“Quru bəyanatlar sülhə heç bir praktiki töhfə vermir”- İlyas Hüseynov- ÖZƏL
26 May 16:23 SiyasətDialoq-2025 forumunda Nikol Paşinyan Azərbaycanın "Qərbi Azərbaycan" anlayışına etiraz edərək, yeni müharibənin olmayacağını və sülh üçün konstitusiya dəyişikliklərinə hazır olduğunu, həmçinin Minsk qrupunun ləğvini dəstəklədiyini bildirib.
Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında quru bəyanatlar sülhə heç bir praktiki töhfə vermədiyini qeyd edib:
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və bu razılaşmadan sonra biz gördük ki, Bakı və İrəvan arasında siyasi dialoq yeni bir müstəviyə keçid edir. Bu da ritorikada, bəyanatlarda özünü aydın ifadə edir.
Albaniyada Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında cənab Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında da dialoq diqqət çəkirdi. Bu dialoqda səmimiyyət də var idi. Eyni zamanda Avropa Siyasi Birliyinin 2026-cı ildə İrəvanda, 2028-ci ildə isə Bakıda zirvə toplantısının keçirilməsi və bu mötəbər tədbirə bizim ev sahibliyi etməyimizdə Bakı və İrəvan bir-birinə qarşı çıxış etməmişdir.
Hesab edirəm ki, bu da sülh ilə bağlı keçilmiş böyük yola bir dəstəkdir. Ardınca Paşinyan bildirir ki, Minsk qrupunun ləğvi və eləcə də ATƏT-in institutlarının ləğv edilməsi, bununla yanaşı olaraq konstitusiyanın dəyişdirilməsi məsələsinə baxıla bilər. Əlbəttə, biz bu cür xoş, sülh yönümlü açıqlamaları Paşinyandan çox eşitmişik. İndi isə onların icra olunması zamanıdır. Zaman amansızdır, tez keçir. Bu vaxta qənaət edərək bölgədəki sülhü çox operativ şəkildə təmin etmək önəmlidir.
Quru bəyanatlar, əlbəttə ki, sülhə heç bir praktiki töhfə vermir və hesab edirəm ki, bu cür bəyanatlardan daha çox xeyirli işlər həyata keçirmək önəmlidir. Məsələn, burada Qərbi Azərbaycan mövzusuna və anlayışına Paşinyanın qarşı çıxması da başa düşülən deyil. Çünki biz beynəlxalq səviyyədə tanınmış hüquqlarımızın bərpa edilməsini və qərbi azərbaycanlıların öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını tələb edirik. Hesab edirəm ki, bu məsələlər də zaman keçdikcə öz həllini tapacaq".
Zeynəb Mustafazadə