Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə təhdid olan maddələr çıxarılmalıdır- ÖZƏL
28 May 13:13 SiyasətNəsib Məhəməliyev: "Paşinyan başa düşür ki, Prezident İlham Əliyev nə deyirsə onu da icra edir"
Milli Məclisin deputatı Nəsib Məhəməliyev regionda və dünyada baş verən proseslərlə bağlı "Olaylar"ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Nəsib müəllim, hazırda dünyada gedən siyasi proseslər fonunda Azərbaycanın beynəlxalq imicini necə dəyərləndirirsizniz? Yeni dünya düzənində ölkəmizin yeri və rolu nədən ibarətdir?
- Azərbaycan Sovetlər İttifaqının şinelindən çıxmış 15 respublikadan biri kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmırdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkənin tanınması üçün bir çox addımlar atıldı. Beynəlxalq təşkilatlara üzvlük, dünyanın aparıcı dövlətlərinə edilən səfərlər, transmilli şirkətlərin ölkəyə gətirilməsi öz bəhrəsini verməyə başladı. Azərbaycan iqtisadi cəhətdən inkişaf yoluna qədəm qoydu. Ancaq, torpaqlarımızın işğalı, Qarabağ problemini həll etməli olan böyük dövlətlərin ermənipərəst mövqeyi xalqımızda natamamlıq hissi yaradırdı.
44 günlük Vətən müharibəsi və ondan sonra baş verənlər tamamilə yeni reallıqlar yaratdı. Ölkənin beynəlxalq imici, ədəbi dillə ifadə etsək, birdən-birə yüksəklərə qalxdı. Böyüklü-kiçikli bütün ölkələr Azərbaycanla qalib ölkə, etibarlı tərəfdaş kimi davranmağa başladılar. Qardaş Türk Cümhuriyyətlərində özünəinam hissi artdı. Bu da Tü rk Dövlətləri Təşkilatının formalaşmasında əhəmiyyətli rol oynadı.
Azərbaycan yeni dünya nizamının, ələlxüsus, regional siyasətin formalaşmasında aktiv aktorlardan biridir. Şərqlə Qərbi, Şimalla Cənubi özündə birləşdirən ölkəmiz son dərəcə əhəmiyyətli nəqliyyat infrastrukturuna, logistika imkanlarına malikdir. Avropanın enerji təhlükəsizliyində, yaxın gələcəkdə isə yaşıl enerji təminatında ölkəmizin rolu getdikcə artmaqdadır.
Azərbaycan dünyada müxtəlif dini konfessiyaların azad fəaliyyət göstərdiyi, çoxsaylı millətlərin, etnik qrupların birgə yaşadlğı multikultural, tolerant dövlət olaraq tanınır. Eyni zamanda, Bakı şəhərində hər il keçirilən beynəlxalq forumlar, sammitlər, konfranslar, ölkəni siyasi dialoq platforması kimi məşhurlaşdırmışdır. Bütün bunlar, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı milli maraqlara söykənən, məqsədyönlü siyasətin nəticəsində baş verir.
- Artıq Azərbaycan beynəlxalq qlobal problemlərin çözüldüyü məkana çevrilib. Sizcə ölkəmzə olan bu etimad haradan qaynaqlanır?
- Vətən müharibəsindən sonra müxtəlif ölkələrdə keçirilən çoxsaylı ikitərəfli və çoxtərəfli görüşlərdə dünya liderləri tərəfindən Azərbaycan Prezidentinə olan münasibətlərə, onların ölkəmizə yönəlik çıxışlarına diqqət etdikdə, etimadın haradan qaynadığını görmək olur. Cənab İlham Əliyevin məşhur bir sözü var "Sözümüz imzamızdır".
- Yeri gəlmişkən dövlət başçısının sərəncamı ilə cari il Azərbaycanda "Konstitusiya və suverenlik" ili elan olunub. Bunun mahiyyətini necə dəyərləndirirziniz?
-Bu il Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 illiyidir. Bununla yanaşı, 2023-cü il sentyabr ayında 200 illik separatizmə son qoyuldu. Ona görə də, Prezidentin 2025-ci ilin, "Konstitusiya və Suverenlik" ili kimi qeyd olunması barədə sərəncamı cəmiyyətin bütün təbəqələri tərəfindən sevinclə qarşılandı. Hər iki termin tariximizin şərəfli səhifələridir və nəsildən nəsilə ötürülməlidir.
- Ermənistanın Baş naziri Nikol Paşinyanın "İrəvan Dialoqu" Beynəlxalq Forumunda konstitusiyaya dəyişikliklə bağlı aşıqlamasını necə dəyərləndirirsiniz?
-Paşinyan digər erməni siyasətçilərindən fərqli olaraq başa düşür ki, Azərbaycanın tələbləri haqqlıdır və Prezident İlham Əliyev nə deyirsə, onu da icra edir. Konstitusiyadan Azərbaycanın ərazi bütövlüyünə təhdid olan maddələr çıxarılmalıdır. Eyni zamanda, Ermənistan konstitusiya dəyişiklikıərinə getməsə, sülh müqaviləsi imzalanmayacaq. Bu da ölkəsi üçün təhlükədir.
- Bəs, Paşinyanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı fikirləri nəyə hesablanıb? Artıq Azərbaycan-Ermənistan münaqişəsi başa çatıb. Məntiqlə belə halda vasitəçilik missiyasını həyata keçirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna nə ehtiyac var?
- ATƏT-in Minsk qrupu, ötən əsrin 90-cı illərin əvvəllərində, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmışdı. Ötən müddət ərzində, funksional fəaliyyət göstərmədilər, yaxud göstərmək istəmədilər. Azərbaycan problemi təkbaşına həll etdi. Bunu hətta erməni tərəfi də etiraf edir. Deməli, Minsk qrupuna ehtiyac yoxdur, buraxılmalıdır.
-Anti-sülh siyasəti yürüdən Ermənistan silahlanmaqda davam edir. Ölkədə də revanşist qüvvələrin fəallaşması müşahidə olunur. Sizcə revanşist müharibə gəzləniləndirmi?
- Ermənistanın sürətlə silahlanması erməni cəmiyyətinin millətçi-daşnak kəsimində, erməni kilsəsində revanşist əhval-ruhiyyə regionda gərginliyin artacağı barədə düşünməyə əsas verir. Hələlik Ermənistan ordusu, dövləti Azərbaycanla baş- başa müharibə aparmaq üçün çox zəifdir. Lakin, xarici qüvvələrin, Ermənistana ənənəvi himayədarlıq edən, böyük dövlətlərin təsirini nəzərdən qaçırmaq olmaz. Bir məsələni də unutmamalıyıq; erməni xalqının əksər hissəsi 150 ildən bəri daşnak ideyaları ilə zəhərlənmişdir. Nə qədər ki, onlar var, müharibə təhlükəsi qalacaqdır. Hər an istənilən ssenariyə hazır olmalıyıq.
Alim Hüseynli