“Üçlü formatda əməkdaşlıq təhlükəsizliyin təməlini möhkəmləndirir” – Tofiq Abbasov- ÖZƏL

"Mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə üçtərəfli Zirvə görüşü keçirildi. Bu sammit çox vacib  hətta tarixi bir hadisədir və onun arxasında biz çox vacib məqamları görürük". Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında söyləyib:

"İlk növbədə hər üç ölkə, mən deyərdim ki, öz təhlükəsizliyini və ətrafındakı təhlükəsizliyi vacib sayaraq bu proseslərə rəvac verir və onlarla bağlı əməkdaşlıqda yüksək hazırlıq göstəricilərini nümayiş etdirir.
Azərbaycan əlbəttə ki, orta səviyyəli gücdür. Bu bir yenilik deyil, çünki biz həqiqətən də son illər ərzində ordumuzu xeyli gücləndirmişik və onun qarşısında duran bütün məsələlərin həllini ordu vasitəsilə tapırıq.
Türkiyə çox güclü məmləkətdir, Pakistan güclü məmləkətdir və bu üçlükdə biz görürük ki, ətrafımızda nə qədər risklər var və hansı qüvvələr o riskləri bir tərəfdən qoruyub saxlayır, digər tərəfdən isə çalışır bizi zəiflətsin.
Üç ölkənin qardaşlığı mən deyərdim ki, artıq beynəlxalq aləmdə bir əməli faktora, amilə çevrilir. Çünki həm Azərbaycanın üzərində risklər və qara buludlar var idi. Ermənistanı daim hazır edirlər ki, Azərbaycanla bağlı müharibələr olsun, istila baş versin, torpaqlarımız əldən getsin və s.
Bu yaxınlarda biz Hindistanla Pakistan arasında artıq gərginliyi gördük. Sonra Yunanıstan uzun müddət idi ki, Türkiyəyə qarşı hazırlıqlar görürdü və sirr deyil ki, əksər Qərb ölkələri, xüsusilə də Fransa, canfəşanlıqla Afinaya yönəlik dəstək göstərirdi ki, onun hərbi-sənaye kompleksi güclənsin, ordusu döyüş qabiliyyətini yüksəltsin və s.
Ona görə də bizim ayrı-ayrılıqda və ümumilikdə ortaq düşmənlərimiz var. Digər tərəfdən isə bədxahlarımız və hətta bizim güclənməyimizi istəməyən dövlətlər və mərkəzlər var. Ona görə də bütün bunlara cavab olaraq Bakı, Ankara və İslamabad ortaq bir mövqe ortaya qoydular və biz gördük ki, dünənki açıqlamalarda hər üçü bilavasitə təhlükəsizlik məsələlərinin vacibliyini vurğuladılar. Eyni zamanda real risklərin çoxşaxəli olduğunu qeyd etdilər və bildirdilər ki, əgər biz bu böyük arealda həmrəy şəkildə çalışsaq, əməkdaşlığımızı gücləndirmiş olarıq və təhlükəsizliyin təməl sütunlarını möhkəmləndirərik.
Bu, əlbəttə ki, sadə məsələ deyil. Sadə məsələ deyil, çünki biz görürük ki, üçlü formatda bizim ölkələr həm də hərbi sənayenin inkişafına, yeni silahların istehsalına nail olurlar. Digər tərəfdən, hərbi sahədə geniş imkanlar yaranır. Məsələn, pilotsuz uçuş aparatları sahəsində Türkiyə çox böyük irəliləyiş əldə edib. Hərbi təyyarələrin, qırıcıların istehsalında isə Pakistan böyük uğurlar əldə edib. Azərbaycanın isə artıq öz hərbi sənayesi var və bu kompleksin istehsal etdiyi silahları demək olar ki, 20-dən çox dövlətə artıq satırıq.
Bu o deməkdir ki, biz yüksək standartları istehsal prosesində artıq norma halına çevirə bilmişik və bu da deməkdir ki, üç ölkə arasında silah-sursat sahəsində qarşılıqlı mübadilə olacaq. Kim nəyi bacarırsa, onu istehsal edir və öz yaxın tərəfdaşı ilə bölüşür. Bu sirr deyil ki, dünyada silah-sursat bazarı çox sıxdır. Orada bəzi ölkələr var ki, onlar bəli, lider mövqelərini qoruyurlar. Buraya Fransa da daxildir, ABŞ da, Rusiya da və digər ölkələr də.
Amma onlara bel bağlayıb onlardan silah almaqdansa, ən yaxşı variant odur ki, bizim öz texnoloqlarımız, mühəndislərimiz və istehsal mütəxəssislərimiz bu proseslərin hamısını təmin etsinlər və biz üçlü şəkildə həm yeni silahların hazırlanmasını, həm də istehsalını təmin edə bilək. Düşünürəm ki, bu sammit özlüyündə bir sülh sammitidir. Amma yadımıza salsaq ki, hər üç lider öz çıxışlarında konkretliklərə də toxundular, bu bir daha xatırladır ki, həqiqətən sülh istəyirsənsə, müharibəyə də hazır olmalısan. Biz bunu xüsusilə öz təcrübəmizdə görmüşük, çünki mənfur düşmənimiz və qonşumuz Ermənistan məğlub olduqdan sonra belə, hərbi hazırlıqlardan geri qalmır.
Bəzi ölkələr artıq fitnə-fəsadla məşğul olaraq Ermənistanı yenidən yeni eskalasiyaya hazır edirlər və bildirirlər ki, guya Ermənistan bu yükün öhdəsindən gələ biləcək. Əlbəttə, onlar Ermənistanı aldadırlar. Ermənistan isə sanki belə aldanmağa meylli bir ab-hava içindədir.
Amma Ermənistanın ağlı olsa, o proseslərdən yayınar, Azərbaycanın və Türkiyənin təklif etdiyi inteqrasiyaya üstünlük verər, digər tərəfdən çalışar ki, təhlükəli planlardan uzaq olsun və bölgədə inteqrasiyaya qatılsın.
Hələ ki, bu baş vermir. Bu, bizim bölgəmizlə bağlıdır. Pakistanın özünün Hindistanla problemləri var, orada Çinlə yaxınlıq məsələsi var. Türkiyənin də Aralıq dənizi ilə, Suriya ilə, Şimali Afrika və Şimali Kiprlə bağlı problemləri var. Bütün bunlar bizi ciddi şəkildə inandırıb ki, biz hərbi-siyasi baxımdan hazırlıqlı və qüdrətli olmalıyıq. Bu qüdrəti isə birlikdə əldə edəcəyik".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31