Azərbaycanda elmi məhsuldarlıq böhranı
18 Aprel 22:00 SosialAzərbaycanın elm sahəsindəki potensialı, son illərdə müxtəlif platformalarda geniş müzakirə obyektinə çevrilib. Lakin bu potensialın reallaşmasında ciddi problemlərin mövcud olduğu danılmaz bir həqiqətdir. Elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycan Dövlət İqtisad Universitetində çıxışı zamanı səsləndirdiyi fikirlər, ölkədə elmi fəaliyyətin real vəziyyətinə güzgü tutur. Nazir bildirdi ki, "Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatın əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur". Bu açıqlama, uzun illərdən bəri davam edən sistemli problemlərin aydın göstəricisidir.
Elmin "səssizliyi" - səbəblər nələrdir?
Nazirin çıxışında toxunduğu əsas məqam, elmi məqalə və məhsulların azlığıdır. Əsas səbəb kimi isə maliyyələşmənin zəif olması göstərilir. Doğrudan da, elm sahəsində uğur qazanmış ölkələrin təcrübəsi göstərir ki, elmi nailiyyətlər, ilk növbədə, davamlı və məqsədyönlü maliyyə dəstəyindən qaynaqlanır. Nazir Əmrullayevin vurğuladığı kimi, ölkədəki bütün elmi xərcləri böldükdə, bir elmi məqalənin dəyəri təqribən 35 min manata başa gəlir. Bu, kifayət qədər yüksək göstəricidir və elmi tədqiqatların maliyyə baxımından nə qədər çətinliklə həyata keçirildiyini təsdiqləyir.
Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə fəaliyyət göstərsə də, onların böyük əksəriyyəti praktiki olaraq elmi məhsul istehsal etmir. Bu isə elmi institutlar arasında qeyri-mütənasiblik yaradır - yəni təşkilatlar mövcuddur, amma onların real nəticələri, məhsuldarlığı çox zəifdir.
Elm və təhsilin ayrılığı: Gecikmiş inteqrasiya
Emin Əmrullayevin dilə gətirdiyi digər vacib məqam, elm və təhsilin uzun illər ayrı-ayrı inkişaf etməsi məsələsidir. SSRİ dönəmindən qalma bu model, bu gün də bir çox problemlərin kökündə dayanır. Təhsil müəssisələri ilə elmi institutlar arasında əlaqələrin zəif olması, gənc tədqiqatçıların elmə cəlb olunmasını əngəlləyir. Universitetlərdə aparılan elmi fəaliyyətin nəticələrinin istehsalatla, innovasiya ilə əlaqələndirilməməsi isə ölkədə fundamental elmin inkişafına ciddi zərbə vurur.
Müasir dünyada universitetlərin eyni zamanda həm tədris, həm də tədqiqat mərkəzi kimi fəaliyyət göstərməsi vacib sayılır. Lakin Azərbaycanda bu sintez hələ də tam şəkildə formalaşmayıb. Bu da o deməkdir ki, tələbələr yalnız nəzəri biliklərlə kifayətlənir, real tədqiqat prosesinə isə ya cəlb olunmur, ya da bu proseslər formal xarakter daşıyır.
Elmi məhsul nədir və niyə vacibdir?
Elmi məhsul dedikdə təkcə elmi məqalə nəzərdə tutulmur. Elmi tədqiqat nəticəsində yaranan hər bir praktiki yenilik - texnologiya, dərman preparatı, proqram təminatı, kənd təsərrüfatında yeni üsullar və s. elmi məhsul sayılır. Belə məhsullar isə həm iqtisadi, həm də sosial baxımdan ölkəyə böyük töhfə verə bilər. Təəssüf ki, Azərbaycanda bu baxımdan vəziyyət ürəkaçan deyil. Qərb ölkələrində elmi tədqiqatlar birbaşa bazarla əlaqələndirilir. Tədqiqatçılar sahibkarlıq subyektləri ilə birgə işləyir, dövlət isə bu proseslərə aktiv şəkildə dəstək verir. Azərbaycanda isə bir çox elmi tədqiqat nəticəsiz qalır və tətbiq sahəsi tapılmır. Bu da elmin praktiki səmərəliliyini azaldır, ictimaiyyətin elmə inamını zəiflədir.
