Sülh prosesi iqtisadi addımlarla dəstəklənir: Azərbaycan-Ermənistan əməkdaşlığı- ÖZƏL

Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Ötən ay 35 ildən sonra Rusiya və Qazaxıstandan Ermənistana buğdanın  Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə tranziti reallaşdıqdan sonra, Bakı qonşu ölkəyə neft məhsulları satmaq barədə qərar verib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Doha Forumunda bildirib ki, neft məhsullarının ixracı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Qəbələ səfəri zamanı müzakirə edilib. H. Hacıyev Azərbaycan üçün müharibənin bitdiyini vurğulayıb.


Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan və Ermənistan arasında sülh istiqamətində çox pozitiv proseslər həyata keçirilməkdədir. Vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıda və İrəvanda görüşündən sonra Rusiya və Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdırılması həyata keçirildi və artıq Gürcüstan vasitəsilə Azərbaycan nefti də Ermənistana çatdırılacaq. Gürcüstan tərəfi dostluq jesti edərək tranzit gəlirlərindən də imtina etmişdir.
Bütün bunlar Cənubi Qafqazda etibarlı, dayanıqlı sülhü və təhlükəsizlik arxitekturasını formalaşdırır. Eyni zamanda gələcəkdə Azərbaycan nefti Ermənistana daha böyük partiyalarla satıla bilər. Bu, həm ölkəmiz üçün iqtisadi gəlir formalaşdırır, həm də Ermənistanın Rusiya və İrandan olan enerji daşıyıcılarına artan asılılığını daha da azaltmaqdadır. Hesab edirəm ki, bunun qarşılığında Azərbaycan da mühüm dividendlər əldə etməlidir. Qardaş Türkiyədən gələn yüklər də Ermənistan vasitəsilə Azərbaycana çatdırıla bilər və bütün bunlar qarşılıqlı etimadı gücləndirən amillər hesab oluna bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, artıq ili başa vururuq. Növbəti il Ermənistanda çox ciddi siyasi proseslər həyata keçiriləcək.
Ermənistanda parlament seçkiləri çox həlledicidir və Cənubi Qafqazda gedən bu proseslər Nikol Paşinyanın siyasi reytinqinin daha da artmasına xidmət edəcəkdir. Beləliklə, Azərbaycanın Ermənistana bu cür müsbət, sülh yönümlü jestləri həm təhlükəsizliyi gücləndirir, həm də Nikol Paşinyanın xalq arasında etimadının artmasına, sülhə meyilli şəxslərin və cəmiyyətin daha aktiv şəkildə seçkilərdə iştirak etməsi ehtimalına səbəb ola bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31