Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili
16 Aprel 15:08 SosialAsəf Qənbərov
Oruc tutanların sayı çoxalırmı?
Azərbaycanda son dövrlərdə əhalinin oruc ibadətinə marağı artmaqdadır. Ətrafımızda, mediada, mətbuatda oruc haqqında geniş müzakirələrin, dini söhbətlərin getdiyi müşahidə olunur. Bu ilki (2025) Ramazan ayında orucla bağlı televiziya və internet kanallarında canlı yayımlar həyata keçirilir. Bu verilişlərin baxış sayına nəzər saldıqda, əhali arasında oruc ibadətinə kifayət qədər marağın oyandığını demək mümkündür.
Oruc ibadətinə marağın artması bizdə bəzi suallar yaradır: əhalinin neçə faizi oruc ibadətinə riayət edir? Hansı yaş qruplarında oruca əməl etmək daha geniş yayılır? Hansı cinsin nümayəndələri oruca daha çox əməl edir? Bu sualları təxmini olaraq cavablandırmaq üçün, qısa və sadə onlayn sorğu tərtib edib, əsasən də gənclər arasında "Oruc haqqında sorğu" keçirməyə cəhd etdik. Sorğunun nəticələrini aşağıda təhlil edəcəyik.
Metodoloji problemlər
Sosioloji sorğularda empirik metodologiyanın tələblərinə riayət etmək çox vacibdir: əks halda, nəticələr yanıldıcı ola bilər. Sorğuda iştirak edən respondentlər qrupunun "reprezentativliyi", "dəyişənlərin etibarlılığı", məlumatların (data) "normal paylanması" və s. metodoloji tələblərin ödənilməməsi araşdırma nəticələrinin etibarlılığına və tutarlılığına ciddi təsir göstərir. Buna görə də, xüsusilə qeyd etmək istəyirik ki, keçirdiyimiz onlayn oruc sorğusunda reprezentativlik şərtini təmin edə bilməmişik: çünki onlayn sorğuda təsadüfi seçmə metodunu tətbiq etmək olduqca çətindir. Daha aydın ifadə etsək,bu araşdırma ümumi əhalinin və ya müəyyən bir təbəqənin, məsələn, gənclərin və ya tələbələrin orucla bağlı davranışını obyektiv əks etdirmir! Lakin araşdırmada iştirak edənlərin orucla bağlı davranışları haqqında kifayət qədər məlumat verir.
Sorğu10 mart 2025- 13 mart 2025-ci il tarixləri arasında, "googleform" vasitəsilə, anonim şəkildə həyata keçirilmişdir. Məlumatlar "SPSS Statistics 26" proqram paketində analiz edilmişdir. Sorğuda, əsasən, Bakıda fəaliyyət göstərən 4 ali təhsil müəssisəsinin hər birindən bir neçə tələbə qrupu könüllü formada iştirak etmişdir. Ayrıca, şəxsifacebook əlaqələrimsorğuda iştirak etməyə dəvət olunmuşdur. Sorğuda 3 gün ərzində, cəmi 257 nəfər iştirak etmişdir. Fikrimcə, facebook əlaqələrimdə dini icmaların nümayəndələri üstünlük təşkil etdiyinə görə, respondentlərin oruc tutma səviyyəsinin ümumi əhalinin oruc tutma sıxlığından daha yüksək çıxma ehtimalı vardır.
Sorğuda iştirak edən respondentlərin (seçmə məcmusu)ümumi parametrlərini aşağıda, 1-ci qrafikdə müşahidə etmək mümkündür.
Respondentlərin ümumi parametrləri nəzərdən keçirildikdə, cins baxımından 257 nəfərin 73.9%-nin qadın, 26.1%-nin kişi cinsinə aid olduğunu görürük. Yenə də, respondentlərin 98%-nə yaxını ali təhsilli, 77.4%-nin 18-25 yaş, 8.2%-i 26-35 yaş, 10%-i 36-45 yaş, 3.9%-i 46-55 yaş qruplarına daxildir. Bu məlumatlar onu göstərir ki, respondentlərin əsas hissəsi ali təhsilli gənclərdən, əsasən də tələbə qızlardan təşkil olunmuşdur.
Respondentlərin neçə faizi oruc tutur?
Qrafik - 2-də respondentlərin Ramazan ayında oruc tutma sıxlığı ilə əlaqəli məlumatları görə bilərik.
Bu məlumatlara görə, sorğuda iştirak edənlərin 43.75%-i bütün ayı oruc tutduğunu, 28.91%-i ara-sıra tutduğunu, 27.34%-i isə heç oruc tutmadığını ifadə etmişdir. Fikrimcə, bütün ayı oruc tutanların daha çox ibadət məqsədilə, ara-sıra və ya qismən oruc tutanların, əsasən, sağlamlıq məqsədilə oruc tutduğu ehtimal edilə bilər. Bütün hallarda, yuxarıda qeyd etdiyim metodoloji problemlər səbəbilə, bu nəticələrin reallığı tam əks etdirmədiyini, daha dəqiq nəticə almaq üçün təsadüfi seçmə metodu ilə daha geniş kütlənin araşdırmaya cəlb edilməsinin lazım olduğunu xatırlatmaq istəyirəm. Müqayisə üçün qeyd edim ki, əldə etdiyim məlumatlara görə, Sosial Tədqiqatlar Mərkəzinin 2018-ci ildə həyata keçirdiyi araşdırmanın nəticələrinə görə, Azərbaycanda mütəmadi oruc tutanların səviyyəsinin təxminən 32% ətrafında olduğu müəyyən edilmişdir.