Gənclər və elmi karyera: İtirilmiş motivasiya
Digər bir problem isə elmi karyeranın cazibədar olmamasıdır. Gənclər arasında elmi fəaliyyətə maraq ildən-ilə azalır. Bunun səbəbi isə aydındır: aşağı maaş, qeyri-sabit gələcək və sosial təminatın zəifliyi. Əgər bir gənc elmi fəaliyyətə başlayırsa, o, uzun illər maddi çətinliklərə sinə gəlməli olur. Bu da tədricən onların başqa sahələrə yönəlməsinə səbəb olur.
Tədqiqatçı olmaq üçün yalnız istək yetərli deyil - bu proses üçün həm infrastruktur, həm maliyyə dəstəyi, həm də sosial motivasiya vacibdir. Bu baxımdan, Azərbaycan elmi gənclər üçün cəlbedici bir istiqamət deyil. Bu gün tədqiqat aparmaq istəyən bir magistr və ya doktorant çox vaxt xarici ölkələrə üz tutur.
Çıxış yolları: Nə etmək lazımdır?
Maliyyələşmənin artırılması və yeni fondların yaradılması: Elmi layihələrin dəstəklənməsi üçün xüsusi fondlar yaradılmalı və onların şəffaf fəaliyyəti təmin olunmalıdır. Bu fondlar həm də gənc tədqiqatçıları təşviq etməlidir.
Elm-təhsil inteqrasiyasının sürətləndirilməsi: Universitetlər elmi mərkəzə çevrilməlidir. Professor-müəllim heyəti eyni zamanda tədqiqat aparmalı, tələbələr də bu prosesə aktiv cəlb olunmalıdır.
Elmi məhsulların kommersiyalaşdırılması: Elmi nəticələrin biznes mühitinə inteqrasiyası təmin edilməlidir. Texnoparklar, innovasiya mərkəzləri bu istiqamətdə mühüm rol oynaya bilər.
Beynəlxalq əməkdaşlıqların gücləndirilməsi: Azərbaycan alimləri beynəlxalq tədqiqat şəbəkələrinə daxil edilməli, birgə layihələr təşviq olunmalıdır.
Elmin ictimailəşdirilməsi: Cəmiyyətə elmin əhəmiyyəti düzgün təqdim olunmalı, elmi nailiyyətlər medianın gündəmində olmalıdır.
Mövzu ilə bağlı Siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi Qoşqar Bəylərov Olaylar.az-a açıqlama verib:
"Fikrimcə, Azərbaycanda elmin inkişafının ləng getməsinin və elmi məqalələrin az yazılmasının bir neçə əsas səbəbi var;
Elmi metodları bilmirlər
Elmi iş müəyyən metod və texnikalara əsasən yazılmalıdır. Təəssüf ki, bizdə elm mühitində olan bir çox "tədqiqatçı" var ki, bunların varlığından belə xəbəri yoxdur. Praktikada rastlaşdığım hadisələrə əsasən deyə bilərəm ki, təhsil mühitindəki bəzi şəxslər qəzet məqaləsi ilə elmi məqaləni ayıra bilmirlər.
Elmi fəaliyyətə verilən dəyərin aşağı olması
Akademik uğur, tədqiqat və elmi nəşrlər cəmiyyət və dövlət tərəfindən yetərincə təşviq olunmur. Elmi fəaliyyətlə məşğul olanların sosial statusu və maddi təminatı yüksək olmadığından, bu sahəyə meyl edənlər azdır.
Tədqiqatın formal xarakter daşıması
Bəzi tədqiqat işləri (xüsusilə dissertasiyalar) sadəcə müəyyən dərəcəni almaq üçün yazılır, orijinal ideya, yeni metod və ya elmi töhfə daşımaq məqsədi güdmür. Bu da elmi məqalələrin keyfiyyətinə və sayına təsir edir.
Akademik mühitin qapalı və motivasiyasız olması
Akademik çevrələrdə açıq elmi debat, sağlam rəqabət və əməkdaşlıq mühiti istənilən səviyyədə deyil. Bir çox hallarda insanlar məqalə yazmağa və ya tədqiqat aparmağa həvəsli deyillər.
