“Azərbaycan Ordusu Cənubi Qafqazdakı status-kvonu əhəmiyyətli dərəcədə dəyişdi”— ÖZƏL
29 May 17:06 SiyasətAvropa İttifaqı (Aİ) və Azərbaycan Brüsseldə keçirilən 6-cı təhlükəsizlik dialoqunda xarici siyasət, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Aİ həmçinin Azərbaycanın azad olunmuş ərazilərində bərpa işlərinə dəstək verməyə hazır olduğunu bildirib. Görüşdə Ermənistanla münasibətlərin normallaşdırılması da gündəmdə olub.
Aİ-Azərbaycan əməkdaşlığının dərinləşməsi və Aİ-nin azad olunmuş ərazilərə marağı regional güc balansına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki, "Biz bundan əvvəl dəfələrlə şahidi olmuşuq ki, Avropa İttifaqı Cənubi Qafqaz siyasətinə çox zaman antitürk, antiislam nöqteyi-nəzərindən yanaşır və burada sadəcə Gürcüstan və Ermənistanın maraqlarını nəzərə alan xarici siyasət xətti yeridirdi. Bəli, ola bilsin ki, bəzi məsələlərdə Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı təşviq edirdi və yaxud da Azərbaycan da bizim maraqlarımıza uyğun müəyyən addımlar atırdı, siyasət həyata keçirirdi. Amma ümumilikdə baxanda görürdük ki, Aİ-nin bu addımlarında balans siyasəti yox idi. Üstünlük bir çox məsələlərdə Ermənistana və Gürcüstana verilirdi və Azərbaycan həmişə ikili standartların qurbanı olurdu. Bu da qeyd etdiyimiz kimi, tamamilə tarixdən gələn antimüsəlman yanaşmaların bir növ XXI əsrə sıçramış davamı idi.Amma bu gün, şükürlər olsun ki, Azərbaycan Ordusu Cənubi Qafqazdakı status-kvonu əhəmiyyətli dərəcədə dəyişdi. Qarabağın işğaldan azad edilməsi Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi və bu regionun həyati əhəmiyyətli məsələlərində söz sahibi olan tək tərəf olduğunu göstərdi. Ermənistan da, Gürcüstan da müstəqil dövlətlərdir. Azərbaycan onların müstəqil dövlət olmaları ilə bağlı hər hansı bir əks fikrə sahib deyil. Amma bir reallıq da var ki, Cənubi Qafqazda əsas siyasi güc, iqtisadi güc və mədəni-kültür gücü Azərbaycandadır və bu regionda kimsə hansısa siyasət həyata keçirəcəksə, burada ədalətli və prinsipial bir mövqe sərgiləməlidir. Bu ədalət mexanizmi də bütün dövlətlərə eyni şəkildə şamil olunmalıdır. Heç də Avropa İttifaqının əvvəllər etdiyi kimi, belə deyək, Ermənistanın və Gürcüstanın Azərbaycandan üstün tutulması reallığı ilə davam etməməlidir.Bu gün Avropanın bu yanaşmasının dəyişməsinin tək səbəbi artıq onların da dəyişən geosiyasi reallıqlarda, yeni dünyanın qurulmasında, yeni dünya düzəninin formalaşmasında Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu, ən azından Cənubi Qafqazda nə qədər önəmli bir aktor olduğunu anlamalarından irəli gəlir. Onlar başa düşürlər ki, Rusiya və Çinlə strateji, ümumi, dünyəvi siyasətdə rəqabət fonunda Azərbaycansız Cənubi Qafqaz kimi önəmli bir regionda möhkəmlənə bilməzlər. Bu regionda öz maraqlarına uyğun bir siyasət formalaşdıra bilməzlər. Ona görə də indi onlar məhz bu xarici siyasət vektorlarını dəyişmək məcburiyyətində qaldılar.Bir növ Azərbaycanla siyasət və bu siyasətə yanaşmada da müəyyən dəyişikliklər seçilməkdədir. Bu isə davamlı olacaq. Bundan sonra Avropa dövlətləri istər yaşıl enerji məsələlərində, istər digər enerji təhlükəsizliyi məsələlərində və ən əsası formalaşmaqda olan yeni tranzit yollar siyasətində Azərbaycanla qarşılıqlı işləməyə və Azərbaycanın da fikirlərini önəmsəməyə davam edəcəklər. Bu isə hər iki tərəfə müsbət gələcək və müsbət nəticələr vəd edir.Ən əsası isə Cənubi Qafqazın siyasi həyatında və buradakı regional güc balansının dəyişməsində önəmli bir faktor olacaq. Əslində, güc balansı Qarabağ müharibəsindən sonra dəyişmişdi. Torpaq yolu ilə yaranan yeni status-kvo artıq formalaşmışdı. Sadəcə indi bu dəyişikliyi Avropa İttifaqı da atdığı və atacağı addımlarla bir növ qəbul etmiş olacaq. Beləcə, ən azı Avropa İttifaqının yanaşması baxımından Cənubi Qafqazın regional həyatındakı dəyişikliklər, güc dəyişimi və Azərbaycan-Türkiyə ittifaqının formalaşdırdığı yeni status-kvo bir rəsmiyyət qazanacaq. Yəni Avropa dövlətlərinin xarici siyasət baxımından bu, bir rəsmiyyət yükü qazanacaq.Bu da ümumi dünya siyasətinə təsir göstərəcəyi üçün bir növ artıq Azərbaycanın başlatdığı və yekun nəticəyə, yekun məqsədə çatdığı o regional dəyişiklik tamamilə həyata keçəcək və dünya dövlətləri tərəfindən də tanınmış olacaq."
Gülxanım Əliyeva