Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib (FOTO)

Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan bu ölkədəki səfirliyini ziyarət edib.

Trend xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının mətbuat xidməti məlumat yayıb.

Ziyarət zamanı nümayəndə heyəti səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanıb.

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov nümayəndə heyətini səmimiyyətlə salamlayaraq görüşdən məmnunluğunu ifadə edib, Azərbaycan-Rumıniya münasibətlərinin son illər dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, hüquq sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu istiqamətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əlaqələrin genişləndirilməsinə və zəruri dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

Anar Bağırov çıxış edərək dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib, Rumıniyaya səfərin əsas məqsədinin iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu vurğulayıb.

Sədr Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, vəkillik fəaliyyətinin davamlı inkişafı istiqamətində həyata keçirilən islahatlardan bəhs edib, vəkillik institutunun müstəqilliyinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Anar Bağırov müstəqil Azərbaycanın Konstitusiyasının məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlandığını xatırladaraq, bu sənədin hüquqi dövlət quruculuğunda mühüm rolunu xüsusi qeyd edib.

Eyni zamanda Anar Bağırov Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun fəaliyyətinə toxunaraq, nümayəndə heyətinə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Anar Bağırov səfirlik binasına Kollegiyanın rəsmi emblemini və nəfis şəkildə hazırlanmış Konstitusiya kitabını hədiyyə edib.

Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib (FOTO)

Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib (FOTO)
Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət edib (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31