Oruc tutanların səviyyəsinin yüksəlməsinin bir səbəbi də mövsüm şərtləri ilə əlaqədar ola bilər. Belə ki, qış və payız fəsillərində günün qısalması oruc tutmaq üçün əlverişli şərait yaratdığına görə, adətən, oruc tutma səviyyəsində yüksəlmə baş verir.
Kişilər daha çox oruc tutur, yoxsa qadınlar?
Empirik araşdırmalar, adətən, qadınların kişilərə nisbətən daha çox dini ayinlərə riayət etdiyini göstərir. Bəs, bizim sorğuda hansı cinsin nümayəndəsi daha çox oruca riayət edir? Aşağıda, 3-cü qrafikdə oruc tutanların cins parametrinə görə bölgüsü təqdim olunmuşdur.
Qrafik - 3-də gördüyümüz məlumatlara görə, bütün ay oruc tutanların 65.2%-i kişilərdən, 36.3%-i isə qadınlardan ibarətdir. Sorğuda "qismən tuturam" deyənlərin 10.6%-i kişilər, 35.3%-i qadınlar, "heç tutmuram" deyənlərin 24%2-i kişilər, 28.4%-i isə qadınlar olduğu müəyyən edilmişdir. Deyilənlərdən aydın olur ki, bu sorğunun nəticələrinə görə, respondentlər içərisində kişilər oruc ibadətinə qadınlara nisbətlə daha çox riayət edirlər.
Hansı yaş qrupu oruca daha çox riayət edir?
Seçmə məcmunun ümumi xarakteristikasına nəzər yetirdikdə, respondentlərin çoxluğunun 18-25 yaş aralığına aid olduğunu görürük. Bəs, oruc ibadətinə hansı yaş qrupu daha çox əhəmiyyət verir? Bu sualın cavabınıaydınlaşdırmaq üçün Qrafik - 4-ə yaxından nəzər yetirə bilərik.
Yaş qruplarına görə oruc tutma praktikasını nəzərdən keçirdiyimizdə, üstünlük sırasına görə, 26-35 yaş qrupunun 81%-i, 36 - 45 yaş qrupunun 69.2%-i, 46 - 55 yaş qrupunun 40%-i və 18 -25 yaş qrupunun isə 36.7 %-nin "bütün ay oruc tuturam" cavabını vermişdir. Bütün ay oruc tutma praktikası, əsasən, orta yaşlarda üstünlük təşkil etməkdə, ən az isə 18-25 yaş aralığında təzahür etməkdədir. "Qismən oruc tuturam" deyənlər 32.7 % nisbətində olmaqla ən çox 18-25 yaş aralığında müşahidə edilməkdə, heç oruc tutmadığını ifadə edənlər isə 46-55 yaş qrupunda 40 % nisbətində, sonra isə 18-25 yaş qruplarında 30.7% nisbətində olduğu müşahidə edilir. Deməli, oruc ibadətinə mütəmadi riayət edənlər arasında orta yaş qrupları üstünlük təşkil edir.Gənclər arasında isə mütəmadi oruca riayət etmək digər yaş qruplarına nəzərən aşağı səviyyədədir. Amma ara-sıra və ya qismən oruc tutanlar gənclər arasında daha sıx rast gəlinir. Burdan belə bir fikir irəli sürmək olar ki, orta yaşlarda oruc praktikası ciddiyyətlə və ibadət məqsədilə, gənclər arasında isə oruc tutmaq daha çox maraq, sağlamlıq və ya yeni bir praktikanı kəşf etmək məqsədləri ilə həyata keçirilir.
Nəticə
Bu sorğudan hansı nəticələri çıxarmaq olar? Yuxarıda qeyd etdiyim ki, Azərbaycan reallığını tam əks etdirdiyini iddia etməməklə birlikdə, bu sorğu oruc ibadətinə həqiqətən də marağın çoxaldığını, 3 günlük bir sorğuda iştirak edənlərin təxminən 70 %-nin (bütün ay oruc tutanlar və qismən tutanlar) az-çox oruc ibadətini praktika etdiyini göstərir.
Daha çox gənclərin iştirak etdiyi və qızların üstünlük təşkil etdiyi sorğuda kişi respondentlərin oruc ibadətinə daha çox riayət etdikləri müşahidə olunur. Ayrıca, yaş qrupları baxımından gənclərin digər qruplara görə oruca daha az maraq göstərdikləri, orta yaş qruplarının isə Ramazan ayı orucuna daha çox əməl etdikləri məlum olur.
Əlbəttə ki, bu nəticələr ümumi mənzərəni tam, dəqiq və ətraflı əks etdirmədiyini bir daha vurğulamaq istəyirəm. Daha çox gənclərin, tələbələrin və ətrafımda rəyini soruşa bildiyim insanların orucla bağlı davranışlarını öyrənmək təşəbbüsünün nəticəsi olan bu sorğunu, oruc ibadətinə sosioloji baxışın forma və metodunu, orucun sadəcə bir ibadət və savab işi olmadığı, eyni zamanda sosioloji araşdırma predmeti olduğunu nümayiş etdirmək üçün həyata keçirmək istədim.
Sonda onu da qeyd edim ki, sosioloji bilgi ərsəyə gətirmək çətindir; empirik məlumat, müqayisə və dərin analiz tələb edir. Bu qısa sorğuda gördüyümüz kimi... Sosioloji bilgi spekulyasiya deyil: məlumat (data), müşahidə və tənqidi düşüncənin nəticəsində yaradılan bilgidir. Amma hər şeydən önəmlisi isə, sosioloji fikir tənqidə açıq və sınanması mümkün olan bilgidir.