sergey Dukunu saxlayıblar.
"Ukrainska Pravda" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir ki, Duka SBU-nun Milli Dövlətçiliyin Müdafiəsi Departamentinin rəis müavini vəzifəsində çalışır.
Məlumata görə, saxlanılma NABU-nun "Karfagen" əməliyyatı çərçivəsində ifşa etdiyi cinayətkar təşkilatla bağlı araşdırmalar fonunda baş verib.
İstintaq materiallarına əsasən, həmin təşkilatın üzvləri dələduzluqla məşğul olan çağrı mərkəzlərinin və digər qanunsuz bizneslərin fəaliyyətinə maneəsiz şərait yaradılması müqabilində hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarına sistematik olaraq rüşvət veriblər.
Bundan əvvəl, noyabrın 4-də NABU Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Anton Kravçukla bağlı axtarışlar aparıldığını açıqlamışdı. Həmin vaxt antikorrupsiya qurumu istintaq tədbirlərinə mane olan yüksək vəzifəli əməkdaşlardan birinin istintqaçıları odlu silah tətbiq etməklə hədələdiyini bildirmişdi.
"Ukrainska Pravda"nın mənbələri həmin şəxsin Sergey Duka olduğunu qeyd edib.
Qeyd edək ki, Ukraynada Azərbaycan vətəndaşlarını hədəf alan kiberdələduzluq şəbəkəsinə qarşı da əməliyyat keçirilib. Noyabrın 3-də Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Ukrayna polisi tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində Kiyevdə qanunsuz fəaliyyət göstərən çağrı mərkəzlərində çalışan 11 nəfər saxlanılaraq Azərbaycana gətirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər özlərini hüquq-mühafizə orqanlarının, mobil operatorların və bankların əməkdaşları kimi təqdim edərək Azərbaycan vətəndaşlarını aldadıb, onların pul vəsaitlərini ələ keçiriblər.