Maliyyə və infrastruktur çatışmazlığı
Tədqiqat aparmaq üçün maddi və texniki imkanlar çox məhduddur. Laboratoriyalar köhnədir, müasir avadanlıqlar yoxdur, xarici məlumat bazalarına çıxış çox məhduddur. Bəzi universitetlərdə hətta Scopus və ya Web of Science bazalarına çıxış yoxdur.
Dil baryeri və beynəlxalq əlaqələrin zəifliyi
Elmi məqalələrin əksəriyyəti ingilis dilində yazılır. Lakin azərbaycanlı tədqiqatçıların çoxu ya bu dillərdə yetərincə sərbəst deyillər, ya da beynəlxalq elmi yazı standartlarına bələd deyillər. Bu da onları beynəlxalq nəşrlərdən uzaq salır.
Elmi nəşrlərin yerli səviyyədə dəyər qazanmaması
Azərbaycanda yazılan məqalələrin bir çoxu yalnız yerli jurnallarda dərc olunur və bu jurnalların çoxu beynəlxalq indekslərdə yer almır. Nəticədə, bu məqalələr beynəlxalq elmi ictimaiyyətə çıxmır".
Bəs nə dəyişsə, elmdə canlanma olar?
Elmi-tədqiqat metodları tədrisinin genişləndirilməsi
Elmi-tədqiqat metodları fənninin tədrisinin genişləndirilməsi tələbələrin analitik düşünmə, problem həll etmə və müstəqil araşdırma aparma bacarıqlarını inkişaf etdirir. Müasir elmi yanaşmaların və metodoloji biliklərin öyrədilməsi, elm adamlarının akademik və peşəkar fəaliyyətində keyfiyyətli nəticələr əldə etməyə imkan yaradır. Bu həmçinin təhsil müəssisələrində elmi mühitin güclənməsinə və tədqiqat yönümlü yanaşmanın təşviqinə xidmət edir.
Əməkhaqqı və qrant sisteminin yenilənməsi
Təklif edirəm ki, elmi məqaləyə görə mükafatlandırma sistemi genişləndirilsin. Belə olduqda, insanlar tədqiqata daha çox vaxt ayırar. Nəticədə keyfiyyətli məqalələrin sayı artır, motivasiya güclənər.
Təhsil və tədqiqatın inteqrasiyası
Universitetlərdə bakalavrdan doktoranturaya qədər araşdırma əsaslı tədris sistemi qurulmalıdır. Araşdırma təhsilinin nəticəsində gənclər daha tez elmi fəaliyyətə cəlb olunar.
Plagiatla ciddi mübarizə
Əlavə olaraq, antiplagiat sistemləri sərtləşdirilməsini və saxta elmi işlərin rəsmi şəkildə ləğv edilməsini təklif edirəm.
Bununla da, orijinal araşdırma və elmi etika formalaşar.
Dil və akademik yazı bacarıqlarının artırılması
Tədqiqatçılar üçün ingilis dilində elmi yazı kursları təşkil edilsə, beynəlxalq indeksli jurnallarda dərc olunmaq ehtimalı artacaq.
Tətbiqi elmin dəstəklənməsi
Startaplar, texnoparklar və innovasiya layihələri ilə elmin sənayeyə inteqrasiyası gücləndirilməlidir. Bunun nəticəsində, elmi tədqiqatlar cəmiyyətə fayda verən real məhsullara çevrilər.
Elmə sərmayə - gələcəyə sərmayədir
Elm yalnız laboratoriyalarda aparılan təcrübələr və yazılan məqalələrlə məhdudlaşmır. O, cəmiyyətin düşüncə tərzini formalaşdırır, iqtisadi inkişafın əsasını təşkil edir və innovasiyanın əsas qaynağıdır. Azərbaycanda elmin inkişafı üçün ciddi islahatlara və davamlı dəstəyə ehtiyac var. Əgər bu sahəyə diqqət artırılmazsa, 10 il sonra da eyni problemlər müzakirə olunacaq - yalnız rəqəmlər bir qədər dəyişəcək.
Elm danışmasa, gələcək susar. Bu susqunluğu aradan qaldırmaq isə həm dövlətin, həm cəmiyyətin, həm də medianın üzərinə düşən məsuliyyətdir.
Səidə Ramazanova